Frans Kafkanın 12 qadını

Frans Kafkanın 12 qadını
  25 Fevral 2015    Oxunub:5526
“Sən bıçaqsan, Milena. Mən də bu bıçaqla dayanmadan içimi deşirəm…”

Yəqin ki, hamı bu sözləri Frans Kafkanın sevgilisi Milenaya yazdığını bilir və haqlı olaraq bunu oxuyan oxucu Kafkanın başqa birini sevə biləcəyini ağlına gətirmir. Hətta onun Milenadan əvvəl nişanlı olduğu və 500-ə yaxın məktub göndərdiyi Felisa Bauer haqqında eşidəndə təəccüblənməyə bilmir.
Yazdığı roman və hekayələr, Gündəlikləri və məktubları Kafka haqqında elə təsəvvür yaradır ki, onu aktiv həya tərzi keçirən, dostları, müxtəlif əyləncələri olan bir insan kimi təsəvvür etmək olmur. Kafka deyəndə çoxunun ağlına başını masaya əyib ağır-ağır əsər yazan depressiv insan gəlir.

Onun tez-tez müvəqqəti münasibətlər yaşaması da həyatındakı qadınlar barədə eşidən insana qeyri-adi təsir bağışlayır. Bu, bəlkə də bizim onu ancaq Felisa, Milena və Dora ilə tanımağımızdan da qaynaqlanır.

Halbuki Kafkanın da həyatında digər yazıçılar kimi kifayət qədər qadın olub. Yazıçı 40 illik ömrünə bir çox qadın sevgisini, eşq məktubunu sığdıra bilib.

Həssas, çəkingən və bir az da utancaq olan Kafkanın eşq həyatı 17 yaşından başlayıb. Belə ki, 1903-cü ildə ailəsi ilə birlikdə Çexiyanın Roztoki şəhərinə gedən Kafka orada Selma Kohnla ilk sevgi macərasını yaşayır. Kirayə qaldıqları evin sahibinin qızı olan Selma haqqında o, dostu Oskar Pollaka danışır. Selmanın sayəsində daha da gücləndiyini və artıq qadınlarla danışa bildiyini deyən Frans bu qızla yaşadığı sevgi hissinin onu necə dəyişdiyindən söhbət edir.

Amma Selma Kafkanın həyatındakı müvəqqəti qadınlardan sonuncusu olmayacaqdı. Belə ki, 1907-ci ildə istirahət üçün dayısı Siqfroydun evinə gedən Kafka burada qaldığı vaxtda Aqata adlı qızla birlikdə olur. Həmin il eyni zamanda vyanalı tələbə Hedviq Veylerlə də tez-tez görüşür. Onlar iki il ərzində məktublaşırlar.

Hedviq Kafkadan bir yaş balaca idi və gözləri zəif idi.



Yazıçı növbəti sevgi macərasını Qreta Kirşner ilə yaşayır. Belə ki, dahi alman yazıçısı İohan Volfanq Götenin ev muzeyinin qarolçusunun qızı olan Qreta barədə Frans 1912-ci ildə gündəliyində yazır:

“Parkda iki dəfə şəkil çəkdirdik. Biri körpünün üstündə, amma o şəkil çıxmadı”.

Bu, həmin iki fotodan biridir.



Frans Kafkanın yanında itlə çəkdirdiyi fotonu yəqin ki, çoxları görüb. Amma çox az adam bilir ki, o itin yanında qadın da var və bu qadın Kafkanın sevgilisi olub. Fotonun orjinal variantında kadrda olan qadın Praqadakı kafelərdən birində ofisiant işləyən Hensi Culiya Jokoldur. Qısa müddət Fransla görüşən bu xanım haqqında həmin fotosundan başqa heç bir məlumat yoxdur.

Ofisiant Hensi ilə münasibət qurduğu ərəfədə Kafka fahişələrə də baş çəkirdi və gündəliyində asanlıqla əldə etdiyini dediyi paltar mağazası işçisi ilə görüşü haqqında bunları yazır:

“Təhrikedici, həyəcanlı və iyrənc…”


Frans Kafka və Hensi Culiya Jokol

Bir Felisa, iki nişan. Bu necə baş verdi?

Dostu Maks Brod Frans Kafkanı naşir Rouvoltla tanış etmiş və bundan sonra 1912-ci ildə 8 hekayəsinin yer aldığı “Müşahidə” ilk kitabı nəşr olunmuşdu. Kitabın hazırlıqları ilə bağlı Kafka tez-tez Maks Brodun evinə baş çəkir və dostlar yazıçının əlyazmaları üzərində işləyirdi. Bu səfərlərin birində Frans bir müddət sonra nişanlanacağı Felisa Bauerlə tanış olur.

Belə versiya irəli sürülür ki, Felisanın həmin gün Maksın evində olması təsadüfi deyildi. Çünki yazıçı bu ərəfədə tez-tez dostu ilə həmişəlik subay qalmaqdan söhbət açırdı və heç vaxt ailə qurmayan dayısı Alfred Lövini misal çəkirdi.

Kafkanın gündəliklərində Felisa barədə ilk qeydə görüşlərindən bir həftə sonrakı tarixdə rast gəlinir:

“Xanım Felisa Bauer. Avqustun 13-ü Brodun evində olanda masanın arxasında gördüm, amma mən qulluqçuya oxşatdım. […] Boş, arıq sima. […] Paltarı eynilə ev paltarına bənzəyirdi. […] Sınmış kimi görünən burun. Cəlbedici görünməyən dik saçları, iri çənəsi var idi”.

Felisanın protez dişləri var idi və sonralar Kafkanın “cəhənnəm işıltısı” adlandırdığı bu sarı dişlərə öyrəşməyi xeyli vaxt aparmışdı.


Felisa Bauer

Felisa kim idi?

Kafka ilə tanış olanda 25 yaşı olan Felisa Bauer 1909-cu ildə Berlində diktafon şirkətlərindən birində işə başlamışdı. Ondan əvvəl isə stenoqraf kimi çalışırdı. Kariyerasında uğur qazanan Felisa qısa müddət ərzində vəkil kimi fəaliyyət göstərməyə başlayır və anası ilə atasına da baxır.

Onunla münasibətlərinin hələ yeni başladığı bir vaxtda, yəni 1912-ci ildə Kafka ən məşhur hekayələrindən biri “Hökm”ü yazır və ilk romanı “İtkin”i (“Amerika”) yazmağa başlayır. “Hökm”ü yazmaqla Kafka elə özü Felisa ilə taleyinin necə olacağının dəqiq proqnozunu vermişdi. Atası Felisanı qəbul etməyəcək və təbii ki, bu da Kafka üzərində böyük təsir buraxacaqdı.

O, sevgilisinə yazdığı məktublarında romanını tamamlaya bilməməkdən, yarımçıq qalacağından qorxduğunu deyir.

Altı ay yazışandan sonra 1913-cü il martın 23-24-də Felisayla ikinci dəfə görüşür. Bu ərəfədə Kafkanın bacısı Valli və dostu Maks Brod ailə qurur. Bu evliliklər ona da təsir edir, ailə həyatı barədə düşündürməyə başlayır. Amma Felisaya məktubunda bunları yazırdı:

“Ən çox qorxduğum şey – insanın deyə biləcəyi, yaxud eşidə biləcəyi ən pis şey budur – ki, heç vaxt mənim olmayacaqsan. Ən yaxşı halda mənə uzatdığın əlini sadiq bir it kimi öpəcəm”.

1913-cü il, 1 aprel.

Həmin il iyunun 16-da Kafka sevgilisinə evlənmək təklif edir və iyulun 1-də Felisaya göndərdiyi məktubda yazır:

“Hələ ki, təkcə məktublar vasitəsilə işgəncə verirəm, amma bir yerdə yaşamağa başlayanda yandırılmalı olan dəliyə çevriləcəm”.

Bu sözlər Felisanı qərarından daşındırmaq üçün cəhdlər idi…

Yazıçılığa çox bağlı olan Kafkanı evlənməkdən çəkindirən əsas amil də bu idi. O, evlənəndən sonra yazıçılıqla əvvəlki kimi rahat məşğul ola bilməyəcəyindən qorxurdu. Çünki Frans günorta saatlarına qədər işdə olur, yalnız gecə saatlarından başlayaraq səhərə qədər əsərlərini, məktublarını yazırdı.



“İlk dəfə xristian bir qızı tanıya bildim…”

Frans xəstələnmədən əvvəl də sanatoriyalara gedirdi. 1913-cü ildə Riva şəhərində qaldığı sanatoriyada 18 yaşlı xristian qızı Gerta Vasnerlə tanış olur. Bu zaman 30 yaşında olan Kafka onun haqqında bunları deyirdi:

“İlk dəfədir ki, xristian bir qızı tanımaq fürsəti əldə eləmişəm. Demək olar ki, ancaq onun təsiri altındaydım”.


Gerta Vasner

Gerta haqqında Felisaya da yazır:

“Sanatoriyada bir gənc qıza vurulmuşam. Uşaqdır, təxminən 18 yaşı olar, İsveçrədəndir, amma İtaliyanın Genuya şəhəri yaxınlığında yaşayır. Yetkin saymaq olmaz.

… o ərəfədə yaşadığım boşluq və kədər hissi içində ən adi qıza da vurula bilərdim”.

1913, 29 dekabr


Felisa ilə Kafkanın get-gəlli münasibətlərini qaydaya salmağa çalışanlardan biri də Felisanın rəfiqəsi Qreta Blox idi. İyirmi yaşlı Qreta 1913-cü ildən 1914-cü ilin iyuluna qədər Kafkayla yazışır və onlar 3 dəfə görüşürlər. Kafka ona cəmi 70 məktub yazıb, Qretanın cavablarından isə cəmi 1-i tapılıb.


Qreta Blox

Bəziləri Qretanı xəyanətdə ittiham edib, onu cütlüyün münasibətlərini daha da pisləşdirməkdə günahlandırıblar.

Qretanın vasitəçiliyinin ilk nəticəsi olaraq Kafka sevgilisi ilə görüşür və 1914-cü il aprelin 12-13-də nişan baş tutur. Mərasim Praqada keçirilir və cütlük sentyabrda evlənməyə qərar verir.


Felisa bu fotonu 1914-cü ildə Kafkaya göndərib

Elə həmin ilin iyulunda Berlində bir neçə dostun və Felisanın bacısının iştirakı ilə nişan pozulur. Kafka xəbəri ailəsinə məktubla göndərir.

Ayrılandan sonra da Kafka Felisayla yazışmağa davam edir. 1915-ci ilin yanvarında və 1916-cı ilin yayında baş tutan görüşlərdən sonra 1917-ci ilin iyulunda ikinci dəfə yenə Praqda nişanlanırlar. Bu dəfə isə nişanı Kafkanın vərəmi pozacaqdı.

1917-ci il avqustun 9-dan 10-a keçən gecə Frans ilk dəfə qan qusur və həmin il sentyabrın 4-ü ona vərəm diaqnozu qoyulur. O ilin Milad bayramında Felisa ilə Frans son dəfə görüşür. Bu görüş barədə Kafka Gündəliyində yazır:

“25, 26, 27 dekabr. F.-nın gedişi. Ağladım. Hər şey çox çətindir, çox səhvdir, digər tərəfdən də doğrudur”.

Felisanın sonrakı taleyi

Felisa 1919-cu ildı berlinli tacirlə evlənir, bir qızı və bir oğlu dünyaya gəlir.



Nəhayət Frans özünün dili ilə desək beş illik işgəncədən xilas olur. Dostu Maks Broda
“Azadlıq… Hər şeydən əvvəl azadlıq…”

– deyə yazır.

Vərəmin get-gedə daha da pisləşdirdiyi səhhətinə görə Frans Çexiyanın Şimali Bohemia əyalətində yerləşən sanatoriyaya getməli olur. O illərdə geniş yayılmış ispan qripinə yoluxan Kafka 1919-cu ilin martına qədər Studl pansionatında qalır.

Bu zaman 1918-ci ildə Stüdl pansionatında Minz Eysnerlə tanış olur. Gənc xanım ferma sahibəsi olmaq istəyirdi, Kafka da ona məsləhət vermək üçün bitkilər və əkinçilik texnikası ilə maraqlanırdı. Bununla əlaqədar olaraq Kafka gənc xanımla bir neçə il yazışır.


Minz Eysner

Üçüncü nişanlılıq…

Eyni pansionatda Kafkanın ikinci nişanlısı Culya Vorjek də yaşayırdı, amma onda hələ təbii ki, nişanlanmamışdılar. Kafka bu xanım haqqında 1919-cu il fevralın 6-da Maks Broda bunları yazır:

“Gənc qızdır, xəstədir, ümid edirəm ki, səhhəti çox pis deyil”.

Kafka nə vaxtsa onla evlənmək fikrindən daşınmamışdı və inanmaq istəyirdi ki, vərəm xəstəsinin də uşaqları ola bilər. Kafka özündən 8 yaş kiçik olan Culyanı evlənməyə razı sala bilir və 1919-cu ilin noyabrında evlənməyi planlaşdırır.

Culyanın atası pinəçi idi və həm də Sinaqoqda işləyirdi.


Culya Vorjek

Bundan əvvəlki evlənmə qərarında olduğu kimi bu dəfə də Kafka atası Herman Kafkaya Culya ilə ailə qurmaq fikrində olduğunu yazır. Atanın cavabı isə belə olur:

“Praqalı bütün yəhudi qızlarının elədiyi kimi yəqin ki, çox gözəl kofta geyinib və sən də onunla evlənməyə qərar vermisən. Özü də belə tələm-tələsik, bir həftənin içində. Səni başa düşə bilmirəm, yetkin adamsan, şəhərdə yaşayırsan və təsadüfi biri ilə evlənməkdən başqa ağlına heç nə gəlmir. Başqa heç bir ehtimal yoxdur?”

Kafkanın xatırladığına görə atası indiyə qədər onu heç vaxt belə alçaltmamışdı.

Nəticə etibarilə, Herman Kafka bilərəkdən, ya da bilməyərəkdən Fransla Culyanın ayrılmağına səbəb olur. Noyabrda Frans nişanı geri qaytarır, amma Culyadan birdəfəyə yox, yavaş-yavaş ayrılır. Münasibətlərin tamamilə qırılmağı isə 1920-ci ildə baş tutur.

“O qədər yaxşı idin ki, yanına sığındım… Üzümü əllərinə qoydum. Elə xoşbəxt, elə qürurlu, elə azad, elə güclü idim ki…”


Milena Yesenskaya

Kafka ən böyük sevgisi Milenanı tanıyanda 37 yaşı var idi. Onu o qədər gizli sevirdi ki, nə evlənmək lazım idi, nə də bu barədə atasına söz açmaq. Milena bıçağı ilə içini deşmək üçün heç bir maneə yox idi.

O vaxt 23 yaşında olan çex əsilli Milena Yesenskaya Kafkayla Vyanada tanış olmuşdu. O, almanca yaxşı danışa bilmirdi, amma Kafkanın özünün də icazəsi iıə “Ocaqçı”nı çex dilinə tərcümə etmək istəyirdi.

Həmin ərəfədə isə Praqada bu gənc xanım haqqında şayiələr gəzirdi ki, o, homoseksualdır və narkotik aludəçisidir.

Kafkadan əvvəl Milena kimi idi?

Anasının ölümündən sonra atası ilə yola gedə bilməyən Milena 18 yaşı olanda Ernst Pollaka qoşulub qaçmışdı. Buna görə də atası onu ruhi-əsəb dispanserinə qoyur və Milena yalnız 9 ay sonra oradan qaçır və Ernst Pollakla evlənir.

Sonralar Kafkanı tanıyan xanıım jurnalist onun “Ocaqçı”, “Hökm”, “Akademiya üçün hesabat” hekayələrini və “Müşahidə” toplusundakı mətnləri çex dilinə tərcümə edir. 1931-ci ildə SSRİ-yə səfərindən sonra kommunist olan Milena sonralar sərt etirazlarına görə ölkədən qovulur. Nasist Almaniyasının ölkəsini işğal etməsi onun da həyatına təsirsiz ötüşmür. Belə ki, o, 1940-cı ildə həbs edilir, 1944-cü ildə isə əsir düşərgəsində ölür. O, yəhudi olmasa da onlara həmrəylik gödtərdiyinə görə bu taleni yaşamışdı.



Kafkanın qaranlığındakı işıq – Milena

İndi Milenanı tanımağımızın səbəbi onun Kafkanın qaranlığına işıq salan qadın ola bilməyidir. Yazıçının ona yazdığı məktublardan da anlamaq olur ki, bütün sevgiləri arasında ən fərqli, ən mühüm yeri məhz bu xanım tutur.

Bütün atalı yetimlər kimi Kafka da hər sevgisində ailə istliyini, rahatlığını, dincliyini axtarmışdı. Və bütün axtarışlar kimi mütləq bunun da dayanacaq yeri, son nöqtəsi var idi. Bu nöqtə Milena idi…

Bircə o, Kafkanın həm sevgisini, həm də dərdini bölüşə biləcəyi qadın ola bilmişdi.

Milena ilə Vyanada yığıncaqların birində tanış olan Frans uzun müddət tərəddüd edəndən sonra onunla ikinci dəfə 1920-ci ildə 30 iyun-3 iyul tarixlərində yenə Vyanada görüşür. Hər ikisi bu görüşü heyranedici an kimi xatırlayır. O ərəfədə vərəm xəstəliyindən əziyyət çəkən Kafka Milena ilə görüşdüyü günlər ərzində bir dəfə də olsun öskürmür.

Növbəti görüş isə avqust ayında Avstriya-Çexoslavakiya sərhəddində başa tutur. Bir neçə saat davam edən görüşün qorxunc keçdiyi bildirilir.

Sevgi münasibətləri davam etsə də, heç də hər şey qaydasında deyildi. Artıq bu münasibət Kafkaya əzab verməyə başlamışdı. Amma özünün də ayrılmağa cəsarəti çatmırdı və məktublarında Milenaya yalvarırdı ki, onu atsın.



Milenanın Fridaya çevrilməsi

1921-ci ilin oktyabrındakı görüşdən sonra Kafka gündəliklərini vermək üçün Milena ilə bir neçə dəfə də Praqada görüşür. Amma münasibətləri uzun müddət davam etmir. Kafka ilə Milena 1923-cü ilin yayında birdəfəlik ayrılır.

Sonradan isə Milena Kafkanın “Qəsr” romanının “Frida”sı kimi yenidən doğulacaqdı.

Sevgililərin son “görüş”ü isə 1924-cü ildə Kafkanın ölümündən sonra Milenanın qəzetdə onun haqqında yazdığı məqalə olacaqdı.

Son öskürəkləri müşayiət edən xoşbəxtlik – Dora

1923-cü ilin iyulunda Kafka dostu Hüqo Berqmana yazır:

“Xoşbəxt deyiləm, amma xoşbəxtliyin astanasındayam”.


Dora Dimant

Dora Dimantı Kafkanın ömrünün sonuncu xoşbəxtliyi hesab etmək olar. Dora Kafkanın ailəsi ilə münasibətlərini qaydaya salmağa çalışmış, ömrünün son günlərində ona kömək etmiş və son nəfəsində yanında olmuşdu.

Kafka bu xanımı bacısı Ellinin evində qaldığı vaxt ərzində tanımışdı. O ərəfədə Dora yay düşərgəsində çalışır, Kafka isə bir neçə həftəliyinə Baltik dənizi sahilinin yaxınlığına, bacısının evinə getmişdi.

On doqquz yaşı olan polşalı yəhudi – Dora Kaflanın son bir ilinə yoldaşlıq edəcəkdi.

Həmin ilin sentyabr ayında bir müddət də sevimli bacısı Ottlanın evində qalan Kafka daha sonra Dora ilə birlikdə Berlinə qayıdır və ağırlaşan vərəm xəstəliyini maddi sıxıntı müşayiət etməyə başlayır. Halubki Kafka Dora ilə birlikdə Fələstinə gedib orada restoran açmaq xəyalı qururdu.

Yazıçı 6 ay Berlində yaşayandan sonra martın 14-ü dayısı Siqfroyd onu Praqaya gətirir. Daha sonra Avstriyadakı sanatoriyalardan birinə aparılsa da artıq Kafka üçün ümid tükənmişdi. Son olaraq yazıçını aprelin 19-da Vyana yaxınlığındakı Kirlinq sanatoriyasına gətirirlər. Burada iyunun 3-də, doğum gününə düz 1 ay qalmış dostu Robert Klopstok və Doranın yanında vəfat edir.

O, doğulduğu, böyüdüyü, tənhalığını, kədərini və nadir gələn xoşbəxt anlarını yaşadığı şəhərdə dəfn olunur. Kasper Hauzer tənhalığından daha şiddətli olan Kafka tənhalığı da onunla birlikdə məzara gedir.

Kafkasız Dora necə olur?

Kafkanın yazmağa taqətinin olmadığı son günlərində onun əvəzinə məktublarını yazan Dora yazıçının ölümündən sonra bir kommunist Lutz Laskla və SSRİ-yə qaçır. Fransın əsir düşərgələrində ölən bacıları və Milenasından fərqli olaraq Dora SSRİ-dən sonra İngiltərədən sığınacaq alır və ölənə qədər – 1952-ci il – orada yaşayır. Doranın Lutz Laskla evliliyindən Mariana adlı bir qızı dünyaya gəlir.



Kafkanın demək olar ki, həyatındakı hər qadın haqqında nə düşündüyünü, nə hiss etdiyini, onlara necə baxdığını bilirik. İStər gündəlikləri, istərsə də dostlarına və elə sevgililərinin özlərinə yazdığı məktubları bunda əvəzsiz rol oynayır. Amma Dora naməlumdu. Cəmi 1 il bir yerdə olmaqları və elə ayrı yox, bir yerdə olmaqları ona məktub göndərmək ehtiyacını aradan qaldırır və buna görə də Kafkanın Doraya hansı hisslərinin olduğu gəlib bizə çatmır.

Yazıçının nə düşündüyünü dəqiq bilməsək də kənardan baxanda Dora ona bəxş olunan xoşbəxtlik kimi görünür.


Mənbə: Klod Tibo “Frans Kafkanın çevrilmələri”
Vikipediya

Hazırladı: Fatimə Kərimli





Teqlər:  





Xəbər lenti