Lamiyənin 4 uşaq öldürən atası və uşağının atası...

  13 Fevral 2015    Oxunub : 7290
Lamiyənin 4 uşaq öldürən atası və uşağının atası...
(Eynulla Fətullayevdən sensasion araşdırma)

İllər, bəlkə də onilliklər keçəcək və mistik məhbus Lamiyə Quliyevanın faciəvi tarixçəsi əsasında yeni epik əsərlər yazılacaq.

Amma burada məsələ başqadır: Azərbaycanın balaca və əsasən istedadsız yaradıcılıq mühitində elə bir qələm sahibi tapılacaqmı ki, o, özündə qanlı qətlləri, siyasəti, param-parça olmuş taleləri və şübhəsiz ki, fəlakəti birləşdirən bir cinayətin tarixini ədəbiləşdirə bilsin? Axı bu əhvalat Balzak və ya Dostoyevski kimi insan qəlblərinin mahir bilicilərinin qələminə layiq bir dastandır. Hərçənd ki, böyük yazıçılar da bu tarixçə ilə tanış olandan sonra cinayətlə cəza arasındakı uyğunsuzluğu anlayıb sadəcə ağıllarını itirər və əlyazmalarını ocağa atıb yandırardılar. Bu ocaqlarda isə təkcə düşüncə və hisslər yox, həm də insan taleləri yanır...

Biz məhbus Lamiyə Quliyevanı Qolqofa yüksəldənlərin dualarını da, motivlərini də bir kənara qoyuruq. Cəmiyyətin bu balaca süni fəlakətə marağını nəzərə alaraq ümummilli bicin doğulması olayı üzərindəki sirr pərdəsini nəhayət ki, qaldırmaq qərarına gəldik. Özü də təkcə bir bicin yox. Çünki bu tarixçənin özü bic mayalanmanın məhsuludur. Siyasi və insani mayalanmanın...

Təkrar edirəm, məsələnin siyasi kontekstini bu dəfə bir kənara qoyuruq. Bu, bizim işimiz deyil. Oynanan bu tragikomediyanı yuxarılarda özləri araşdırıb məsələyə aydınlıq gətirərlər...

Bu faciəvi tarixçənin əsas sualından başlayaq: Lamiyə Quliyevanın həbsxanada dünyaya gətirdiyi oğlan uşağının atası kimdir?

Uşağın atası Elnur Məmədrəsul oğlu Rəsulovdur. İstintaq altında olan bu şəxs 1984-cü ildə Ağsu rayonunda doğulub. Onun uşağın atası olması faktı DNT analizinin nəticələri əsasında sübuta yetirilib. E.Rəsulov özü də Baş Prokurorluğun müstəntiqlərinə verdiyi ifadədə bunu etiraf və təsdiq edib. Deyib ki, uşağın atası odur.

Amma E.Rəsulov Lamiyə ilə kamerada görüşməsi barədə deyilənləri qətiyyətlə təkzib edib, bu versiyanı rədd edib. E.Rəsulov öz toxumunu Kürdəxanı təcridxanasının qadın məhkumlar saxlanan bölməsinə göndəribmiş.

İndi daha bir vacib suala cavab verək: E.Rəsulov Lamiyə Quliyeva ilə kamerada, yaxud Kürdəxanı təcridxanasının başqa bir yerində görüşə bilərdimi?

Mən Kürdəxanı təcridxanasında uydurma və saxta ittihamlarla 14 aydan çox oturmuşam. O təcridxananı demək olar ki, öz evim kimi yaxşı tanıyıram. Orada rəhbərliyin, türmə rəisinin icazəsi olmadan heç bir məhbus öz kamerasını tərk edə bilməz. Bundan əlavə, bu təcridxananın qadın korpusu kişi məhbusların saxlandığı korpusdan tam təcrid olunub. Bu təcridxana Avropa penitensiar sisteminin qaydalarına uyğun tikilib. Bu, sizin üçün Soljenitsının öz xatirələrində təsvir etdiyi məhbəs - kişi məhbusların lağım ataraq qadınların olduğu yerə qədər gedib çıxa bildiyi Stalin düşərgələrinin türməsi deyil. Kürdəxanı təcridxanasında kişi məhbus qadın korpusuna çatmaq üçün bir neçə maneəni, beton divarları, tikanlı məftilləri aşmalıdır.

Yəni burada türmədən qaçmaq Lamiyənin ağuşuna düşməkdən daha asandır. Üstəlik bu təcridxanada heç bir məhkum əlahiddə şəraitdə, xüsusi, ayrıca kamerada, yəni tək saxlanmır. Bura sizə MTN təcridxanası deyil ki...

Bu dilemmaya digər baxış bucağından yanaşaq: Lamiyə ilə Elnur arasında hansısa virtual məhəbbət yarana bilərdimi? Belə deyək, onlar yazışa, məktublaşa bilərdimi?

