`Miqrant biznesi`: hamı qazanır – TƏHLİL
BMT-nin miqrasiya üzrə rəsmi nümayəndəsi William Spindler açıqlamalarının birində deyib ki, Aralıq dənizini keçərkən 900-dən çox miqrant həyatını itirib. BMT-nin miqrasiya xidmətinə görə, ölü sayının artmasında 2 önəmli səbəb var:
1) İtaliyanın “Mare Nostrum” adlı xilasetmə missiyasını fəaliyyətinə son qoyub, əvəzində Avropa Birliyinin sərhəd qoruma missiyasının başladılması
2) Liviya və Suriyada vəziyyətin günü-gündən pisləşməsi – bu, nəticə etibarilə insanların Avropaya axışmasına səbəb olur.
İtaliyanın “Mare Nostrum” xilasetmə missiyası sayəsində keçən il minlərlə insan dənizdə boğulmaqdan xilas olunub. AB sözügedən missiyanı dəyərləndirmək əvəzinə, onu mühacirləri Aralıq dənizindən keçməyə ürəkləndirdiyi üçün mühakimə etdi.
Suriya və Rusiyanın maraqları
Suriya prezidenti Bəşər Əsəd açıq deyib ki, Avropa mühacirlərin taleyindən belə narahatsırsa, o zaman terrorçuları dəstəkləməyi dayandırmalıdır. Demək ki, miqrantların Avropaya axışmasında Suriyanın da müəyyən maraqları var. İstisna deyil ki, Əsəd miqrant `rıçaq`ından istifadə edərək, Avropanı öz hakimiyyətinin legitimliyi ilə barışmağa vadar etmək istəyir.
Almaniyanın siyasi elitası və dövlət rəsmiləri başda kansler Merkel olmaqla Suriya konfliktinin həllində Rusiya ilə danışıqlara getməyin vacibliyini dəfələrlə bildiriblər. Bu məsələdə Suriya ilə Rusiyanın maraqları demək olar ki, eyni nöqtəyə vurur.
Türkiyənin maraqları
Merkelin mühacir probleminin həlli üçün Ankaraya səfər etməsi bir çox mətləblərdən xəbər verir. İstisna deyil ki, miqrasiya Türkiyənin əlinə AB-yə üzvülüklə bağlı əla fürsət vermiş oldu. Əlbəttə, bu, asan və sadə prosedur deyil, amma ən azından müəyyən razılaşmalar əldə oluna bilər. Almaniya ilə əldə olunmuş razılıq işin yarıdan çoxu deməkdir. Tarixdən məlumdur ki, Türkiyə vaxtilə NATO-ya daha çox kommunizm qorxusundan dolayı üzv qəbul edilmişdi. Miqrasiya böhranına da bu konteksdən yanaşsaq, o zaman Avropanı sıxışdırmaq və öz maraqlarını onlara qəbul etdirmək üçün Türkiyəyə xeyli imkan açılır.
Maraqlıdır ki, miliyyətçi mövqeyilə seçilən Macarıstan prezidenti Viktor Orban AB ilə Türkiyənin bu məsələdə razılaşmasını səbirsizliklə gözlədiyini bildirib. O, deyib ki, “Ərdoğan olmazsa, işimiz çətin olar. Hər bazar günü dua edin ki, mühacirlər mövzusunda o, bizim köməyimizə tələssin”.
Miqrant böhranı fonunda Türkiyə-Almaniya arasında bir neçə məsələ siyasi bazarlıq predmeti ola bilərdi. Məsələn:
- Türkiyənin miqrantları Avropaya buraxmaması qarşılığında onun AB-yə üzvlük müraciətinə təkrar baxılması.
- Almaniyanın PKK-ya dəstəyinin dayandırılması.
- Türkiyənin biznes adamları üçün London və Parisin qapılarının açılması.
