`Ürəyimizin qapıları ermənilərə açıqdır` - Ərdoğan

`Ürəyimizin qapıları ermənilərə açıqdır` - Ərdoğan
  24 Aprel 2015    Oxunub:2892
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 1915-ci il hadisələri ilə bağlı ermənilərə başsağlığı verib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan 1915-ci il hadisələri zamanı həlak olanlara rəhmət diləyib, onların nəvələrinə başsağlığı verib.

“Erməni vətəndaşlarımız üçün xüsusi önəmi olan bu gündə Birinci Dünya Müharibəsi zamanı həlak olan bütün Osmanlı ermənilərini bir daha hörmətlə yad edir, onların övladlarına, nəvələrinə baş sağlığı diləyirəm.

Osmanlı İmperiyasına və Türkiyə Cümhuriyyətinin iqtisadi, sosial, mədəni və siyasi inkişafında rolu olan erməni icmasının xatirələrini xoş hisslərlə yad edirəm. O cümlədən səhhətindəki problemə görə müalicə edilən patriarx Mesrob Mutafyana şəfa diləyirəm”,-deyə Ərdoğan vurğulayıb.

Türkiyənin erməni əsilli vətəndaşlarına müraciət edən prezident Birinci Dünya Müharibəsi zamanı müxtəlif millətlərin nümayəndələrinin həlak olduğunu diqqətə çatdırıb: “Müharibə əsnasında etnik və dini mənsubiyyəti nə olursa olsun eyni şəraitdə həyatını itirən bütün Osmanlı vətəndaşlarını rəhmət və hörmətlə yad edirəm. Biz bu əzablarla mübarizə apara-apara və onları unutmadan Türkiyə cümhuriyyətini qura bildik. Biz yüz il əvvəl ortaq vətənimizi işğat etmək üçün dünyanın dörd bir yanından gələnlərin nəvələrini bu gün müharibəyə lənət oxumaq, sülhü və dostluğu dəstəkləmək üçün Çanaqqalada bir yerə yığa bilən mədəniyyətə sahibik.

Erməni icmasının keçmişdə təəssüf doğuran hadisələr yaşadığını bilir və onların əzabını səmimi şəkildə bölüşürük. Osmanlı ermənilərinin dünyanın hər yerindəki nəvələrinə ürəyimizin qapısı hər zaman açıqdır, bunu bilin. Sizi ürəkdən salamlayır, hamınıza sevgimi bildirirəm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti