Şəkidə beynəlxalq musiqi festivalı keçiriləcək

 Şəkidə beynəlxalq musiqi festivalı keçiriləcək
  29 İyun 2013    Oxunub:2505
İyulun 4-dək Şəki şəhərində IV “İpək yolu” Beynəlxalq Musiqi Festivalı keçiriləcək.
Azərbaycan Bəstəkarlar İttifaqı və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2010-cu ildən ənənəvi olaraq keçirilən festival bu dəfə də müxtəlif ölkələrdən musiqiçiləri bir araya gətirəcək. AzVision.az Mədəniyyət və Turizm Nazirliyinə istinadən xəbər verri ki, iyunun 28-də Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda festivalın “İpək yollarının sədaları və rəngləri” adlı ilk musiqi proqramı təqdim olunacaq.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppası “İpək yolu” beynəlxalq musiqi festivalında iştirak etmək üçün Şəkiyə qastrol səfərinə gedəcək. Teatrın mətbuat xidmətindən bildiriblər ki, kollektiv Şəkidə dahi bəstəkar Qara Qarayevin “Yeddi gözəl” baleti ilə çıxış edəcək.

Xalq Artisti Cavanşir Cəfərovun rəhbərliyi altında Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə nümayiş olunacaq tamaşanın baletmeysteri Vasili Medvedev, əsas rollarının ifaçısı isə Xalq artisti Kamilla Hüseynova və Əməkdar artist Gülağası Mirzəyevdir.

“TRT müzik” kanalının ən sevilən proqramlarından olan “Axşam səfası” kollektivi də Şəkidə keçiriləcək “İpək yolu” festivalında çıxış edəcək. Xatırladaq ki, “Axşam səfası” mayın 1-də Heydər Əliyev Sarayında “Bir millət, iki dövlət” adlı konsert proqramı ilə konsert verib. Bu dəfə isə kollektiv Şəkidə musiqisevərlər qarşısına çıxacaq. İyunun 30-da təqdim olunacaq konsert proqramı “TRT müzik” və “TRT avaz” kanalları vasitəsilə canlı yayımlanacaq. Konsertdə Azərbaycanın Xalq artisti Mələkxanım Əyyubova və başqaları iştirak edəcəklər.



Teqlər:





Xəbər lenti