Əflatun Amaşov: `Əvəz Zeynallı jurnalist kimi həbs olunsaydı...`
AzVision.az xəbər verir ki, bu fikirləri Mətbuat şurasının sədri Əflatun Amaşov deyib: “Vətəndaşlar ölkədə baş verən olaylarla operativ olaraq məlumatlandırılır, eyni zamanda fikrini ictimaiyyətə çatdırmaq üçün KİV tapa bilir. Buna əsasən də deyə bilərik ki, Azərbaycanda azad mətbuat meyarları mövcuddur”.
Şura sədri həbsdə olan bütün jurnalistlərlə bağlı mütəmadi olaraq araşdırma apardıqlarını, onların fəaliyyətini müəyyənləşdirdiklərini deyib: “Biz birmənalı olaraq Diffamasiya haqqında qanunun qəbul edilməsinin tərəfdarıyıq. İstəyirik ki, heç bir jurnalist yazısına görə həbs edilməsin. Əvəz Zeynallı ilə bağlı məsələyə Mətbuat Şurasında baxılmalıdır. Onunla bağlı Mətbuat Şurasına müəyən şikayətlər olmuşdu. Həmin qəzetdə peşə-davranış qaydaları pozulmuşdu. Bununla bağlı biz də müəyyən qərar qəbul etmişdik. Amma Əvəz Zeynallının həbsdə olması sırf jurnalist fəaliyyəti ilə bağlı olsaydı, o indi azadlıqda olardı”.
Ə.Amaşov 27 media maqnatının özəl şirkət hesabına xaricdə istirahət etməsinin mediaya olan inama təsirinə də münasibət bildirdi: “İnsanlar birmənalı şəkildə nəyəsə inana bilər. Onu hər an inamdan döndərmək olmaz. Bir insan müstəqildirsə, nə qədər kənardan müdaxilə olunsa da, onun KİV-i müstəqilliyini itirə bilməz. Müstəqilliyə meylli olmayanlar isə itirə bilər”.
Fatimə KƏRİMLİ