Cəhənnəmdə bitən çiçəkləri anarkən...

Cəhənnəmdə bitən çiçəkləri anarkən...
  05 İyul 2013    Oxunub:1646


Cavidan

Əsl istedad heç vaxt, heç yerdə zamana və məkana sığmır.Zamanına və məkanına sığmayacaq istedadı və davranışı ilə cəhənnəmdə bitən çiçəyi xatırladacaq qədər çətin taleyi olan qadınlar barəsindədir bu yazı.
Məsələn, Məhsətini xatırlayaq.
Məhsətinin qeyri-adi dünyagörüşü və ilahiyyatçı baxışları olan atasından əxz etdiyi zəngin daxili aləminə anasından aldığı zahiri gözəllik də əlavə olunmuşdu və artıq yeniyetmə bir qızkən həm savadı, həm nitq qabiliyyəti, həm də gözəlliyi ilə ətrafındakı insanların diqqətini özünə çəkməyə başlamışdı. Ondan artıq bilənlər və onun qədər olanlar ona heyranlıqla baxır, ondan az olanlarsa hədyan və həsəd içində çabalayırdılar. Hətta rəfiqələri içində də onu sevənlər və sevməyənlər vardı. Anası onun taleyi üçün çox narahat idi, atası isə olduqca loyal yanaşırdı, qızının istedadının və güclü ruhunun heyranı idi, yeganə təəssüf etdiyi məqam – övladının məhz qız doğulmasıydı.

Zira Qoca Şərq onsuz da öz şairlərinə qarşı amansız ikən, bu şair hələ bir qadın olarsa, başının nələr çəkə biləcəyini azacıq da olsa, təsəvvür edirdi.
Və Məhsətinin atası qızının fitri istedadını görərək, ona Quran dərslərindən sonra rəqsi, ədəbiyyatı, musiqi alətlərində ifa etməyi, şahmatı, hətta muğamın sirlərini öyrədən müəllimlər tutur və Məhsəti bütün iç dünyası ilə tam bir əks olaraq dayanmalı olur içində doğlulub yaşadığı Şərq dünyasına.

Nə düşünür onun barəsində atası?
“Onu özümdən sonra yaşayacağı həyata hazırlamaq üçün əlimdən gələni edəcəyəm. Çünki, əgər taleyində şairlik varsa, mən ona yardım etsəm də, Söz əhli olacaq, yardım etməsəm də. Amma, anla məni, ona yardım etməyim, onun ruhunun, ürəyinin daha güclü olması xatirinə ruhumdan, ürəyimdən keçməyim, onun məndən sonrakı həyatında yardımçısı olmazmı? Alacağı biliklər, yiyələnəcəyi sənətlər o zaman yanında dörd mühafiz kimi keşik çəkəcək. Amma indidən özümü kənara çəksəm, Allahın ayrıdığı yükə qarşı çıxsam, bir qız şair ola bilməz, olmamalıdır deyib qüruruma qısılsam, onu ən adi qız uşaqları kimi ərə getməkdən ötrü bəsləyib böyütsəm, bir gün, o dərvişin dediyi zaman, yəni, mənim olmayacağım bir gündə, qızım özünün həyatını yaşamağa başladıqda içindəki şairliyi məhvə aparmazmı onu? Elmsiz, biliksiz, gücsüz şairlik gülünc bir halda saxlamazmı övladımı? O, gözəl ola bilər, amma içi boş gözəllik ancaq kənizliyə yarayacaq, əldən-ələ düşməyə gətirər, mənsə qızımın ən azından şahlar və sultanlar, şairlər və üləmalar qarşısında Sözü ilə güclü olmasını, əyləncə deyil də irfan və idrak daşıyıcısı olmasını daha üstün tuturam”.

***

Bu yaxınlarda on beş yaşlı bir qızın, özünün şeir yazmaq istəyinin qurbanı olduğunu eşitdim də, bunları düşündüm.

Atasız böyütdüyü qızının öz yaşıdları kimi bəzək-düzəyə, cehiz alıb yığmağa deyil, kitab-qəzet tikəsi belə görsə, qaldırıb oxumağa meylli olduğunu və tez-tez xəlvətə çəkilib, dəftərlərə nələrsə yazdığını görən ana bir gün bunların şeir olduğunu aşkar edir və ilk işi bunu öz oğlu ilə bölüşmək olur. Oğlan, günü odnoklassnikdə qız tutmaqla, qız adıyla girib, oğlan dostlarını ələ salmaqla keçən tipik cavanlarımızdandır və təbii ki, reaksiyası belə olur – bacısını təhqir eləyib döymək, məktəbə getməyi belə qadağan etmək, bir də...yazdığı şeirləri yandırmaq...

Uzun zaman davam edən mənəvi sarsıntılara tab gətirməyən qız, bir gün evdən qaçır və yalnız yaxşı insanlara rast gəldiyi üçün sağ-salamat qalıb, günlər sonra anasına təhvil verilir. Öz evlərində yaşaması həyatı üçün təhlükəli olduğuna görə, qohumlarının himayəsində qalır bir müddət. Sonra isə ara sakitləşincə ailəsinə dönür.

İndi o qız məktəbdən, şeirdən, kitablardan və üstəlik də, bundan sonra normal bir ailə həyatı qura bilmək şansından məhrum vəziyyətdə, özünə qapılmış qapalı bir həyat sürür.
Kimsənin qarışmağa, soruşmağa ixtiyarı yoxdur – zira, cənab mentalitet imkan vermir!

***

O ana, bir üzü qız, bir üzü gəlin olaraq yaşayan və özünü uşaqları üçün oda-közə vurub, balaları üçün həyatını qurban verən saf bir qadındır əslində.

Tək arzusu – övladını təmiz ailə xanımı, övlad anası görməkdir.
Şairlik isə, onun qızını bütün bunlardan məhrum edə biləcək yoldur deyə, inanır.
Qınaya da bilmirəm.

İstedadı olmayan qızlarına dağ kimi arxa dayanıb, ədəbiyyatın olan-olmaz bütün yerlərini tutduran atalar var – bu iş qadın üçün bir qədər arxa və para istər bizlərdə, danmayaq.

İstedadı olub, arzularıyla imkanları bir araya heç cür gələ bilməyən qızlar və onların qarşısında dağ olub dayanan, arxası və parası ailədən yoxdursa, mütləq kənardan və pis təmənna ilə gələcək deyə, inanaraq, övladının ruhunu sıxmağa-boğmağa məcbur olan atalar var bir də...
Amma sıxılmış ruh üsyana məhkum!

Şairlik üçün olmasa belə, mütləq bir başqa nəsnə üçün etirazı olacaq.
Bax, o zaman darmadağın olur belə qızların həyatlarındakı düzən.
Çox dəhşətli mövzudur bu, yazmaqla, müzakirə etməklə bitmək bilməz Şərq qadını üçün.

Bəlkə sadəcə, atalara, analara demək lazımdı:
Nolar, qızlarınızda ədəbiyyata meyl və üstəlik də istedad görsəniz, onu sıxmayın, əksinə, onun yanında dayanın, bu yolda yoldaşı olun, ədəbiyyatın qurbanlarından deyil, quranlarından ola bilsin deyə, istedadını elmlə, zəhmətlə cilalamasına yardım edin.
Həyatlarını qırmayın ki, pis nümunə olmasınlar onlardan sonra yazmaq eşqinə düşənlər üçün.
Cəhənnəm etməyin çiçək kimi bitdikləri yeri onlara...

Qeyd: Yazı üçün “Məhsəti” romanından istifadə olunub.


Teqlər:  





Xəbər lenti