Fransada Azərbaycan haqda kitab çıxıb
Jak Soppelsanın rəhbərliyi ilə nəşr olunan 190 səhifəlik məqalələr toplusundan ibarət kitabın ön sözünün müəllifi Fransanın ölkəmizdəki sabiq səfiri Bernar Dorəndir.
V rayonunun meriyasında keçirilən təqdimat mərasimini açan Jak Soppelsa Cənubi Qafqazın lider dövləti Azərbaycana Fransada böyük marağın olduğu nəzərə alınaraq belə bir kitabın nəşrinə zərurət yarandığını söyləyib. O, qədim və zəngin tarixə malik Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etdiyini, mühüm geosiyasi məkanda yerləşdiyini diqqətə çatdırıb. J.Soppelsa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən, Azərbaycanın bir çox beynəlxlaq təşkilatlara üzv olmasından və iqtisadiyyatının sürətlə inkişaf etməsindən də söhbət açıb.
Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov demokratik və dünyəvi ölkəmizin qədim sivilizasiyanın beşiyi kimi Şərqlə Qərbin qovuşuğunda yerləşdiyini, Rusiya, Türkiyə, İran, Gürcüstan və Ermənistanla həmsərhəd olduğunu qeyd edib. O, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik quruluşlu dövlət olduğunu, qadınlara seçib-seçilmək hüququnun verildiyini, lakin bu dövlətin cəmi 23 ay yaşadığını diqqətə çatdırıb.
Azərbaycanın yalnız 70 ildən sonra öz müstəqilliyini bərpa etdiyini, ilk illərdə iqtisadi və siyasi çətinliklərlə üzləşdiyini bildirib. Səfir 70 illik totalitar rejimdən xilas olan Azərbaycanda ötən əsrin 90-cı illərinin ortalarından sabitliyin bərqərar olunduğunu, ölkənin iqtisadi inkişaf yoluna qədəm qoyduğunu, qısa vaxtda dünyanın aparıcı dövlətləri arasında nüfuzunun artdığını bildirib. Azərbaycanın BMT, Avropa Şurası kimi beynəlxalq təşkilatlara tamhüquqlu üzv olduğu, yeraltı sərvətlərinin dünya bazarına çıxarılması sayəsində iqtisadi imkanlarının artdığı, dünyanı bürüyən iqtisadi böhrana baxmayaraq Azərbaycan iqtisadiyyatında xeyli irəliləyişlər əldə edildiyi, bu inkişafın ölkə iqtisadiyyatının modernləşməsinə şərait yaratdığı diqqətə çatdırılıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin əməkdaşı, Paris-1 Panteon Sorbon Universitetinin siyasi elmlər doktoru Turab Qurbanov kitabda toplanmış məqalələrdə bəhs edilən məsələlər barədə məlumat verib.
Qeyd edək ki, qondarma erməni `soyqırımının` 100 illiyi ərəfəsində daha çox təxribat törətməklə fəallaşan ermənilər bu tədbirdə də belə əməllərindən çəkinməyiblər. Fransadakı erməni diasporunun təqdimatda iştirak edən nümayəndələrindən biri ölkəmizin tarixinə kölgə salmaq məqsədilə təxribat xarakterli sual verib. Səfir E.Emirbəyov bu suala faktlar əsasında tutarlı cavab verib və erməni tərəfin əsassız iddalarını ifşa edib.
Teqlər: