Azərbaycanlı rəssamın Macarıstanda sərgisi olub

Azərbaycanlı rəssamın Macarıstanda sərgisi olub
  11 İyul 2013    Oxunub:1508
İyulun 9-da Budapeştin Ybl Sarayında Çingiz Mehbaliyevin ən son rəsmlərindən ibarət “Həyatınızı rəngləyərək” adlı sərgisi ziyarətçilərə açıq elan olunub.
AzVision.az xəbər verir ki, sərginin açılış mərasimində Azərbaycan Respublikasının Macarıstandakı Səfiri Cənab Vilayət Quliyev, Macarıstan Milli Assambleyasının (Parlamentinin), eyni zamanda Macarıstan-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü cənab Tamaş Hegedüş açılış nitqi ilə çıxış ediblər. Cənab Səfir V. Quliyev sərgidə istedadlı rəssam Çingiz Mehbaliyevin rəsmlərindən aldığı təəssüratlarını sərgiyə toplaşanlarla bölüşmüş, bu cür mədəni tədbirlərin keçirilməsinin müasir Azərbaycan mədəniyyətinin tanıdılmasındakı xüsusi rolunu qeyd edib. Macarıstan Milli Assambleyasının üzvü Cənab T. Hegedüş Azərbaycan mədəniyyəti və istedadlı rəssam haqqında fikirlərini bildirərək Azərbaycan və Macarıstan arasında getdikcə genişlənən ictimai və mədəni əlaqələrdən məmnunluq keçirdiyini qeyd edib.

Sərgidə, həmçinin, Azərbaycandakı Macarıstan Ticarət Evinin rəhbəri Ceyhun Abdullayev, Macarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Svetlana Abdullayeva, Macarıstan-Azərbaycan Gənclər Təşkilatının təsisçiləri və üzvləri, Macarıstanın ictimai xadimləri, aparacı siyasi partiyalarının gənclər təşkilatlarının liderləri, eləcə də yerli və əcnəbi iş adamları və digər şəxslər iştirak ediblər.

Sərgi zamanı Çingiz Mehbaliyev yaradıcılığı barədə Macar mətbuatının suallarını cavablandırıb.

Mərasimin sonunda cənab səfir V. Quliyev, Macarıstan Milli Assambleyasının üzvü cənab T. Hegedüş və digər qonaqlar sərginin qonaq kitabına öz ürək sözlərini və rəssamın əsərlərindən aldıqları təəssüratları yazıblar.

İyulun 13-nə kimi ziyarətçilərə açıq olacaq sərgidə rəssamın 30-a qədər rəngkarlıq və qrafika işləri nümayiş etdiriləcək.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti