Bu gün İlaxır çərşənbədir

Bu gün İlaxır çərşənbədir
  15 Mart 2016    Oxunub:3495
Bu gün ilaxır çərşənbəsidir. Ardıcıl olaraq gələn Su, Od və Yel çərşənbələrindən sonra Azərbaycan xalqı sonuncu - Torpaq çərşənbəsini qeyd edir.
Axır çərşənbə ölkəmizdə hər il olduğu kimi, bu il də təntənəli qeyd olunur. Bu əziz gün ilə bağlı paytaxtda da bir sıra tədbirlər keçirilir.

Torpaq çərşənbəsində halal zəhmətə çağırış, torpağa məhəbbət vardır. Bu çərşənbədə təbiət qış yuxusundan oyanır, torpağın donu açılır, insanların ovqatı təzələnir. Əslində elə Novruzun özü, torpağın oyanması yeni əkin mövsümünün başlanması ilə səciyyəvidir. Torpaq bütün canlılara həyat verir və uca Allahın yaratdıqlarının hamısı, o cümlədən insanlar onun qoynuna sığınırlar.

Torpaq çərşənbəsi Novruz bayramının ayin və mərasimləri ilə də zəngindir. Həmin gün hələ Su çərşənbəsində islağa qoyulmuş buğdadan boy atmış səməni bayram süfrəmizin ən əziz qonağına çevrilir. Hamı sonuncu çərşənbə süfrəsinə xüsusi hazırlıq görür, onun daha zəngin olmasına çalışır. Əvvəlcədən ev-eşik təmizlənir, xüsusi bayram tədarükü görülür. Yumurta boyanır, qovurğa qovurulur, plov süzülür, şirniyyat bişirilir. Adətə görə, bu naz-nemətin arasında adı “s” hərfi ilə başlanan yeddi cür nemət mütləq olmalıdır. Axı, 7 rəqəmi uğur rəmzidir. Çərşənbə süfrələrini isə milli xörək və şirniyyatlarımız bəzəyir. Şəkərbura, paxlava, qoğal, rəngli yumurtalar, şorqoğalı. Bütün bunlar qədim təsəvvürlərlə bağlıdır.

Şəkərbura 15 günlük ayın, paxlava ulduzların, şorqoğalı isə günəşin rəmzidir. Bayram axşamı süfrəyə daha çox şirin nemətlər qoyulmalıdır.

İlaxır çərşənbə xalqımız üçün çox əzizdir. Həmin gün küsülülər barışır, hamı təzə paltar geyinməyə, qulaq falına çıxanları düşünüb xoş sözlər deməyə çalışır. İnanclara görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Həmin axşam yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, “ağırlığım-uğurluğum odlara tökülsün” deyər, hamı bir-birinə bütün pisliklərin odda yanmasını arzulayar.

Xalqımızın gözəl adət-ənənələrini özündə yaşadan ilaxır çərşənbəniz mübarək olsun!

AzVision.az



Teqlər:  





Xəbər lenti