Azərbaycanda bu il nələr oldu? - Mühüm hadisələr

Azərbaycanda bu il nələr oldu?  - Mühüm hadisələr
  17 Dekabr 2015    Oxunub:4478
2015- ci il Azərbaycanın iqtisadi, siyasi, sosial həyatında baş vermiş bir sıra mühüm hadisələrlə yadda qalıb. Haradan başlayacağımı bilmirəm, bir neçə ilə sığdıra bilməyəcəyimiz bütün olaylar bu ilə təsadüf etdi. Ard-arda ölkədə baş verən yanğınlar dekabrda Günəşli” yatağındakı dəhşətlə sona çatdı. Ölkənin ən böyük hadisələrindən hesab olunan devalvasiya təkcə Cahangir Hacıyevi deyil, eks MTN şefi Eldar Mahmudovu, daha sonra Əli Abbasovu da bitirdi.
Bu ilin ən xoş hadisələrindən biri isə ilk Avropa Oyunlarının Bakıda keçirilməsi idi.

AzVision.az xəbər verir ki, “Qafqazinfo” ilin başa çatmasını nəzərə alaraq, sözügedən sahələrdə baş vermiş ən mühüm hadisələri oxucuların nəzərinə bir daha çatdırır.

5 fevral

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi

21 fevral

Bu tarixdə yaddaşlarda “şənbə vahiməsi” kimi qalan manatın devalvasiya hadisəsi baş verdi. Azərbaycan xalqı devalvasiya sözünün mahiyyəti ilə ilk bu gün də tanış oldu. Milli valyutamız dollar qarşısında birdən-birə 35 faiz dəyər itirdi. 1 dollar 1.05 həddinə çatdırıldı.



Təbii ki, bu hadisəni doğuran səbəb isə ilin əvvəllərindən etibarən neftin dünya bazarında qiymətinin tədricən düşməsi ilə bağlı idi Azərbaycanın iqtisadi həyatına mənfi təsir göstərən faktor məhz bununla bağlı idi. 2014-cu ildə “AzerLight” markalı neftin 1 bareli 114-110 dollara satılırdısa, indi 2015-ci ilin sonlarına yaxın bu rəqəm 37 dollardır.

19 mart

Azərbaycanın ən tanınmış və təcrübəli bankiri olan Beynəlxalq bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev gözlənilməz halda istefa verdi. O, 1995- ci ildən bu bankda işləməyə başlamışdı. 2011- ci ildən 2015- ci ilin martın 19- nə qədər bankın İdarə Heyətinin sədri vəzifəsində çalışıb.Dünyanın məşhur Forbes jurnalında dərc olunan məqalələrin birində C. Hacıyevi etimad göstərilən və islahatlar üzrə lider adlandırmışdılar və sözügedən istefadan sonra bir sıra media orqanları onun daha yüksək posta Mərkəzi Bankın rəhbərliyinə gətiriləcəyini iddia edirdilər.

10 Aprel

Cəmiyyət ilk dəfə bu tarixdə penoplastların nə qədər təhlükəli olduğunu gördü. Belə ki, Xətai rayonu Zığ şossesində 9 mərtəbəli binada penoplastların alışması nəticəsində güclü yanğın baş verdi. Nəticədə binaya kütləvi zərər dəydi, sakinlər binadan çıxarıldı. Uzun müddətli təmir prosesindən sonra onlar öz evlərinə qayıda bildilər.

Mayın əvvəlləri

Beynəlxalq Bankdan milyardlarla manat vəsaitin kreditlər yolu ilə mənimsənilməsi işi üzrə kütləvi həbslər prosesinə start verildi



16 may

Məhz devalvasiyadan sonra banka dollarla borcu olan vətəndaşlar bu tarixdə Konstitusiya Məhkəməsinin onların xeyrinə qərar çıxarmadığının şahidi oldular. Belə desək, 3 aydan sonra verilən qərar gözləyənləri məyus etdi. Dollar kreditləri günün məzənnnəsi ilə qaytarılmalıdır.

19 May

Bu dəhşətli gün isə uzun illər yaddaşlardan silinməyəcək. Yenə də penoplast səbəbindən Binəqədidə 16 mərtəbəli binada güclü yanğın baş vermişdi. Bu isə penoplast səbəbindən ölümlə nəticələnən ilk hadisə idi.Yanğında 14 nəfər həlak olub, 54 nəfər isə xəsarət alıb. Məhz bu hadisədən sonra paytaxtda penoplast örtüklü binaların üzlüklərinin sökülməsinə start verildi.



12-18 iyun

Bakı ilk dəfə ən böyük yarışa ev sahiblik həyəcanını yaşamış oldu. Birinci Avropa Oyunları da 2015-ci ilə təsadüf etdi və həmin günlər ölkəmiz dünya gündəmində idi.



10 sentyabr

Avropa Parlamentinin Azərbaycana qarşı insan haqlarının pozulmasına dair qəbul etdiyi qətnamə sərt reaksiyalara səbəb oldu. Azərbaycan Avronest Parlament Assambleyasında fəaliyyətini dayandırdı.

17 oktyabr

Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun işdən çıxarılması isə ilin ən qalmaqallı kadr islahatı hadisəsidir. Məhz nazirin işdən çıxarılmasında sonra MTN ətrafında baş verən proseslər mətbuatın gündəmindəndən uzun müddət düşmədi. E. Mahmudov bu sahəyə 2004- cü ildən rəhbərlik edirdi. O, Azərbayacanın ən alçatmaz naziri idi.



1 noyabr

V çağırış Milli Məclisə seçkilər baş tutdu.

12 noyabr

MTN olayları ətrafında baş verən proseslərə görə, Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov işdən çıxarıldı. Ə. Abbasov da bu sahəyə 2004- cü ildən rəhbərlik edirdi.



16 noyabr

Azərbaycanı beş saat internetsiz qoyan hadisə isə bu tarixdə baş verdi. Azərbaycanın əsas internet provayderi olan “Delta Telecom” da baş verən yanğının da MTN hadisələri ilə bağlı olduğu açıqlandı.

17 noyabr

Sülh və Demokratiya İnstitutunun əməkdaşı Arif Yunus həbsdən çıxdı. O 2014- cü ilin avqustun 5-də həbs edilmişdi.

26 noyabr

Bir neçə həftə gündəmdən düşməyən Nardaran hadisələrinin baş verdiyi tarix. Həmin gün bir qrup dindarla polis arasında ölümlə nəticələnən qanlı olay baş verdi. Nəticədə ikisi polis olmaqla, 6 nəfər dünyasını dəyişdi.



4 dekabr

“Günəşli” yatağında qaz sızması nəticəsində baş verən yanğın ilin sonuna doğru ən acı tarix kimi yadda qalacaq. Platformada olan 63 nəfərdən 26 nəfərinn cəsədi bu günə qədər hələ də tapılmayıb. 7 nəfər isə dəfn olunub. 33 nəfər neftçi isə xilas edilib.



5 dekabr

Cahangir Hacıyev həbs edildi.



9 dekabr

Sülh və Demokartiya İnstitunun direktoru Leyla Yunus həbsdən azad edildi. Xatırladaq ki, L. Yunus 2014- cü il iyulun 30-da həbs edilmişdi

14 dekabr



Bu tarixdə isə mühüm islahat baş verdi. Milli Təhlükəsizlik Nazirliyinin adı dəyişdirilərək Dövlət Təhlüksəziliyi Xidməti adlandırıldı. Xarici Kəşfiyyat Xidməti adlı yeni qurum yaradıldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti