Avropanın “soyqırım” şousu: deputatlarımız ayağa qalxdı

Avropanın “soyqırım” şousu: deputatlarımız ayağa qalxdı
  16 Aprel 2015    Oxunub:4577
Ötən gün Avropa Parlamenti 1915-ci il hadisələrinin soyqırım kimi tanınmasını nəzərdə tutan layihəni qəbul edib. Belə ki, AP-də keçirilən görüşlərdə 1915-ci il hadisələri müzakirə olunub. Keçirilən səsvermədə erməni layihəsi qəbul edilib, 1915-ci il hadisələri "soyqırım" kimi tanınıb. Layihəyə əsasən Türkiyə 1915-ci il hadisələrini "soyqırım" olaraq tanımalı və arxivləri açmalıdır.

Avropa Parlamentinin qondarma “erməni soyqırımı”nın 100 illiyi ərəfəsində belə bir addım atması Türkiyə ilə yanaşı Azərbaycanda da haqlı narazılıqlara səbəb olub.

Milli Məclisin Xocalıdan olan deputatı Elman Məmmədov AzVision.az-a açıqlamasında bildirib ki, Avropa Parlamenti belə bir qərar qəbul etməmişdən əvvəl o qərara səs verən deputatların məxsus olduğu dövlətlərin keçmişinə nəzər salsın.

Deputatın sözlərinə görə, Avropa dövlətləri tarix boyu müsəlman dünyasında, Afrikada, Asiya ölkələrində soyqırım törədiblər:

“Ərəb dünyasında törətdikləri soyqırımları, kütləvi qırğınları yadlarına salsınlar. Öz tarixlərinə baxıb xəcalət çəksinlər. Ondan sonra bu mövqeyi göstərsinlər. Türkiyə neçə illərdir deyir ki, bizim arxivlərimiz hər kəs üçün açıqdır. Siz də arxivlərinizi açın. Ermənistan, Rusiya və həmin Avropa ölkələri də öz arxivlərini açsın, görək oradan nə çıxacaq. Arxivlərdən çıxan o olacaqdır ki, həmin Avropa dövlətlərinin təlimatları, təminatları ilə ermənilər Türkiyə ərazisində türklərə qarşı soyqırım törədiblər. Həmin dövrdə türklərə qarşı soyqırım törədilib. Türkiyə ərazisində köməksiz qalmış dinc insanları, qadınları, qocaları, uşaqları ermənilər qırıblar. Bu tarixçilərin araşdırmalı olduğu məsələdir. Bu siyasət məsələsi deyil”.

Millət vəkili həmçinin bildirib ki, Avropa Parlamenti cəmi 23 il öncə ermənilərin Xocalıda törətdiyi soyqırımı yada salmalıdır: “Niyə buna qiymət vermirlər? Bu məsələyə qiymət verilmir, qalır bir kənarda, 100 il bundan öncə ermənilərin törətdiyi soyqırımı erməni saxtakarlığı ilə Türkiyəyə qarşı çevirmək, onları ittiham etmək istəyilər. Bu nə hüquqa, nə də mənəviyyata sığan iş deyil. Bu Türkiyə dövlətinə qarşı növbəti təzyiqdir. Ancaq Türkiyə böyük dövlətdir və bu təzyiqlər qarşısında da təbii ki, öz təpkisini göstərəcək”.

Deputat Rövşən Rzayev hesab edir ki, Avropa ölkələri “erməni soyqırımı”nın baş vermədiyini gözəl bilirlər: “Bu Avropa Parlamentinin birmənalı düşüncəsi demək deyil. Bu erməni lobbisinin fəaliyyətinin nəticəsidir. Tarixi yalanlar, uydurmalar, erməni hiyləsi, erməni siyasətinin yalan üstündə qurulan siyasətinin apardığı fəaliyyətin nəticəsidir. Avropa Parlamentinin deputatları özləri düşünməlidirlər ki, ciddi məsələlərə belə qeyri-ciddi yanaşırlar və belə qərarlar çıxardırlar. Amma bunu ciddi bir məsələ kimi qəbul etmirəm. Çünki bu həqiqətdən tamamilə uzaqdır”.

Tarixçi deputat Musa Qasımlı AzVision.az-a açıqlamasında bildirib ki, Avropa Parlamentinin belə bir qərar qəbul etməsi tarixi gerçəkliyi əks etdirmir, sırf siyasi məqsədlər güdür: “Hər şeydən əvvəl ona görə ki, Avropa Parlamenti 100 il bundan əvvəl olmayan bir hadisəni tarixçi funksiyasını öz üzərinə götürərək qiymətləndirir. Belə yanaşma tamamilə səhvdir. Yüz il bundan əvvəl erməni soyqırımı deyilən bir şey olmayıb. Avropa Parlamentinin belə bir məsuliyyəti öz üzərinə götürməsi təkcə yalnış deyil, eyni zamanda Avropa demokratiyasına olan inamı sarsıdır. Belə qərarların qəbul edilməsi Avropa demokratiyasına olan şübhələri daha da artırır”.

Deputatın sözlərinə görə, qərarın qəbul edilməsinin əsas məqsədi Türkiyəyə təzyiqlər etmək, onun inkişafına əngəllər törətməkdir: “Amma belə qərarlar nə qədər qəbul edilsə də, Türkiyəni öz yolundan döndərmək mümkün deyil. Türk xalqının etmədiyi bir şeyi onların üzərinə qoymaq olmaz. Avropa Parlamenti 100 il əvvəl olmamış hadisə haqqında qərar qəbul edirsə, bəs nə üçün 1992-ci ilin fevral ayında Xocalıda Ermənistanın dövlət səviyyəsində bəşəriyyətə və sivilizasiyaya qarşı cinayət edərək törətdiyi soyqırımın üstündən sükutla keçir. Hesab edirəm ki, Avropa Parlamentinin qəbul etdiyi sənəd ikili standartların nümunəsidir, sülhə, xalqlar arasında dostluğa və birgə yaşayışa xidmət göstərmir”.

Milli Məclisin deputatı Fuad Muradov Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnaməni şərh edərkən bildirib ki, burada məqsəd Azərbaycan və Türkiyənin yerləşdiyi regionu gərginlikdə saxlamaqdır.

“Təəssüf ki, Avropa Parlamenti son illər ara qızışdırmaq, sülhün bərqərar olmasına mane törətmək, heç bir əsası olmayan məsələləri gündəmə gətirməklə, onsuz da mürəkkəb olan geosiyasi vəziyyəti gərginləşdirməklə məşğuldur. Bir il bundan əvvəl istər “Avronest” Parlament Assambleyasında, istərsə də Avropanın digər qurumlarında ermənilərin belə bir fikri var idi ki, qondarma soyqırımının 100 illiyi ilə bağlı tədbirlər keçirsinlər. Biz isə Avropa deputatlarına öz fikirlərimizi bildirdik. Dedik ki, Xocalı faciəsi, 1 milyon qaçqın və məcburi köçkünün olması, Ermənistanın ikiüzlü siyasətini bir kənara qoyaraq siz tarixi bəlli olmayan bir məsələni qabardırsınız”.

Deputat vurğulayıb ki, sözügedən “sənəd”in qəbulunda əsas məqsəd tarixi məsələni gündəmə gətirmək deyil. Onun fikrincə, Türkiyə və Azərbaycana qarşı təzyiq vasitəsi əldə etmək əsas məsələdir.

Fuad Muradovun sözlərinə görə, qəbul edilən qətnamə simvolik xarakter daşıyır və bunun icrası ilə bağlı Azərbaycanla Türkiyə heç bir iş görməyəcək: “Həmin qətnamədə vurğulanır ki, Türkiyə Ermənistanla sərhədlərini açmalıdır. Görünür ki, bu, erməni lobbisinin işidir. Avropa Parlamenti ümumi olaraq hansısa fakta əsaslanmamış tarixi “hadisə”yə qiymət vermək istəyir. Azərbaycan torpaqlarının işğal edilməsi nəticəsində Türkiyə haqlı olaraq Azərbaycana və beynəlxalq hüquqa dəstək verməklə Ermənistanla sərhədlərini bağlayıb”.

Deputat vurğulayıb ki, Azərbaycan heç vaxt torpaqlarının işğal olunması ilə barışmayacaq. Fuad Muradov onu da əlavə edib ki, Azərbaycan xalqının Avropa Parlamentinə, Avropa institutlarına inamı get-gedə azalır.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti