16 illik müəmmanın sonu - İcbari tibbi sığorta

16 illik müəmmanın sonu - İcbari tibbi sığorta
  15 Oktyabr 2015    Oxunub:6736
Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiqi yenidən gündəmə gəlib. Milli Məclisdə çıxışı zamanı bu məsələyə toxunan maliyyə naziri Samir Şərifov bildirib ki, İcbari tibbi sığorta sistemi tətbiqinə 2016-cı ildən başlanılacaq.

Nazir çıxışı zamanı vurğulayıb ki, bu barədə dövlət başçısı öz tapşırıqlarını verib və hazırlıqlar yüksək səviyyədə aparılır: “İcbari tibbi sığorta hər bir Azərbaycan vətəndaşına şamil olunacaq. Dövlət tərəfindən müəyyən məbləğ ayrılacaq və vətəndaşlar ehtiyac olduğu zaman bu məbləğləri həm dövlət, həm də özəl tibb müəssisələrindən ala biləcəklər”.

Bu sistemin tətbiqi ilə ölkənin səhiyyə sistemində bir sıra islahatlar aparılacaq. Belə ki, 2008-ci ildən başlayaraq İcbari tibbi sığorta sisteminin tətbiqi üçün dövlət tərəfindən mühüm işlərə start verilib. Sadə dillə desək, İcbari tibbi sığorta daha çox adi vətəndaşların mənafeyinə yönəlmiş, onları keyfiyyətli tibbi xidmət və dərmanla təmin etməyə yardım edən bir sistemdir.

İcbari tibbi sığorta nədir və onun tətbiqi ölkəmizin səhiyyə sistemində hansı dəyişikliklərə səbəb olacaq?



Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, icbari tibbi sığorta müasir dünyada səhiyyə sisteminin maliyyələşdirilməsinin ən optimal bir yoludur. Deputat qeyd edib ki, bu sistemin tətbiqi ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir.

“Azərbaycanda bu haqda 1999-cu ildə “İcbari tibbi sığorta haqqında” qanun qəbul edilib. Lakin bir sıra obyektiv səbəblərdən bu qanunun tətbiqi indiyə qədər ləngiyib. Bunun da başlıca səbəbi Azərbaycanda səhiyyə sisteminin modern olmaması, sovetdən qalma tamamilə geri qalmış bir səhiyyə və lazımi keyfiyyətli xidmətin göstərilə bilməməsi, eyni zamanda dövlət büdcəsindən səhiyyə üçün ayrılan vəsaitlərin kifayət etməməsi, əmək bazarının tam formalaşmaması, işçi və işəgötürən münasibətlərinin tam şəffaf olmaması və sığorta sisteminin ölkədə genişlənməməsi idi. Tam obyektiv səbəblərdən sistemin tətbiqi yubanırdı. Sözsüz ki, bir quruluşdan başqa bir quruluşa keçmək heç də asan məsələ deyil. Bu baxımdan işə təcili başlamağa imkanımız yox idi. Onu da qeyd edim ki, tarixi təcrübə göstərir ki, bu işi tez başlamış keçmiş sovet ölkələrinin hamısında icbari tibbi sığorta böyük problemlərlə üzləşdi, bəziləri isə iflasa uğradı”.

Milli Məclisin üzvü bildirib ki, 2008-ci ildən başlayaraq ölkəmizdə bu barədə işlər sürətlə başlayıb.

“Ölkə başçısının sərəncamı ilə İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar olaraq müvafiq qanunvericilik aktlarına dəyişiklik olundu, əlavələr edildi. Cənab prezidentin İcbari Tibbi Sığorta Agentliyinin yaradılması barədə tapşırığı var və bu istiqamətdə dünya təcrübəsinin öyrənilməsinə başlanıldı. Son iki ildə bu iş daha da intensivləşdi.

Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi ilə Nazirlər Kabinetində bu iş operativ şəkildə həyata keçirilməyə başlayıb. Dünya təcrübəsinin öyrənilməsi, Azərbaycana uyğun modelin seçilməsi istiqamətində hökumətin işləri davam edir. Bildiyimiz kimi, işçi qrupu yaradılıb və müəyyən ekspertlər dəvət olunub”.



M.Quliyev qeyd edib ki, gələn ildən başlayaraq icbari tibbi sığorta pilot şəkilində tətbiq olunacaq: “Pilot şəkilində ona görə tətbiq olunur ki, bu səhiyyənin yeni modernləşmə üsuludur, müəyyən problemlər ola bilər. Bizim kiçik rayonlardan birində pilot layihə olaraq icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Ondan sonra ya tədricən, ya da tamamilə tətbiq olunacaq. Bunun da əsas mahiyyəti ondan ibarətdir ki, indiki səhiyyə sistemində maliyyələşmə yuxarıdan aşağıdırsa, indi isə əksinə olaraq maliyyə aşağıdan yuxarı olacaq. Vəsait İcbari Tibbi Sığorta Agentliyinə ayrılacaq. Agentlik özəl və dövlət klinikaları ilə müqavilələr bağlayacaq və bu müqavilələr əsasında müraciət edən hər bir şəxsin icbari tibbi sığorta kartı olacaq, kartda olan müəyyən qədər vəsaitlə hər bir klinika öz işini quracaq.

Burada həm də çox ciddi nəzarət olacaq. Agentlik maraqlıdır ki, vəsait səbəbsiz yerə xərclənməsin, pasiyent maraqlıdır ki, ona sığorta məbləğində keyfiyyətli tibbi xidmət göstərilsin, tibbi müəssisəsi də maraqlıdır ki, yaxşı xidmət göstərsin ki, növbəti ildə də onlarla müqavilə bağlanılsın. Bununla bir çox israfçılıq aradan qalxır. Ən əsası isə işəgötürənlərin və vətəndaşların tibbi sığorta xərclərinin maliyyələşməsində iştirakı təmin olunur. Qeyd edək ki, burada vəsaitin müəyyən hissəsini dövlət, digər hissəni işəgötürən və digər bir hissəni isə müraciət edən vətəndaş özü verəcək”.

Millət vəkili qeyd edib ki, icbari tibbi sığortanın tətbiq olunması klinikalar arasındakı sağlam rəqabəti artıracaq.

“Keyfiyyətli xidmət göstərən tibbi işçisi ilə bunu yetərincə bacarmayan bir-birindən fərqlənəcək. Xəstələrə yüksək səviyyədə xidmət göstəriləcək. Bununla da büdcənin qeyri-sağlam istiqamətdə işlənməsinin tam qarşısı alınacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti