İŞİD uşaqları necə məhv edir - Dəhşətli faktlar
Cihadçı qrupdan qaçaq düşmüş silahlı tərəfindən çəkilmiş videoda biləklərindən asılmış oğlanın döyülməsi görüntülənib.
BMT İD-ni və Suriyadakı başqa silahlı qruplaşmaları uşaqlara işgəncə verməkdə və onları öldürməkdə ittiham edir.
Uşaqlar həmçinin döyüşçü kimi səfərbərliyiə alınır və təlimləndirilir.
Başqa bir yeniyetmə BBC-ə, hələ 15 yaşında ikən əl-Qaedaya bağlı Nüsrə Cəbhəsi üçün döyüşdüyünü, sonradan İD-ə keçdikdə isə orada 13 yaşlı oğlanın təlimləndirilməsini gördüyünü deyib.
Elektriklə işgəncə
Mobil telefon videosunda Əhməd qollarından asılmış vəziyyətdə görünür. Onun gözləri sarğı ilə bağlanıb və onun yanında başdan ayağa qara geyinmiş iki nəfər var. Onlardan biri əlində bıçaq və tapança tutub, digəri isə AK-47 avtomatı ilə otaqda var-gəl edir.
Onlar Əhmədi biləklərinə bağlanmış kəndirlə tavandan asıblar və döyməyə başlayırlar.
Onun İD tərəfindən əsir alınıb işgəncəyə məruz qaldığı vaxt 14 yaşı var idi. Hazırda qonşu Türkiyəyə sığınmış Əhməd başına gələn müsibətləri danışır.
“Mən valideynlərim, anam haqqında düşünürdüm” – deyir, - Mən elə bilirdim ki, öləcəyəm və daha heç vaxt valideynlərimi, bacı-qardaşlarımı, dostlarımı və qohumlarımı görməyəcəyəm”.
“Onlar məndən ifadə almaq üçün məni şallaqlayır, bədənimə elektrik cərəyanı verirdilər. Mən onların eşitmək istədiklərini təkrarlayırdım”.
Vahimələr
Bu iki nəfər ondan çantanı İD-in görüş yeri yaxınlığına qoymağı tələb edirdilər. Başqa sözlərlə Əhməd orada partladıcı yerləşdirməliymiş.
Ona işgəncə verənləri Əhmədin yaşı maraqlandırmırdı və bu müsibət iki gün davam etdi.
“Onlar məni elektriklə vuranda qışqırıb anamı çağırırdım, - o deyir, - amma onlar o zaman elektriki daha da artırırdılar. “Ananı bura qatma” deyirdilər”.
“Onlar özlərinə dindar deyirlər, amma əsl kafirdirlər. Nəşə çəkirdilər. Onlar guya İslam qaydalarını bərqərar edirdilər. Amma əksinə idi. Adamları öldürməklə məşğul idilər”.
Əhmədə ölüm hökmü çıxarılmışdı, lakin onu edam etməli olan şəxsin ona yazığı gəlib və uşağın qaçmasına imkan yaradıb.
“Mən çox nadir hallarda yata bilirəm, - deyir Əhməd, - Mən ilk dəfə Türkiyəyə gələndə bütün gün vahimə içində olurdum. Məni bir az müalicə etdilər. Mənsə yata bilmirdim, yatanda da vahiməli yuxular görürdüm”.
Biz Əhmədin döyülməsini videoya çəkən şəxslə də görüşdük. O indi İD-dən qaçaq olub və deyir ki, peşmançılıq keçirir.
O deyir ki, döyülməni təbliğat filmi üçün çəkmişdilər. Videosüjetdə Əhmədin yanında dayanmış iki nəfərin sonrakı taleyi naməlumdur.
Videonu çəkən şəxs deyir ki, o çox qəddarlıq etməsə də, hər halda incitdiyi adamların onu bağışlamalarını istəyir.
Zay olmuş nəsil
İD-in təbliğat filmlərində azyaşlıların hərbi təlim keçməsi və atəş açmağı öyrənməsi təsvirlənir
İD elan etdiyi xilafət ərazisində dünyəvi təhsilə son qoyub və əvəzində hərbiləşdirilmiş məktəblər yaradıb. Burada uşaqları təbliğata məruz qoyur və onlara öldürməyi öyrədirlər.
İD-in təbliğat filmlərində azyaşlıların hərbi təlim keçməsi və atəş açmağı öyrənməsi təsvirlənir.
Bəzi videolarda uşaqların baş kəsməsi də göstərilir.
İndi Xalidin (öz adı deyil) 17 yaşı var, lakin iki il əvvəl o, Suriyada əl-Qaedaya bağlı Nüsrə Cəbhəsinin sıralarında döyüşür və adam öldürürdü.
Onu sonradan İD-ə qoşulmağa məcbur ediblər, lakin o, qaça bilib.
O deyir ki, uşaqları münaqişəyə cəlb etməyə daha çox diqqət verirlər.
“İslam Dövlətində yaşlı döyüşçülər azlıq təşkil edir. Mənim oxuduğun təlim sinfində olanların 15-16 yaşları vardı, - deyir Xalid, - Orada hətta 13-14 yaşlıları da görmək olardı. Onlar döyüşməyə daha həvəsli idilər”.
Xalid səfərbərlərə “uşaq” deyəndə əsəbiləşir:
“Siz Allah uşaq deməyin. Avtomat, yeddi güllə mağazası və altı qumbara daşıyan adamlara uşaq demək olmaz. Onlar kişidirlər. Onlar müsəlman kişisidirlər. Kişi xeylağı olmaqla kişi olmaq arasında fərq var”.
O deyir ki, kişilərin çoxu sadəcə kişi xeylağıdırlar. Allah uğrunda döyüşən, müsəlman qadınların namusunu qoruyanlar əsl kişidirlər.
Bax, beləcə bütöv bir nəsil zay olur.
İD-in uşaqları böyüyb kişi olanda öldürməyi və nifrət etməyi bacaracaqlar. Onlar qarşıdan gələn illərdə Suriya və İraq üçün fəlakət ola bilərlər. (BBC Azərbaycanca)
Teqlər: