`Hünərin var, yeni sayt üçün informasiya al`

`Hünərin var, yeni sayt üçün informasiya al`
  31 İyul 2013    Oxunub:3511
“Media forum” saytının suallarını gənc jurnalist, “AzVision.az” saytının əməkdaşı Sevinc İltifatqızı cavablandırır.
- Necə oldu jurnalistikaya gəldiniz?

- Uşaq vaxtı çox arzum olub, gah müəllim, gah həkim olmaq istəmişəm. Amma həmişə AzTV-də Ceyran Rəhimovanın aparıcılığı ilə yayımlanan “Sən bir nəğmə” verilişinə baxırdım və qızları başıma yığıb onu yamsılamağa çalışırdım. Özümə yalançı yaxa mikrofonu da düzəltmişdim.

2003-cü ildə ABŞ İraqa hücum edəndə Qənirə Paşayeva jurnalist kimi ora getmişdi. Hər gün onun hazırladığı materialları izləyirdim. Elə o vaxtdan məndə jurnalistikaya sevgi yarandı. Ekstremal şəraiti çox sevirdim. O illərdə ən böyük arzum ANS-də işləmək idi. Universitetə daxil olduqdan sonra mənim üçün ANS sevdası bitdi.

Tələbəlik illərində bir çox qəzetdə praktika keçsəm də, özümü qəzetdə görmürdüm. İndi anlayıram ki, mənim yerim elə saytdır. Çünki qəzetdə xəbərin operativliyi itir. Düzdür, müsahibələr, reportajlar olur, amma xəbərin yeri mənə görə başqadır.

Əvvəl “Modern.az” saytında işə başladım. Elşad Eyvazlı, Əfqan Qafarlı, Əziz Rzazadədən çox şey öyrəndim.

- Amma iş yerinizi dəyişib “AzVision.az” saytına getdiniz...

- Azərbaycanda ən yaxşı jurnalist məktəblərindən biri “Modern.az”dır. Jurnalistikada öyrəndiklərimi “Modern.az” kollektivinə borcluyam. Amma yeniliyi sevirəm. Bir yerdə çox qala bilmirəm. Sanki məni nəsə dartır ki, artıq bəsdir, getmək vaxtıdır. Elə bu cür bir vaxtımda “AzVision.az”dan təklif aldım. Çoxları mənə irad tutdu ki, yeni saytdır, ora getməyin məsləhət deyil. O vaxt məni həm bir telekanaldan, həm də tanınmış başqa bir saytdan işə çağırırdılar. Amma iş odur ki, sıfırdan başlayasan və saytı yüksəltməkdə köməklik edə biləsən. Məşhur bir yerdə işləmək asandır. Məsələn, hansısa dövlət qurumuna zəng edəndə birinci hansı mətbuat orqanından olduğunu soruşurlar. İllərdir fəaliyyətdə olan agentliyə, təbii ki, hər kəs məlumat verəcək. Amma hünərin var yeni yaranmış sayt üçün heç yerdə olmayan təzə informasiya al. Mən bunu seçdim, “AzVision.az”a gəldim.

- Jurnalistikanı necə seçdiyinizə qayıdaq...

- Özümü ancaq bu sahədə görürdüm. Universitetə hazırlaşanda bir kitabımın birinci səhifəsinə yazmışdım ki, “İnşallah, gələn il bu vaxt BDU-nun jurnalistika fakültəsində oxuyacam”. Sonra bu kitab əlimə düşəndə çox gülmüşdüm, öz iradəmə heyran qalmışdım.

2007-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil oldum. Universitetə ixtisas seçimi zamanı iki vərəqdə ixtisaslar yazmışdım. Biri ailəmin seçimi, digəri isə özümün idi. Mənim yazdığım vərəqdə ancaq jurnalistika fakültəsi var idi. Anam müəllim olmağımı istəyirdi. Deyirdi ki, qıza əlində mikrofon camaatın dalınca düşmək yaraşmaz. İxtisas seçimində öz yazdığım vərəqlə getdim. Cavablar çıxanda hər kəs məəttəl qalmışdı. Bircə atam dedi ki, Sevinc öz yerini tapdı.

- Ən çox nə çəkir sizi jurnalistikada?

- Mənim üçün hər şeydən öncə xəbər və xəbərin operativliyidir. Əlimdə olan xəbəri saytda yerləşdirənə qədər çox həyəcan keçirirəm. Xəbəri hamıdan qabaq yazmaq istəyirəm. Əlinə düşmüş yaxşı xəbəri hamıdan öncə vermək üçün həyəcan keçirmirsənsə, deməli, jurnalist deyilsən.

