Həmsədrlər niyə və nədən qorxur?

Həmsədrlər niyə və nədən qorxur?
  24 İyul 2015    Oxunub:3709
Son zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aktivlik müşahidə olunur. Nəticəsiz danışıqlardan yorulan Azərbaycan tərəfi hərb yolunu istisna etmir və bu istiqamətdə aktiv şəkildə hazırlıqlarını davam etdirir. Hətta, Azərbaycan Prezidenti İlham Əliyevin son çıxışlarında münaqişənin həllinin hərbi yoldan keçməsinə işarə edən fikirlər yer alır.

Təhlillər göstərir ki, nə zaman Azərbaycan münaqişənin həlli ilə bağlı hərbi ritorikaya üstünlük verir, o zaman ATƏT-in Minsk qrupu həmsədrləri dövriyyəyə girir və münaqişənin həlli üçün sülh yolundan başqa alternativin olmadığını bildirirlər.

Bu hal son günlərdə daha çox müşahidə edilir. Belə ki, artıq həmsədrlərin regiona növbəti səfəri geridə qaldı. Bakıda səfərdə olan ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Qarabağda müharibə variantının mümkünlüyü haqda açıqlama verib. Diplomat hesab edir ki, artıq müharibə dövrü geridə qalıb.



“Hüquqşünas olmadığıma görə hər hansı hüquqi məsələ barədə ətraflı danışa bilmərəm. Onu deyə bilərəm ki, istənilən müstəvidə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində atılan addımlar tərəflərin marağındadır. Tərəflər özü də bu istiqamətdə böyük əzmkarlıqla işləyir. Bütün fəaliyyətlər münaqişənin sülh yolu ilə həllinə istiqamətləndirilib. Münaqişənin həlli həm Azərbaycan, həm də erməni xalqlarının marağında və xeyrinədir.

Mən və Minsk Qrupunun digər həmsədrləri ən sıx və praqmatik şəkildə fəaliyyət göstərərək, çalışırq ki, hər iki tərəfi təmsil edən nazirlər və prezidentlər öz xalqlarının maraqlarını təmin edən dinc yolla həll variantını tapsınlar. Düşünürəm ki, müharibə dövrü artıq keçib. Bu müharibədə həddindən artıq qurban verilib, həddindən artıq vəsaitlər itirilib”, - deyə C. Uorlik bildirib.

Bu dəfəki səfərdə diqqət çəkən məqamlardan biri həmsədrlərin İrəvandakı görüşlərini yekunlaşdırdıqdan sonra Vyanya gedərək ATƏT-in Minsk Qrupuna üzv ölkələrin nümayəndələri ilə görüşməsidir. Bu isə belə düşünməyə əsas verir ki, münaqişənin həlli istiqamətində hansısa proseslər getməkdədir. Haqlı olaraq hazırkı zamanda müşahidə olunan intensivliyin nə ilə bağlı olduğuna dair suallar meydana çıxır. Yəni nədən xeyli müddət passiv fəaliyyət göstərən həmsədrlər birdən-birə belə fəallıq göstərirlər?

Qeyd olunan məsələləri şərh edən siyasi ekspertlər də həmsədrlərin fəaliyyətində aktivliyin müşahidə olunduğunu desələr də, bunun nəticə verəcəyini düşünmürlər.



Politoloq Fikrət Sadıqov hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin regiona gəlməsi ilə Dağlıq Qarabağ məsələsi həll olunmur:

“Əgər həmsədrlər münaqişənin həllində maraqlıdırsa, onlar konkret vasitəçi kimi ədalət prinsiplərinə əməl etməlidirlər. İşğal olunmuş ərazilərimizin qeyd-şərtsiz qaytarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, beynəlxalq təşkilatların, hətta həmsədrlərin təmsil etdikləri dövlətlərin başçılarının müxtəlif qərarları var. Onlar bunu əsas götürməli və konkret təkliflər irəli sürməlidirlər”.

Politoloq bildirir ki, Azərbaycanı Ermənistanla eyniləşdirmək düzgün deyil: “Çünki, biz müxtəlif səviyyədə, çəkidə oyunçularıq. Yəni, Azərbaycanın torpaqları işğal altındadır. Bunu onlar başa düşürsə, ona uyğun addımlar atmalıdırlar. Həmsədrlər ola bilər ki, həqiqətən münaqişənin həllində maraqlıdırlar. Amma, həmsədrlər aparıcı dövlətlərin nümayəndəsi kimi bunun yollarını tapmalıdırlar. Bu yollar ədalətlilik prinsipi əsasında həyata keçirilməlidir. Bəyanat vermək, hər hansı bir kompromisə çağırmaq, bizi masa arxasına əyləşdirmək və.s bu reallıqdan uzaq bir məsələdir. Əgər həmsədrlər Ermənistana müəyyən təzyiqlər göstərməsə, beynəlxalq hüquq normaları əsasında maraqlı olmasalar məsələ uzanmaqda davam edəcək”.



Politoloq Elman Nəsirov isə vurğulayıb ki, münaqişənin həlli ilə bağlı proses çox həssas bir dönəmə daxil olub: “Həmsədrlər də başa düşür ki, kənardan dayanaraq bəyanat verməklə münaqişənin müharibəyə çevrilməsinin qarşısını ala bilməyəcəklər. Ona görə də çox ciddi cəhdlə çalışırlar ki, prezidentlər səviyyəsində görüşə nail olsunlar.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bu yaxınlarda Rusiyaya səfər etdi. Burada da əsas müzakirə mövzusu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi idi. Rusiya xarici işlər naziri Sergey Lavrov isə münaqişənin həlli prosesinin intensivləşdirilməsi ilə bağlı mövqe ortaya qoydu.

Həmsədrlərin Vaşinqton danışıqları, onların regiona səfəri, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskva səfəri, buna paralel olaraq ordumuzun hərbi təlimlərini intensivləşdirməsindən belə bir qənaət hasil olur ki, həmsədrlər münaqişənin həlli ilə bağlı həlledici addımlar atmasa, hərbi təlimlərin boşuna keçirilmədiyi göstəriləcək.
Yəni, diplomatların həll edə bilmədiyi məsələni generallar həll edəcək. Ona görə də həmsədrlər ciddi cəhdlə preizdentlərin görüşünü təşkil etməyə çalışırlar”, - deyə E. Nəsirov qeyd edib.

Politoloqlarında fikirlərindən görünür ki, bu gün həmsədrlərin regiona səfəri zamanı qarşıya qoyduqları əsas məqsəd prezidentlərin görüşünü təşkil etməkdir. Yəni, onlar Azərbaycan Prezidenti İlham Əliyevin münaqişəni hansı yolla olmasından asılı olmayaraq, həll etməklə bağlı qətiyyətini anlayıblar. Odur ki, həmsədrlər bu işdə fəal olmalıdırlar. Əks təqdirdə müharibə qaçılmaz olacaq.

Elvin Abdulqədirov


Teqlər:  





Xəbər lenti