5 dəfə yerini dəyişən şəhərimizdən REPORTAJ
Beləliklə, yola düşürük. Bəh-bəh, yol boyu kiminin uşağı ağlayır, kimi o başdan bu başa çörək, su ötürür, kimi tanış çıxır, kimlərsə də bizim kimi artıq tanışdırlar və başları əməlli-başlı söhbətə qarışıb. İki xanım bir yerə düşərsə, nələrdən danışmaz ki! Bax, beləcə vaxt keçib vədə yetişdi, gecə birin yarısı evimizə-eşiyimzə çatdıq. Sözünün əvvəli də, sonu da “qadan alaram” olan gəncəli qohumlar bizi qəşəngcə qarşıladılar, gecənin bir yarısı “kəlafur” yedizdirib, sonra da söhbətə tudular...
Gəncəli qohumum Hafizə xanımın: “ay qızlar, qadanızı alım, sizin firni soyuyur axı, di durun da” deməsilə yuxudan ayılırıq... Firnimizi yeyə- yeyə Hafizə xanımla gəncəlilərin yeməklərindən, sözlərindən, söhbətlərindən danışırıq. Məni təəcübləndirən isə o oldu ki, sən demə, bu şəhər əhalisinin elçilik, “hə” mərasimlərini firnisiz, südlü aşsız təsəvvür etmək mümkün deyil.
Gəncəlinin qonağı oldunsa, sən mütləq az da olsa, kökəlməlisən. Çünki mütləq səhəri firni ilə açıb, günortanı növbə-növ aş, toyuq çığırtması,dovğa ilə davam edəcəksən. Hələ gəncəlilərin menyusundakı, paxlavanı, çox sevdikləri qızılgül suyunu demirəm...
Həmkarım gəncəli olsa da, sanki doğma şəhərinə ilk dəfə gəlirmiş kimi idi. Ona görə də, qərara gəldik ki, şəhəri gəzib, tarixi-mədəni abidələrilə tanış olmaq üçün Gəncə Şəhər İcra Hakimiyyətindən kömək istəyək. İcra başçısı müavini Naqif Həmzəyevlə görüşüb, gəlişimizin məqsədini, məramını anlatdıq. Heç bir problem olmadan istədiyimiz şərait yaradıldı, bizimlə şəhəri gəzəcək bələdçi ilə də təmin olunduq...
İlk olaraq Gəncə Regional Elmi Mərkəzin direktor müavini Samir Pişnamazzadə ilə görüşdük. Onunla yeni Gəncənin yaranmasından tutmuş, şəhərin tarixi, milli mətbəxi, tanınmış şəxsləri, ən böyük döyüşlərin məhz bu şəhərdə baş verməsi barədə maraqlı söhbət etdik.
Samir bəy söhbətimiz əsnasında bildirdi ki, 5 dəfə yerini dəyişən hazırkı Gəncə 1606-cı ildə Şeyx Bahəddin Amunin memarlığı ilə salınıb. Şəhəri salmazdan öncə 1500-ə yaxın qoyun kəsdirib və bu heyvanların dərisini soydurduqdan sonra cəmdəklərini 100-200 metr məsafə saxlamaqla ağaca bağlayıb, 3 gün saxalayıb. Baxıb ki, hansı tərəfdəki ətin üzü gec qaysaqlanırsa, şəhəri o istiqamətdə salıb.
Direktor müavini hətta belə bir müqayisə də apardı:
- Bakıda istidən qaçmaq istəyəndə rayonlara getmək üçün minimum 3 saat yol qət edirsən . Amma Gəncə şəhəri çox maraqlı yerdə qrulub. 15 dəqiqəyə Hacıkəndə sərin olan yerə çatırsan, 15 dəqiqəyə isə Goranboy istiqamətində düşürsən istiyə.
Dünyada bəlkə də Gəncə qədər adı dəyişən şəhər olmayıb. Tarixi mənbələrdə göstərilir ki, şəhərin adı Yelizevetpol olanda çar Rusiyası tərəfindən qərar verilib ki, kim “Gəncə” sözünü işlətsə 3 manat cərimə olunacaq. Yerli əhali isə qəsdən çıxıb çölə 3 dəfə “Gəncə” sözünü deyib 9 manat cərimə ödəyirmiş.
Alimin sözlərinə görə, Gəncənin etnoqrafik zənginliyi onunla bağlıdır ki, şəhər məhəllələrə bölünür. Burada “Qazaxlar”, “Şahsevənlər”, “Mollacəlillər”, ”Qızılhacılı” adı məhəllələrə rast gəlmək olar. Bununla sanki Azərbaycanın bütün tayfaları, regionları bir şəhərə toplaşıb.
- Qurtuluş günü məhz Gəncə ilə bağldır. Heydər Əliyev o zaman demişdi ki, “mən gedim Gəncəyə baxım, görüm orada vəziyyət necədir, ondan sonra deyəcəyəm ki, hakimiyyətə gələcəyəm, yoxsa yox. Çünki Gəncə şəhəri həmişə paytaxt statusunu saxlayıb. Hətta ərəblərin bir atalar misalı var ki, “Şam hara, Küfə hara, Gəncə hara”. Və ya Nizami Gəncəvi deyib ki, Gəncə məni özünə bağlamasaydı, Bağdadın xəzinəsi mənim olardı”,- deyir Samir Pişnamazzadə.
Daha sonra isə Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Bəxtiyar Muradovun bələdçiliyilə Gəncə Dövlət Universitetinə baş çəkib, professor, əməkdar rəssam Şaiq Məmmədovun universitet daxilindəki, kiçik muzeyilə tanış olmaq şansını da qaçırmadıq...
Qızmar günəşin istisində səyahətimizi Gəncənin məşhur tarixi–memarlıq, dini abidəsi olan “Cümə məscidi” ilə tanış olmaqla davam etdiririk. Qeyd edim ki, məscid Şah Abbasın əmrilə 1606- cı ildə tkilib. Sovet hakimiyyəti dövründə müxtəlif məqsədlər üçün istifadə olunub. Hazırda isə məscid kimi fəaliyyətini davam etdirir. Hər il Məhərrəm ayı buarada xüsusi qeyd olunur.
Hazırda təmir olunan “Çökək hamam” məscidin lap yaxınlığında yerləşir. Vaxtilə hamamda müsəlmanlar pak olduqdan sonra məscidə gəlib namaz qılırlarmış. Təmir işləri davam etdiyindən, içəri daxil ola bilməsək də, Bəxtiyar müəllimdən öyrənirik ki, təmirdən sonra hamam tarixi-memarlıq abidəsi kimi istifadə olunacaq.
“Cavadxan” məqbərəsi isə özəl qruluşu ilə insanı özünə cəlb edir. Ümumiyyətlə, Gəncə şəhərinin bu hisəsi sanki, özəliklə yardılıb və bir muzeyi xatırladır. Belə qədim və tarixi abidələri olan bir şəhərdə yaşayan gəncəlilərə qibtə etməmək mümkün deyil.
Şəhərin elə həmin hissəsində Filormoniyanın yeni binasının tikintisi gedir. Əminəm ki, tikintidən sonra şəhərə gözəllik qatan binalardan biri də məhz bu olacaq. Ən çox diqqətimi çəkən isə gəncəlilərin “Tarqovı” adlandırdığı yerdir. Bu yer sanki Bakıdakı “Tarqovı” ilə qardaşdır...
“Hüseyin Cavid” küçəsindəki məhəlləni xüsusilə sevdim. Hər tərəf qırmızı kərpiclə tikilmiş evlərdən, divarlardan ibarətdir. Onu da qeyd edim ki, orada olduğum müddət ərazində birinci dəfə idi ki, sakit-səssiz bir küçəyə rast gəlirdim.
Yerli camaatın fəxrlə gələn qonaqlara göstərdikləri “butulka ev” də burada yerləşir. Əmək və müharibə veteranı olan rəhmətlik İbrahim Cəfərov müharibədə həlak olan qardaşının xatirəsinə bu evi tikib. Evin tikintisində 50 minə yaxın butulkadan, çay daşlarından, balıqqulaqlarından istifadə edilib. Hazırda binada İbrahim Cəfərovun oğlunun ailəsi yaşayır. Şərq və Gəncə memarlığına uyğun olaraq qırmızı kərpicdən istifadə olunub...
19-cu əsrin memarlıq abidəsi olan rus-provoslav kilsəsi isə Gəncənin dini baxımdan tolerant şəhərlərdən biri olmasına əyani sübutdur. Kilsə şəhərdə fəaliyyət göstərən həm yəhudi, həm də rus icmasına xidmət göstərir...
İstidən, maşınların səsindən qaçıb dincəlmək istəyən şəhərlilərin sığınacaqlarından bir də “Xan bağı” adlanan parkdır. Bu bağ sovet hakimiyyəti dövründə uzun müddət Leninin adını daşıyıb. İndi isə Cavad xanın şərəfinə “Xan bağı” adlanır. Eldar və küknar şamlarının xüsusilə üstünlük təşkil etdiyi bağa vaxtilə Qara Dəniz sahillərindən 3 mindən çox dekorativ kol bitkiləri, ağaclar gətirilib.
Onu da deyim ki, böyük, sərin, quşların cəh-cəhi altında insana xüsusi bir hüzur verən bu parkda insanlar çalışırlar ki, etik qaydalara əməl etsinlər. Məsələn, bir çox parklardan fərqli olaraq, burada öpüşən cütlüklərə rast gəlməzsiniz...
AXC milli hökumətinin 1918–ci ilin 16 sentyabrına kimi fəaliyyət göstərdiyi, hazırda isə Gəncə Dövlət Aqrar Universitetinin baş korpusu yerləşən bina isə əvvəlki əzəmətini yenə də qoruyub saxlayır. Bu möhtəşəm binanın akt zalında parlament öz iclaslarını keçirib. Gəncə əhli buranı müqəddəs yer hesab edir.
Gəncəyə gəlib də, Nizami Gəncəvinin məqbərəsi ilə tanış olmamaq günahdır...
Məqbərənin hündürlüyü 22,4 metrdir. En kəsiyi milli ornamentə uyğun olaraq 8 guşəlidir. Abidənin daxilində, onun lap aşağı hissəsində şairin sərdabası yerləşir. Layihənin müəllifi əməkdar arxitektor, Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü Fərman İmamquliyev, heykəltaraşı əməkdar rəssam Qorxmaz Sücəddinov, konstruktoru Ağakişi Qəhrəmanovdur...
Şəhərin qədim türbələrindən olan “Comərd Qəssab”ı da ziyarət etməyi özümüzə borc bildik. Comərd Qəssab 7-8 ci əsrlərdə Gəncədə “Əxilik- qardaşlıq” hərəkatının sədri olub. Yerli camaatın yaddaşına daim imkansızlara əl tutan və islam dinin qoruyucusu kimi həkk olub.
Sovet hakimiyyəti illərində onun qəbri beton piltələrin altında qalsa da, sonradan yenidən çıxarılıb. 2004-cü ildə isə Heydər Əliyev Fondunun dəstəyilə qəbr düzəldilib, möhtəşəm məqbərə ucaldılıb.
İmamzadə türbəsi müasir Gəncə şəhərindən 7 km. aralıda qədim Gəncənin xarabalıqları yaxınlığında, Gəncə çayının sağ sahilində yerləşir. İmamzadə, yaxud Göy İmam - şiələrin V imamı Məhəmməd Bağırın oğlu İbrahimin dəfn olunduğu yerə deyilir. Hazırda türbədə böyük tikinti işləri gedir ...
Xeyli gəzintidən, abidələrlə tanışlıqdan sonra icra başçısı Elmar Vəliyevlə də görüşmək şansımız oldu. Bizi qəbul edən icra başçısı ilə görüşümüz zamanı şəhərlə bağlı təssüratlarımızı, fikirlərimizi bölüşdük...
Axşamın sərinində isə icra hakimiyyəti qarşısındakı parkda əyləşib, gün ərzində gəzdiyin, gördüyün yeləri, insanları müzakirə etməyin ayrı bir ləzzəti var.
Müşahidələrim əsasında onu da deyim ki, Gəncənin sakinləri səliqəli, sadə və dəbə uyğun geyimlərilə fərqlənirlər. Bakıda gördüyünüz bir çox brend mallar satan tanınmış mağaza şəbəkələrini burada da görmək olar. Bir sözlə, Gəncə bizə qədimliyi qədər də müasir, Bakıdan geri qalmayan bir şəhər təəssüratı bağışladı.
Buranın istənilən yerində qırmızı kərpicli, gözəl quruluşlu binalara rast gələ bilərsiniz. Amma yeni tikililər də az deyil. Sadəcə, paytaxtdan fərqli olaraq, burada yeni tikilən binalar şəhərin görüntüsünü korlamağa xidmət etmir...
...Budur, artıq səsli- küylü, qaynar şəhəri tərk edib, Bakıya yollanırıq.
Yol boyu bir situasiya - Gəncədə şəhərdaxili avtobusa mindiyimiz zaman sürücünün əlində ləyən olan yaşlı nənəyə məzəli şəkildə “Sənin qadanı alım, ay nənə, bir az o yana dur, camaat deyəjək, ləyəninin şirəsi töküləjəy axı” deməsi heç yadımdan çıxmır...
PS. Reportajın hazırlanmasında bizə yaratdığı şəraitə görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun müavini Naqif Həmzəyevə təşəkkürümüzü bildiririk.
Şahanə RƏHİMLİ
Günəş FƏRHADLI