İş axşam saat 6-da bitir. Bəzən işdən saat 8-də çıxıram. Hər dəqiqə gözüm xəbər axtarır. Baxmıram gecə saat neçədir, təki xəbər olsun. Bizdə axşamlar növbətçilik var. Hətta növbətçi olmadığım günlərdə də gözüm yaxşı xəbər axtarır. Xəbəri yaşamağın ayrı ləzzəti var.

- Bəs jurnalistikada xanım olmaq nədir?

- “Qadın nədir, jurnalist nə?” düşüncəsini qəbul edə bilmirəm. Niyə qadından jurnalist olmaz? Atam həmişə deyirdi ki, Sevinc qız yox, oğlandır. Peşədə cins ayrılığını qəbul edə bilmərəm. Birdən anam deyir ki, mənim ən böyük peşmanlığım sənin jurnalist olmağındır, səhər tezdən evdən çıxıb gecə evə gəlmək olar? Məncə, bu yanaşma qəbul edilməməlidir. Yaxud iş üçün hansısa xarici ölkəyə getməli olanda, evdə nə qədər dil tökdükdən sonra icazə ala bilirsən.

Mən nişanlananda hamının ilk sualı işdən çıxmağımla bağlı olurdu. Başa düşmürəm, ailə qurmaq üçün işdən çıxmaq lazımdır? Deyirəm ki, məni belə görüblər, seviblər, qəbul ediblər. Nəyə görə işdən çıxmalıyam?

- Daha çox hansı janr və mövzuda yazmağı sevirsiniz?

- Daha çox informativ janrlarda yazmağı sevirəm. Təhsil, sosial problemlər mövzularını çox həvəslə işləyirəm.

- Gənc jurnalist olaraq Azərbaycan mətbuatının vəziyyəti haqda nə düşünürsünüz?

- Düşünürəm ki, bu sahədə təcrübəm çox azdır. Buna cavab verməyə haqqım yoxdur. Amma qalmaqal yaratmaqla, hər hansı bir məşhurun harada nə etdiyini xəbərə çevirməklə jurnalist olmaq olmaz.

- Bizim ölkədə jurnalist olmaq maraqlıdırmı, yoxsa çətin və təhlükəlidir?

- Maraqlıdır. Çünki jurnalistikanın özü çox maraqlı peşədir. Sadəcə, yaxşı araşdırmalar üçün şərait yoxdur... Təhlükəyə gəlincə, hərdən kiminsə marağına toxunursan, yazdığın xəbər xoşuna gəlmir, zəng vurub səni təhqir edir. Amma xəbər uğrunda dözməyə dəyər.

- Mətbuatda nəyi dəyişmək istəyərdiniz?

- Qamarlama jurnalistikasına əlac tapılsa, yaxşı olardı. Min bir əziyyətlə xəbəri tapıb yazırsan, heç iki dəqiqə keçməmiş başqa saytlar bunu öz xəbəri kimi verirlər. Əgər bu xəbər səndə varsa, niyə əvvəlcə vermirdin? Məncə, buna bir çarə tapılmağı yaxşı olar.

- Qazancınızdan razısınızmı?

- İnsan elədir ki, 100 manat alanda da az olur, 1000 manat alanda da. İlk qonorarım 50 manat olmuşdu və bu mənim üçün çox böyük pul idi. Bir ay evdən pul almadan 50 manatla dolana bilmişdim. Maaş nə qədər çoxalsa da, yenə də çox olmasını istəyirik. Əgər işini həqiqətən sevirsənsə, maaşın azlığı-çoxluğu o qədər də gözə görünmür.

- Bəyəndiyiniz imzalar hansılardır?

- Şahvələd Çobanoğlunun, Seymur Baycanın, Günel Mövludun, Aqşin Yeniseyin yazılarını həmişə oxuyuram. Gənclərdən Cavid Ramazanovun yazılarını çox bəyənirəm.

- Köşə yazırsınızmı?

- Heç vaxt yazmamışam. Gərək özünü buna hazır biləsən. Mən hələ ki, hazır deyiləm.

- Sizcə, Qərb mətbuatı ilə Azərbaycan mətbuatı arasında əsas fərqlər nədədir?

- Qərb standartlarını yeni-yeni öyrənirik. Sovet dövrünün qocaman jurnalistləri hələ də telekanallarda, qəzetlərdə hakimlik edirlər. Onların çoxu yenilikləri qəbul etmir. Məncə, mətbuatda, eləcə də telekanallarda gəncləşmə siyasəti aparılmalıdır. O zaman nəyəsə nail ola bilərik.










Teqlər:  





Xəbər lenti