`Bakı-2015`ə görə bu yol bağlanır

`Bakı-2015`ə görə bu yol bağlanır
  29 Aprel 2015    Oxunub:1913
Bu gün Ələt-Astara magistralının Lökbatan dairəsindən Bibiheybət məscidinə qədər olan hissəsində və əks istiqamətdə “Oyunlar zolağı”nın işarələnməsi işləri aparılacaq.
“Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yolda hərəklərin intensivliyini nəzərə alan Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC işləri sutkanın qaranlıq saatında, yəni saat 22:00-da səhər saatlarınadək aparacaq. Bu zaman yolda gçstərilən müddət ərzində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın işarələnməsi işlərinə aprelin 27-dən start verib. “Oyunlar zolağı”nın çəkilişinə ilk olaraq Ziya Bünyadov prospektindən başlanılıb. Prospektdə “Oyunlar zolağı”nın çəkilişləri artıq tam olaraq yekunlaşdırılıb.

Qeyd edək ki, eni 3,75 metr olan “Oyunlar zolağı”nın kənarlarında 25 santimetr enində sarı xətt və asfalt üzərində isə təyin ediləcək yerlərdə Bakı Avropa Oyunlarının loqotipinin şəkli çəkiləcək. I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə əsas yol şəbəkəsində “Oyunlar zolağı”nın çəkilişi işlərinin 20 gün müddətində davam etdirilməsi nəzərdə tutulub. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Oyunlar zolağı”na nəzarət ediləcək və kənar maşınların bu zolaq ilə hərəkəti tamamilə məhdudlaşdırılacaq.

İdmançıları, texniki heyəti və media yayım şirkəti nümayəndələrini “Atletlər” və “Media kəndi”ndən məşqlərə və idman obyektlərinə aparmaq üçün Heydər Əliyev prospekti - Ziya Bünyadov prospekti -“20 Yanvar” dairəsi - 20 Yanvar tuneli - Bakı-Sumqayıt yolundan geriyə (Beynəlxalq Avtovağzal ərazisindən) - Bakı Dairəvi yolu - Bakı-Ələt yolunun 2-14 km hissəsini birləşdirən marşrut, bundan başqa Ziya Bünyadov prospekti - Atatürk prospekti - Tofiq Bəhrəmov adına Respublika stadionu, həmçinin Ziya Bünyadov prospekti - Atatürk prospekti - Vaqif küçəsi - Hənifə Ələsgərov - Cəlil Məmmədquluzadə küçələri - Heydər Əliyev adına İdman Konsert kompleksini birləşdirən marşrutlardan istifadə ediləcək.

Ümumiyyətlə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır.Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.


Teqlər:





Xəbər lenti