Alman mediasını kim idarə edir? – ARAŞDIRMA

Alman mediasını kim idarə edir? – ARAŞDIRMA
  01 İyul 2016    Oxunub:6861
“Ölkəni idarə etmək üçün mənə `Bild` qəzetini verin"
(Gerhard Şröder, eks-kansler)


2012-ci ildə Azərbaycan "Avroviziya" mahnı yarışmasına ev sahibliyi edəndə Almaniya mediası ilk dəfə savaş açdı. 2015-ci ildə I Avropa Oyunları zamanı eyni hal təkrarlandı. Bu tendensiya 2016-cı ildə "Formula-1" yarışlarının Bakı qran-prisində də özünü göstərdi. Bu dəfə də Azərbaycana qarşı Qara PR aparan Almaniya mətbuatı, yəqin ki, qarşıdan gələn İslam oyunları, Dünya Şahmat Çempionatı, 2020-ci ildə Azərbaycanda baş tutacaq Avropa futbol çempionatında da eyni davranışı sərgiləyəcək.

Eyni hal alman mətbuatının Türkiyəyə, ələlxüsus Rəcəb Tayyib Ərdoğana yanaşmasında da müşahidə olunur. Məsələn, Türkiyədə Soma faciəsi baş verəndə alman qəzetləri Ərdoğanı topa tutdular. 2016-cı ildə alman komediyaçı tərəfindən Ərdoğan təhqir edildi və nəticədə dövlətlər arasında "Böhmermann diplomatik krizi" yarandı. Bununla da kifayətlənməyən Almaniya qəzet və junralları təkrar Ərdoğanı hədəf seçərək, onun ali təhsilində səhvlər axtarmağa başladılar, hətta Ərdoğanın qeyri-qanuni yollarla diplom aldığına dair iddialar yazmağa başladılar.

Heç şübhəsiz ki, istər alman jurnalları olsun, istərsə də qəzet və elektron xəbər portalları, bunların hamısının Azərbaycan və Türkiyəyə yanaşmasında mahiyyətcə eyni qaralama xətti tutduqları açıq-aşkar görünməkdədir.

Məsələn, eyni mövqeni alman mətbuatı Səudiyyə Ərəbistanı, Çin, İran, Rusiyaya qarşı da ortaya qoymalı olduğu halda, belə bir halda müşahidə olunmur. Axı, həmin ölkələrdə insan haqları və söz azadlığının pozulduğuna dair minlərlə fakt var. Əgər alman mətbuatı konstruktiv, ədalətli fəaliyyət göstərirsə, o zaman “ikili standart”lardan çıxış etməməlidir.

Alman mediası kimə xidmət edir?

Ərdoğana qarşı aparılan kampaniyada "Der Spiegel", "Westdeutsche Allgemeine Zeitung", "Frankfurter Allgemeine Zeitung" və demək olar ki, bütün nəşrlər eyni mərkəzin fikirlərini yazırdılar. Maraqlıdır ki, bu fakt 2016-cı ilin iyun ayında Bakıda keçirilən "Formula-1" yarışı ilə əlaqədar "Bild" nəşrinin anti-Azərbaycan məqalələrini digər qəzetlərin həvəslə tirajlamasını xatırladır. Sanki, hamısı bir mərkəzdən koordinasiya edilirlər.

Prezident İlham Əliyevin Almaniya səfəri uğurlu keçdi. Belə düşünmək olardı ki, artıq alman mediası Azərbaycana sataşmayacaq, ancaq bu belə olmadı. Yarışların keçirildiyi 3 gün ərzində alman mətbuatının istiqaməti tamamilə dəyişdi. Diqqətlə müşahidə etdikdə aşkar görmək olur ki, Alman mediası Azərbaycan əleyhinə eyni mərkəzdən tapşırıqlar alaraq, kampaniya xarakterli hərəkətə keçir.



Media ekspetlərinin fikrincə, alman mediası bütünlükdə nəzarət altındadır və dəqiq idarə olunur. Təkcə "Springer Nəşrləri"nin nəznində 180 qəzet, jurnal və digər media vasitələri var ki, həmin media maqnatının da ABŞ-la sıx bağlılığı hər kəsə məlumdur.

"Axel-Springer Qrupu" və "Kirch Qrupu"na məxsus "Bild", "Zeit Online", "Der Spiegel", "Die Welt" kimi qəzetlər ən çox Azərbaycan və Türkiyə əleyhinə məqalələr dərc etməklə seçilirlər.
Xüsusi məqamı mütləq qeyd edim ki, "Bild" dərgisi və "Die Welt" qəzetinin rəhbərləri işə düzələn jurnalistlərə ABŞ, İsrail və Almaniyanın əksinə xəbər hazırlamamaqla bağlı müqavilə imzalatdıqlarını etiraf ediblər.

"Frankfurter Allgemeine Zeitung" qəzetinin eks-redaktoru Udo Ulfkotte öz etiraflarında bildirir ki, CİA bir çox Qərb media mənsublarından istifadə edir və bunun qarşılığında rüşvət verir. "Gekaufte Journalisten" (Satılmış Jurnalistlər) kitabının müəllifi olan U.Ulfkotte yazır ki, alman mediasında bir çox jurnalist NATO və ABŞ tərəfindən xüsusi seçilir. Hətta müəllif CİA üçün çalışmış 100-ə yaxın alman jurnalistin adını bildiyini vurğulayır.

Ulfkotte yazır ki, “Əgər məni öldürsələr belə, CİA-in alman mediasını idarət etməsina dair bütün dəlilləri açacağam. ABŞ alman mətbuatında çalışan çox önəmli, istedadlı jurnalist, redaktor, yazar, analitik və media rəhbərlərini Almaniya xüsusi xidmət orqanı - BND və "German Marşall Fondu" vasitəsi ilə ələ keçirir. Həmin media işçilərinə o dərəcə geniş imkanlar yaradılır ki, onların CİA-ya çalışmamaq imkanı olmur. Bununla yanaşı, sözügedən jurnalistlər karyeralarında yüksəlirlər, həm də bir çox rəsmi səfərlər etmək, dövlət rəsmilərilə eyni təyyarədə uçmaq kimi imkanlara sabib olurlar. Əlbəttə, bu işdə ABŞ Almaniyadakı "Atlantic Bridge" təşkilatınının müstəsna fəaliyyətini unutmaq olmaz, ona görə ki, bu orqan sırf Amerikaçılıq uğurunda çalışan gənc kadrlar yetişdirərək, Almaniyanın alt və üst dövlət orqanlarına yerləşdirir”.

Ulfkotte Rusiyanın "RT" (Russia Today) telekanalına verdiyi müsahibəsində qeyd edir ki, Almaniya ABŞ hər mənada koloniyasıdır və buradakı bir çox gənc jurnalistlər Birləşmiş Ştatların dövlət maraqlarına uyğun yazmaqla məşğuldurlar.

Almaniyanın keçmiş İnnovasiya və Texnologiyalar naziri, həmçinin Almaniya Parlamentində mətbuata nəzarət komissiyasının rəhbəri kimi vəzifələrdə çalışmış Dr. Andreas fon Bülov bildirir ki, "Bild" nəşri vaxtıkən CİA-nin pulları ilə yaradılıb və hazırda da ABŞ xüsusi xidmət orqanlarına çalışmaqdadır.

Bu əsnada "Bild" nəşrinin davamlı olaraq Azərbaycanı qaralama kampaniyasını apardığını da vurğulamaq tam yerinə düşərdi.

"Söz azadlığı", "Azad media" kimi mövzuları əhatə edən "Politisch Unkorrekt" (Siyasi cəhətdən doğru olmayan) adlı kitabın müəllifi Yan van Helsinq yazır ki, Almaniyanın bütün media orqanları hazırkı siyasi partiyaların tamamilə nəzarətindədir və onların himayəsi altında işləyirlər.

Bütünlükdə adları çəkilən və çəkilməyən Almaniya media vasitələrinin böyük həcmi kənar dövlətin təsiri altında olduğu, eləcə də CİA kimi xüsusi xidmət orqanları tərəfindən idarə olunmasına aid kifayət qədər ciddi dəlillər var. Şübhəsiz ki, belə olduğu halda alman mətubatını kimin idarə etdiyi aydın olur.

Fərrux Həsənov
AzVision.azüçün


Teqlər:  





Xəbər lenti