ABŞ-ın maraqları
Bəzi amerikalı siyasətçilər Ağ Evi 65 min suriyalı qaçqını qəbul etməyə səsləsələr də, Vaşinqton az bir qismi qəbul edəcəyini dilə gətirdi. ABŞ problemdən yayınaraq, diqqəti Körfəz ölkələrinin zəngin olmalarına, eyni dili danışmalarına baxmayaraq, onların miqrant qəbul etməməsinə yönləntməyə çalışır. Avstriyanın “INFO” adlı tanınmış jurnalı yazır ki, “Birləşmiş Ştatlar miqrantların Avropaya gəlib çatmaları üçün çoxlu pul xərcləyir. ABŞ məqsədli və sistematik şəkildə müsəlman mühacirlərin Avropaya getməsi üçün təsşkilati işləri, eləcə də maddi təminatı reallaşdırır. Təşkilati işlərə baxanlar mühacirlərdən kifayət qədər yüksək məbləğdə vəsait alırlar. Daşınmaların reysi təqribən 7-14 min avro civarında başa gəlir. Bu xərci ABŞ-ın müəyyən maliyyə təşkilatları qarşılayırlar. Bu pullarına haradan gəldiyi ilə heç kəs maraqlanmır”.
Britaniyanın “Daily Mail” qəzeti isə yazır: “İŞİD” silahlıları bilərəkdən Liviyada əhalini sahil tərəfə yönləndirirlər ki, onlar buradan dəniz yolu ilə rahat gedə bilsinlər”. Qəzetin yazdığı kimi, əgər bu işdə “İŞİD”-in rolun keçirsə, demək, dolayısı ilə bu köçü həyata keçirən ABŞ özüdür.
Əlavə edək ki, İŞİD bu işdən maddi qazanc da əldə edir: ona pul ödəyəndən sonra Liviyadan əhali qayıqlara minib, Avropaya istiqamət alır.
İsrailin maraqları
Miqrant axını İsrailin bölgədəki maraqlarına müəyyən mənada cavab verir. Qaçqınların Avropaya yönləndirməsində İsrailin də rolu istisna deyil. Təl-Əviv Suriyanın Qolan təpələri adlanan ərazisin işğal edərək, öz nəzarətində saxlayırsa, Suriya vətəndaşlarının köç etməsi İsrailin milli maraqlarına cavab verir.
Bir məqama da diqqət etmək lazımdır ki, Suriya dövləti İsrailin bölgədə mövcudluğuna ciddi təhlükələrdən biri idi.
Miqrantlar – “Qazanc Predmeti”
Miqrantların Avropaya uzanan karvanı boyu bir çox ölkələr, qurumlar və vasitəçilər külli miqdarda vəsait qazanır. Son məntəqəyə çatmaq üçün ən azı 1000-1500 dollar vəsait tələb olunur.
Almaniyada “Seneqaldan başlayıb, Liviya üzərindən İtaliyaya qədər mühacir yolu”nu izah edən kitab nəşr olunub. Kitabın müəllifi Seneqaldan miqrantlarla birlikdə yola çıxaraq, hər şeyin canlı şahidi olub. O, yazır ki, bu qədər böyük yolu dolayısı ilə keçən insanların ilk növbədə təhlükəsizliyinə qarantiya verilməlidir, daha sonra yolda qarət olunmaq risqi var. Əlbəttə ki, bütün bu problemlərin həlli pul deməkdir.
Türkiyəyə gəlib çatan və buradan Avropaya getmək istəyən mühacirlərin də pul qazanmaq metodları diqqət çəkir. Onların ağır işləri ən aşağı qiymətə gördüyü deyilir. Türkiyədə hər kəs Suriyalı mühacirlərdən yaxşı pul qazanır. Bəzi qadınların isə fahişəlik yolu ilə vəsait topladığı deyilir. Türkiyədə bu cür pul toplayan şəxlər Avropaya keçərkən nə türk polisi, nə də jandarması onları görür.
Almaniyanın “Frankfurter Rundschau” qəzeti yazır ki, Yunanıstanın Kos adasına çatmaq üçün hər bir adam 1000 avro ödəməlidir. Kos adasına çatmaq hələ Avropaya çatmaq mənasına gəlmir, çünki oradan Yunanıstana qədər uzun dəniz yolu var. Yunanıstan da mühacirlər üçün davamlı qalınacaq ölkə deyil, yəni keçid rolunu oynayır. Əsas hədəf Almaniya, Fransa, Britaniya və Benilüks ölkələridir.
Bütün bunlardan belə nəticəyə gəlmək olur ki, qaçqınların Avropaya axışını istəyən, təşkil edən və bu yolda vəsait xərcləyən qüvvələr var. Ən maraqlısı isə müyyən qruplar tərəfindən miqrantların arasında “Birbaşa Avropaya gedin” kimi təbliğatın aparılmasıdır.
Fərrux Həsənov
AzVision.az
Teqlər: