Azərbaycanda yaşa görə əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb.
Azərbaycanda MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb. Bu məqsədlə keçirilən xüsusi təqdimat mərasimində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov bildirib ki, müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda əksini tapmış mühüm vəzifələrdəndir.S.Müslümov vurğulayıb ki, pensiya təyinatının avtomatlaşdırılması kimi mühüm prosesə başlanılması sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu,sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması,DSMF-nin serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. Ötən dövr ərzində DSMF-nın www.dsmf.gov.az ünvanlı internet səhifəsindətəkmil müştəri xidmətləri sistemi yaradılıb. İstənilən vətəndaş bura daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Bu gündən etibarən isə pensiyaların avtomatlaşmış qaydada təyinatına başlanılır. DSMF-də bu məqsədlə xüsusi “Çağrı Mərkəzi” (190-0) yaradılıb. Pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən bu nömrəyə zəng vurub,şəxsiyyət vəsiqəsinin nömrəsi barədə məlumat verməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdıra bilər. Zəng vuran vətəndaşdan tələb olunan məlumatlar isə yalnızşəxsiyyət vəsiqəsinin nömrəsidir. Bu məlumat dərhal sistemə daxil ediləcək, təsdiqləndiyi halda Fondun fərdi məlumatlar bazasına inteqrə edilərək avtomatlaşdırılımış qaydada əmək pensiyası təyinatı aparılacaq və vətəndaşa ona təyin olunan pensiyanın məbləği bildiriləcəkdir. Eyni zamanda, zəng edən şəxsə öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının (şöbəsinin) ünvanıda çatdırılacaqdır. Fondun sədri bildirib ki, bu proses ümumilikdə bir neçə dəqiqəyə başa çatacaq: “Avtomatlaşdırılmış pensiya təyinatı ilkin olaraq yaşa görə əmək pensiyası növü üzrə aparılacaq. Əlilliyə və ailə başçısını itirməyə görə əmək pensiyalarının təyinatının avtomatlaşmış qaydada aparılması isə digər müvafiq dövlət qurumlarında qeyd olunan təyinatlarla bağlı zəruri informasiyaları özündə əks etdirən elektron xidmətlərin yaradılmasından sonra mümkün olacaq”.
S.Müslümov vurğulayıb ki, bu islahat tədbiri sistemdə şəffaflığın daha daartmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunu son dərəcə azaldılmasına gətirib çıxaracaqdır: “Buna görə də vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. O cümlədən ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir”.
Tədbirdə avtomatlaşmış pensiya təyinatının aparılması prosesi əyani şəkildə nümayiş etdirilib. Ayrı-ayrı rayonlardan 190-0 çagrı mərkəzinə zəng vuran vətəndaşlara avtomatlaşmış qaydada pensiya təyinatı aparılıb.