Kiçik çillə çıxdı, çərşənbələr başlayır...

Kiçik çillə çıxdı, çərşənbələr başlayır...
  20 Fevral 2015    Oxunub:3745
Xalq inancına görə, fevralın 20-dən etibarən kiçik çillə başa çatır və boz ay dövrü başlayır.

Uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, dekabrın 22-də başlayan qış fəsli 3 hissəyə bölünür. Böyük çillə 40, kiçik çillə 20 gün çəkir. Məlumata görə, bu təqvimlə dekabrın 21-dən yanvarın 30-dək böyük çillə, yanvarın 31-dən fevralın 19-dək kiçik çillə davam edir. Kiçik çillədən sonra Novruzadək qalan 30 gün, daha dəqiq desək, fevralın 20-dən martın 20-dək olan dövr boz ay adlanır.

Folklora diqqət yetirsək, ta qədimlərdən insanın öz ətrafında baş verən prosesləri, xüsusən də təbiət hadisələrini diqqətlə izlədiyini görmək mümkündür. Bu hadisələri onun yaşayışına, güzəranına necə təsir etməsinə görə təsnifləndirib və həmin dəyişiklikləri özünün ilkin bədii təxəyyülündə ibtidai şəkildə olsa da, obrazlaşdırmağa çalışıb. Həyatı çətinliyə salan, sıxıntılarla imtahana çəkən qışın obrazı ulu babalarımızın təsəvvüründə qorxulu, qara cizgilərlə canlanırdı. Elə buna görə də canlı danışıqda geniş yer alan “Qara qış”, “Böyük çillə”, “Kiçik çillə” kimi adlar təbiətin sərt iqliminin, diriliyə uyar olmayan çağının tarixi-semantik məzmun daşıyıcısı kimi ortaya çıxıb.

Bir çox hallarda “qış”ın əvəzedicisi kimi işlənən “çillə” sözü dərd-bəla, ağrı-acı, çətinlik, müşkül anlamındadır. Qış yerini yaza təhvil verən zaman yandırılan tonqala el arasında “çillə qovan tonqal” deyilməsi və Novruzqabağı keçirilən mərasimlərə “çillə çıxartma”, “çilləkəsmə” adı verilməsi də qışın ağrı-acı, dərd-bəla, sıxıntı kimi “çillə” obrazında folklor biçimi qazandığını göstərir. Daha mülayim olan böyük çillədən fərqli olaraq kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Həmişə sərt soyuğuna görə kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.

Onu da bildirək ki, kiçik çillənin başa çatması ilə bundan sonra havalar tədricən isinməyə doğru gedəcək. Boz ay isə martın 20-də başa çatacaq. Artıq çərşənbələr gəlir. Elə hava da çərşənbələrə görə dəyişəcək - su, od, yel və torpaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti