“Toya görə kimdi mənə 1 milyon verən?” – Bilal Əliyev

“Toya görə kimdi mənə 1 milyon verən?” – Bilal Əliyev
  09 Sentyabr 2015    Oxunub:8309
“Nəyimə lazımdır, kim kimə nə dedi, kim harada nə etdi”
Toy şənliklərinə bir milyon manata gedəcəyi ilə bağlı açıqlamasından sonra gündəmə gələn Xalq artisti Bilal Əliyev AzVision.az-ın əməkdaşı ilə həmsöhbət olub.

Sənətkar televiziyalara az-az çıxmasının səbəbindən və hazırki durumundan söz açıb.

Müğənni bildirib ki, televiziya verlişlərinin bir çoxundan gələn təklifləri qəbul etmir və çalışır ki, efirlərdə çox görsənməsin.

“Müsahibə üçün müraciət edən jurnalistləri çalışıram ki, qırmayım. Amma tez-tez açıqlamalar, müsahibələr verməyi də xoşlamıram. Hətta bir çox verlişlərə aldığım dəvətlərdən imtina edirəm. Ona görə ki, bəzi proqram aparıcıları sənətkarları sənətinə görə deyil, onların hansısa sözündən qalmaqal yaratmaq məqsədi ilə verilişə çağırırlar.

Mənim 50-dən çox yaşım var. Nəyimə lazımdır ki, kim kimə nə dedi, kim harada nə etdi. Bunlar ola bilər başqalarına maraqlıdır. Ancaq mənə maraqlı deyil. Ona görə də həmin verlişlərə gedib hansısa münasibət bildirmirəm.

Ay qardaş, sənə sənətim lazımdırsa, çağır gəlim verlişində saatlarla oxuyum, konsert verim. Məndən o zaman şikayət edə bilərlər ki, hansısa tədbirə getməyim, çıxış etməkdən boyun qaçırım”.

Xarici ölkələrə səfərlərindən danışan B. Əliyev bildirib ki, hazırda İngiltərənin tarixi ilə bağlı musiqi əsəri üzərində çalışır.

“Hazırda İngiltərənin tarixi ilə bağlı musiqi əsəri üzərində işləyirəm. Səsimi eşidib bəyəndikləri üçün bu sifarişi mənə etdilər. Üzərimdə 5 müəllim çalışır. Diqqət edirlər ki, tələffüzlərimdə hansısa problem olmasın.

Əsərlə bağlı bu yaxınlarda İngiltərəyə yenidən səfərim olacaq. Ölkədə konsert verməyə gəlincə isə, maliyyə durumu imkan vermir.

Məsələn, Heydər Əliyeva adına Sarayda konsert vermək üçün kifayət qədər icarə haqqı vermək lazımdır. Mən biletin pulunu neçəyə qoyum ki, icarə pulu çıxsın. Axı insanların yüksək məbləğə imkanı çatmır. Amma gəlib dinləmək də onların haqqıdır. Buna görə də hazırda konsertləri saxlamışam”.

Müğənni həmçinin, Azərbaycanda toylara pulsuz getdiyini də diqqətə çatdırıb: “Azərbaycanda ildə 10 dəfə toylara təmənnasız gedirəm. Heç kim deyə bilməz ki, ondan bir qəpik toyda oxuduğuma görə pul alıram. Özü də baxıram kimin toyudur, imkanı var, yoxsa yox. İmkansız ailə olur, amma istəyir ki, toyunda Bilal Əliyev oxusun. Bunları nəzərə alaraq 10 dəfə pulsuz oxuyuram. Qalan hallarda isə qohum toylarını çıxmaq şərti ilə Azərbaycanda toylara getmirəm.

Bir milyonluq toy təklifləri almağımla bağlı məsələyə gəldikdə isə, onu deyə bilərəm ki, burada kim toyda oxuduğuma görə bir milyon verər? Ona görə yox ki, bir milyonları yoxdur. Ona görə ki, qorxarlar bu bir milyonun sədası sonradan ətrafa yayılar.

Xaricdən toy təklifi gələndə isə çox baha qiymətə gedirəm”.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti