ABŞ-da “Azərbaycan Milli Günü” elan edilib

ABŞ-da “Azərbaycan Milli Günü” elan edilib
  27 May 2015    Oxunub:1256
Azərbaycanın Respublika Günü ilə əlaqədar təbriklərə ABŞ-ın daha altı Qərb ştatı, eləcə də Kaliforniyanın yeddi şəhəri qoşulub.
Bu barədə AzVision.az-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib. Bununla bağlı qəbul edilmiş və Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğuna göndərilmiş bəyannamələrdə 28 may tarixinin həmin ştat və şəhərlərdə rəsmən “Azərbaycan Milli Günü” elan edildiyi bildirilib.

Havay ştatının qubernatoru Deyvid İge və Nyu Meksiko ştatının qubernatoru Suzana Martinez tərəfindən imzalanmış bəyannamələrdə Azərbaycanın mütərəqqi inkişaf yolundan bəhs edilərək, bu əlamətdar gün münasibətilə həmin ştatlarda 28 may tarixinin “Azərbaycan Milli Günü” elan edildiyi qeyd olunub.

Kaliforniyanın Örvayn, San Dieqo, San Xose, Santa Monika, Sout Qeyt, Stokton və Torrens şəhərlərində də eyni şəkildə, 28 may tarixi “Azərbaycan Milli Günü” elan olunub. Belə ki, sözügedən şəhərlərin ən yüksək idarəetmə orqanı olan şəhər şuraları tərəfindən bununla bağlı müvafiq bəyannamələr qəbul edilib.

Həmçinin, ABŞ-ın Yutah ştatının paytaxtı Solt Leyk şəhərinin meri və Şəhər Şurası tərəfindən oxşar bəyannamə qəbul edərək, burada da Respublika Günü “Azərbaycan Milli Günü” elan edilib.

Vaşinqton ştatının qubernatoru Cey İnsli və Oreqon Ştat Senatının sədri Peter Kortni Azərbaycanın bayram sevincinə Baş Konsulluğa göndərdikləri geniş təbrik məktubları ilə qoşulub. P.Kortni məktubunda Azərbaycanın sürətli inkişafını və beynəlxalq terrorçuluğa qarşı apardığı mübarizədə ABŞ-a göstərdiyi hərtərəfli dəstəyi yüksək qiymətləndirdiklərini bildirib.

Arizona ştatından olan ABŞ konqresmeni Kirsten Sinema isə 28 mayı ştat paytaxtı Finiks şəhərini və digər mühüm şəhərləri əhatə edən öz seçki dairəsində “Azərbaycan Milli Günü” elan edib.

AzVision.az


Teqlər:





Xəbər lenti