İnsan taleyini özü yaradır – NLP texnikası

İnsan taleyini özü yaradır – NLP texnikası
  04 Mart 2015    Oxunub:23483
Babək Bayramov, NLP ustadı, biznes və yaşam koçu
Xüsusi olaraq AzVision.az üçün

“Yaxşı ağac” o ağaca deyilir ki, yaxşı bar versin. Bəs “yaxşı inək” hansı inəyə deyilir? Yaxşı ət və süd verənə. Eyni qaydada? “yaxşı tarla” da, yaxşı məhsul verən tarlaya deyilir. Göründüyü kimi, varlıqlar öz potensiallarını nə qədər yaxşı şəkildə üzə çıxara bilirlərsə, o varlıqlara “yaxşı” etiketi vurulur. Bəs “yaxşı insan” etiketini kimlərə vurmaq olar? Təbii ki, öz potensiallarını maksimum şəkildə üzə çıxara bilən insanlara.

Həyatın qızıl prinsipi

Fikrimcə, “AL-VER” sözünün sturukturu tamamən səhvdir, insanları yanlış yönləndirir. Bu söz “VER-AL” olmalı idi. İnsanlara dəyər verəriksə, insanlardan dəyər görərik. Sevgi istəyiriksə, əvvəlcə sevgini verməyimiz lazımdır. İnsan əldə etmək istədiyi şeyin dəyərini əvvəlcədən ödəməlidir.

`Bəxtəvərin bəxti var`

Qədim müdriklərdən birindən soruşurlar: “Şansa inanırsınızmı?” Cavabı çox ibrətamizdir: “Əlbəttə, yoxsa sevmədiyim insanların uğurlarını nə ilə izah edərdik?” Şans, tale, bəxt, alın yazısı kimi sözləri leksikonumuza gətirən faktor bəzilərinin öz uğursuzluqlarını gizlətmək, eqolarını sakitləşdirmək və bəhanələrini ifadə etmək üçün kəlmələrə duyduğu ehtiyacdır. İnsan taleyini özü yaradır.

Oyun zərinin 6 tərəfi var. Deməli, zərin 1-dən 6-ya qədər istənilən bir tərəfinin düşməsi ehtimalı 1/6-ə bərabərdir. Zər, sadəcə, 1 tərəfi üstə düşə bilər. Doğrudur, zərin hansısa yeri daha ağırdırsa, o tərəfi üstə tez-tez düşəcək. Fərz edək ki, ağırlıq mərkəzi proporsional olaraq bərabər paylanıb və siz zər atırsınız. Ehtimala əsasən, istədiyiniz rəqəmi 1 dəfə tutmaq üçün zəri ən az 6 dəfə, 2 dəfə tutmaq üçün 12 dəfə, 3 dəfə tutmaq üçün 18 dəfə və s. atmalısınız. Bu da mümkündür ki, istədiyiniz rəqəm ilk 6 atışda gəlməsin, lakin zəri nə qədər çox atsanız, ehtimalın reallaşmasına o qədər yaxınlaşacaqsınız.



İnsan nə istədiyini bilirmi?

Sizə “Yaşıl dovşanı düşünməyin” desəm, bacararsınızmı? Əlbəttə, mümkün deyil. Beynimizin informasiyanı qavrama şəkli bu cür işləmir çünki.

Aparılan bütün sorğular, araşdırmalar, eləcə də mənim şəxsi təcrübələrim göstərir ki, insanların çox az bir hissəsi nə istədiklərini bilirlər. Əksəriyyət nə istədiyindən çox, nə istəmədiyini bilir. “Bu, bu problemlərimin olmamasını istəyirəm, başqa heç nə istəmirəm, sadəcə, canımın bu problemlərdən qurtarmasını istəyirəm, pis vəziyyətdəyəm, çıxmaq istəyirəm” və s. kimi ifadələr tanış gəlirmi sizə? Bəli, insanların çoxu nə istəmədiyini gözəl bilir və bununla da beyinlərini nə istədiklərinə deyil, nə istəmədiklərinə kökləyirlər. Nəticədə nə baş verir? Onlar “yaşıl dovşanı” daim düşünürlər və istəmədikləri həyatı yaşayırlar.

İstəklərinizi pozitiv ifadə edin!


Hər bir neqativ ifadənin pozitiv forması da var. Məsələn, “Bu iş mənə narahatlıq verir və çətindir” cümləsini pozitiv şəkildə belə ifadə edə bilərik: “Bu iş mənim üçün rahat və asan deyil”. Bunlar təxminən eyni mənalı cümlələrdir, lakin sinir sistemimizə göndərdiyi siqnallar fərqlidir. Hər bir sözün duyğu yükü var, beynimiz kəlmələri qavrayarkən, bədənimiz bu kəlmələrin yükləndiyi duyğuların təsiri altına düşürlər.

Yapon alimi Emoto su molekulları üzərində apardığı təcrübələrlə bütün dünyaya sübut elədi ki, materiya duyğu enerjisinin təsirinə məruz qalır. O, neqativ və pozitiv sözlər yazılmış kağızları su butulkalarının üzərinə yapışdıraraq, onları dondurdu və nəticə heyrətverici oldu. Üzərində pozitiv sözlər yazılmış su molekulları daha parlaq və estetik idi, sanki “çiçək açmışdı”. Neqativ sözlər yazılan su molekulları isə bunun tam əksini göstərirdi. O, eyni təcrübəni düyü üzərində apardıqda, neqativ sözlərin təsirinə məruz qalan düyü tez xarab oldu.

“Kasıbçılıqdan canımı qurtarmaq istəyirəm” cümləsini “varlanmaq istəyirəm” ilə əvəz etmək o qədər çətindirmi? Doğrudur, bəzi hallarda cəmiyyətdə hədsiz pozitiv insanlara “arsız” çərçivəsini müəyyənləşdirənlər də olur, ancaq bu, artıq sizin probleminiz deyil. Hətta ən şad günlərinizdə belə, “çox güldüm, Allah axırın xeyir eləsin”dediyiniz anlar olubmu? Yaxud, bir avtomobil aldığınızda ətrafınızdakılardan “qəzadan-bəladan uzaq olasan” kimi “alqışlar” eşitməmisinizmi?

Bunların fərqində olun və özünüzü pozitivə kökləyin, çünki, ancaq pozitiv fikirlərlə sinir sisteminizə sizi gücləndirəcək mesajlar göndərə bilərsiniz. Ona görə də məqsədlərinizi pozitiv ifadə edin. Məqsəd qorxunc səslənməməlidir, əksinə, sizi həyata səsləməlidir, daxili təhrikə çevrilməlidir və həvəs yaratmalıdır. İstəklərinizin kökləri nəinki sizin şüurunuzda, həm də qəlbinizdə olmalıdır. Sizi həvəsə gətirməyən, motivasiya etməyən heç bir məqsəd reallaşa bilməz.



İstəyiniz reallaşana qədər istəməlisiniz

Belə olan halda, əlimizdəki zərlə 6 dəfə 6 tutmaq istəyiriksə, nə etməliyik? 6 dəfə 6 düşənə qədər zəri fərqli formalarda atmağa davam etməliyik. İstədiyimiz hər nədirsə, əldə edənə qədər istəməliyik. Aldığımız “yox” cavablarına qarşı “immunitetimizi” gücləndirməli, mütləq ora gedən yolu tapmalı, yoxdursa, yaratmalıyıq. Vaz keçməməli, daim özümüzü həvəsləndirməli və gözümüzü bir an da olsa, məqsəddən yayındırmamalıyıq. İnsanların əksəriyyəti istəklərinə nə qədər yaxın olduqlarını bilmədən vaz keçirlər.

Məlumdur ki, hər yerdə sizi gül-çiçəklə qarşılamayacaq, ayğınızın altına xalça salmayacaq, “buyurun, keçin yuxarı başa” deməyəcəklər. Bütün bunları qazanmaq üçün, əvvəlcədən dəyərini ödəməlisiniz. Kapitalist bir sistemdə yaşadığınızı əsla unutmamalısınız. Dünyanın harasına gedirsinizsə-gedin, dəyərini ödəmədən heç bir şey əldə edə bilməzsiniz. Hətta dinlərdə belə, havayı cənnət vəd edilməyib, dəyərini ibadət və itaətlə ödəməlisiniz. Dünyadakı bütün sistemlər bəsiit bir ticarət zəkası ilə çalışdığı halda, maraqlıdır ki, dünya “ağ atlı şahzadəni” gözləyənlərlə hələ də doludur.

İstəklərinizi əldə etmək üçün lazım olan resursların hamısı sizdə var

Sərvət qazanmaq, dostluq, təhlükəsizlik, sevgi münasibətləri kimi məsələlər hər bir zaman kəsiyində öz aktuallağını qoruyub. Nə istədiyini bilən azsaylı şəxslər hər zaman bu məsələlərdə uğurlar əldə etməyə nail olublar, qalanları isə şanslarını gözlədiklərini zənn edərək, vaxtı bada verir, hər gün ölümə 1 addım daha yaxınlaşırlar.

Əslində siz anadan olandan dünyanın ən şanslı varlığısınız. Ana bətninə düşən 300 milyondan çox bacı-qardaşınızdan sadəcə biri sağ qala bilib, o da SİZSİNİZ!

Güclü bir lider, varlı bir biznesmen, xoşbəxt bir ailə sahibi tanıyırsınızsa, əmin olun ki, onlar bunun dəyərini ödəyiblər və ödəməyə davam etməkdədirlər. Ola bilsin ki, şüur səviyyəsində heç özləri də bunun fərqində deyillər, lakin onlara bu həyatı gətirən effektiv zehni strategiyaları var ki, bunu da şüuraltı proqramlar həyata keçirir.

Yuxusuz gecələr, inadkar fəaliyyət, sərf edilən zaman, batırılmış pullar, tükədilmiş enerji və digər resurslarla dəyəri ödənilən istəklər yalnız layiq olduqları sahiblərinə qovuşurlar. Almazdan əvvəl verməyi mükəmməl şəkildə öyrənə bilərsinizsə, həyatınızı siz hərəkət etmədikcə heç zaman gəlməyəcək şansa bağlamış olmazsınız.


Teqlər:  





Xəbər lenti