“Bakı 2015” Argentina mətbuatında
Birinci Avropa Oyunlarının ev sahibi kimi Azərbaycan paytaxtının seçilməsinin təsadüfi olmadığını bildirən Məmməd Əhmədzadə, bu xüsusda ölkəmizin Avropanın Asiyaya açılan qapısı və Avropa ilə Şərq sivilizasiyalarının qovuşduğu nöqtə olduğunu, Azərbaycan xalqının Avropa dəyərləri ilə islam ənənələrinin sintezini yaradaraq müsəlman şərqində ilk teatr, opera, balet kimi mədəniyyət nümunələrinin və parlamentli respublikanın əsasını qoyduğunu deyib. Azərbaycanın yüksək tolerantlıq, müxtəlif təriqətlərin sülh şəraitində birgə yaşaması və dünyəvilik kimi cəhətlərə malik və mədəniyyətlərarası dialoqda nümunəvi ölkə olduğunu bildirən diplomat 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakıda keçiriləcəyini qeyd edib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə və Avropa ilə Asiya arasında nəqliyyat dəhlizinin inkişafına verdiyi töhfələrdən danışan diplomat, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryol xətti, TANAP-TAP qaz kəmərləri, TASİM transmilli fiber-optik internet xətti kimi strateji enerji və infrastruktur layihələrində aparıcı ölkə olduğunu, bu layihələrin qədim İpək Yolunun bərpasına yönələn əsas vasitələrdən olduğunu vurğulayıb.
Məqaləsində Əhmədzadə Azərbaycanda idmanın dövlət siyasətinin vacib sahələrindən biri olduğunu, ölkəmizin Avropada əhəmiyyətli idman mərkəzlərindən birinə çevrildiyini, Azərbaycan idmançılarının beynəlxalq yarışlarda yüksək nəticələr nümayiş etdirdiyindən də danışıb.
Diplomat, habelə əlavə edib ki, dünya səviyyəsində ən yüksək templərlə inkişaf edən iqtisadiyyatlardan birinə malik Azərbaycanda önəmli idman qurğuları ilə yanaşı, turizm sənayesi və nəqliyyat infrastrukturuna böyük sərmayələr yatırılmışdır ki, bütün bunlar da Azərbaycanda gələcək illərdə keçirilməsi nəzərdə tutulan çoxsaylı beynəlxalq idman tədbilərinin yüksək səviyyədə təşkilinə xidmət edəcək.
"Hamını Avropanın sülh, dostluq və idman bayramı olacaq Bakı 2015 Avropa Oyunlarını qeyd etmək üçün Azərbaycana dəvət edirik. Bu, həmçinin Şərqin Avropa cazibəsi olan, Avropa ilə Asiyanın qovuşduğu, qədimlik ilə müasirliyi birləşdirən ölkəmi tanımaq üçün gözəl bir fürsət olacaq", deyə diplomat məqaləsini tamamlayıb.
Teqlər: