TV-lər Avropa Oyunlarını necə işıqlandıracaq? - Sorğu

TV-lər Avropa Oyunlarını necə işıqlandıracaq? - Sorğu
  12 İyun 2015    Oxunub:3273
Bu gün I Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Mötəbər yarışların işıqlandırılmasında daha çox məsuliyyət və diqqət televiziyaların üzərinə düşür. 50-dən çox ölkənin televiziya və yazılı mətbuatı Bakıdakı yarışları işıqlandıracaq.

Yerli telekanallar Avropa Oyunlarında necə işləyəcək?

AzVision.az bu sualla telekanallara müraciət edib.

Avropa Oyunlarını canlı yayımlamaq hüququ üçün lisenziya yalnız iki telekanala: Azərbaycan Dövlət Televiziyası (AzTV) və İdman Azərbaycan kanalına verilib.

“Azad Azərbaycan” telekanalı (ATV) Avropa oyunlarına xüsus hazırlaşıb. Telekanaldan verilən məlumata görə, yarışları işıqlandırmaq üçün 3 veriliş efirə gedəcək.

Kanalın xəbərlər departamentinin baş redaktoru Vaqif Aydınoğlu bildirib ki, verilişlərdən əlavə xəbərlər proqramında oyunların gedişatı barədə məlumat veriləcək: “Avropa Oyunlarına görə, birinci gündən efirə gedən 40 dəqiqəlik gündəlik verilişin aparıcısı Sənan Şəfizadənin təqdimatında məşqçilər, idmançılar, birbaşa Oyunlara aidiyyatı olan şəxslər qonaq qismində iştirak edirlər. Digər verilişimiz həftənin şənbə günləri efirdə olur. Verilişin adı də “Bakı-2015”-dir ki, bu da tok-şou formatındadır. Üçüncü verilişimiz isə “Aktual” adlanır”.

Departament redaktoru onu da bildirib ki, yayım hüququ başqa telekanallara aid olduğundan ATV oyunları canlı yayımlaya bilməyəcəyik.

“Biz oyunları canlı yayımlayan telekanallardan materialları istinadən verəcəyik. Bundan əlavə müəyyən reportajlar, idman xəbərlərində informasiyalar veriləcək” .

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov isə deyir ki, telekanal “Bakı-2015”-i canlı yayımlamaq üçün lisenziya almasa da əməkdaşları Oyunları canlı olaraq izləyəcək: “İdman verilişlərinin vaxtlarını uzatmışıq. Telekanalın idman redaksiyasında çalışan əməkdaşlar Oyunlar haqqında informasiyaları ötürəcəklər”.

İctimai Televiziya və Radio Yayımları şirkətindən (İTV) isə bildirilib ki, Avropa Oyunları zamanı hər gün saat 22:00- da yarışların nəticələrinə həsr olunan “İdman gündəliyi” verilişi efirə gedəcək.

“Qonaqlar, verilişlərin formatı hamısı Oyunlara həsr olunub. Səhər proqramından başlamış, anatlitik proqramlara kimi bütün verilişlərimiz Avropa Oyunlarına həsr olunacaq. Oyunların nəticələri ilə bağlı tamaşaçılarımıza xüsusi reportajlar təqdim olunacaq”-deyə İTV-dən bildiriblər.

Digər telekanallar da Avropa Oyunlarına ciddi hazırlaşıb. Xəbərlər proqramları ilə yanaşı idman verilişlərində də yarışlar geniş formada işıqlandırılacaq.

Gültəkin Ələsgər


Teqlər:  





Xəbər lenti