Mən belə əhvalatların dəfələrlə şahidi olmuşam. Uzunmüddətli həbs cəzası alan bəzi məhbus kişilər həyat yoldaşları tərəfindən tərk edilib (dekabristlərin qadınları artıq tarixdə qalıb). Belə kişilər öz daxili mənəvi boşluqlarını uydurma məhəbbət macəraları ilə doldurmağa çalışıblar. Sadəcə kimisə sevmək istədikləri, özlərini daxil təlatümlərdən, mənəvi əzablardan xilas etmək, yaralı ürəklərinə bir növ məlhəm qoymaq üçün!

Mənim barakdakı çarpayı qonşum Rahim adlı biri idi. O, sevgilisinə hər gün məktublar yazırdı. Real həyatda isə belə bir sevgilisi yox idi! Bir dəfə ona qadın türməsinə məktub yazıb yollamağı məsləhət gördüm. Beləliklə, bir məhkum qadınla Rahim arasında maraqlı yazışma və sevgi romanı başladı. Sonralar onlar bir-birini heç olmasa yaxından görmək eşqinə düşdülər. Nəticədə Rahim “müalicə olunmaq” üçün tez-tez türmə xəstəxanasına getməyə başladı. Elə onun sevdiyi qadın da...

Onlar orada uzun-uzadı bir-birinə baxırdılar. Rahim gəzinti vaxtları gözünü pəncərədən saatlarla çəkmirdi. Bir-birini tanımayan bu adamlar bir-birini sevirdilər, özü də ehtirasla sevirdilər...

Nə gizlədək, bunu türmədə yatan adamlar da yaxşı bilər. Bizi məhkəmələrə aparıb-gətirəndə baxışlarımız bizim kimi azadlıqdan məhrum edilmiş qadınların baxışları ilə toqquşanda başqa hisslər keçirirdik. Çoxdan itib-batmış hisslərimiz baş qaldırıb boylanırdı. Gözümüz acgözlüklə oxuduğumuz romanların qəhrəmanlarını axtarırdı. Həmin dəqiqələrdə səni romantik hisslər bürüyür, həyat eşqin güclənir, yaşamaq istəyirsən.

Məhbəs həyatının, adi dünyadan, adi həyatdan təcrid olunmağın nə demək olduğunu bilməyənlər məhbusun psixologiyasını, onun həyatdan dördəlli yapışmaq üçün daim bir məqam, hətta saman çöpü axtarmaq şövqünü çətin başa düşərlər. Daş divarların arasında həyat olmur, həyat sönüb dayanır. Sən sanki qəbirdə olursan. Yanında isə yalnız səni hər dəqiqə əzən, əzab verən keçmişin olur. Sənsə parlaq və gözəl bir həyat eşqi ilə alışıb-yanırsan. Düşünürsən ki, bu həyat qoy lap elə fantaziya və arzularında yaşasın, gerçəklikdə olmayan virtual, uydurma məhəbbətdə yaşasın, amma təki yaşasın. Sən belə bir həyatın, məhəbbətin olmadığını heç fikrən də yaxına buraxmaq istəmirsən.

Uzun müddət həbsdə yatan biri kimi bu iki gəncin hiss və duyğularını anlamaq mənim üçün çox asandır. Və mən bu iki məhbusun kamerada görüşməsi ehtimalını qətiyyətlə rədd edirəm. Elnurla Lamiyə həqiqətə yaxın idilər. Böyük ehtimalla onlar öz dünyalarında uşaq dünyaya gətirməyə qərar veriblər.

Bütün bunlardan əlavə Lamiyənin türmədə uşaq doğmağa motivi, əsası da olub. Axı onun özü də ana bətninə məhz həbsxanada düşüb! Bu haqda az sonra.

Çoxları kimi mən də 2000-ci illərin əvvəllərində - Şəmkirin o vaxtkı icra başçısı Aslan Aslanovun oğlu vəhşicəsinə qətlə yetiriləndə - belə güman edirdim ki, Lamiyə və onun sevgilisi Vüqar bu qətli törətməklə şərəf və ləyaqətlərinin tapdanmasına görə qisas alıblar. Öz namuslarını qoruyan bu gənclərin qəhrəmanlığı barədəki miflərə inanırdım. Amma əsl həqiqəti Lamiyənin öz dilindən eşidəndən sonra fikrim dəyişdi, yalançı yox, gerçək tarixçəni öyrəndim.

2012-ci ildə qadın koloniyasına baş çəkmişdim. Həbsdən çıxandan sonra bir jurnalist və hüquq müdafiəçisi kimi əlimə bütün Azərbaycan həbsxanalarını gəzib-dolaşmaq imkanı düşmüşdü. Həbsxana həyatının ruhumda qoyduğu izlər hələ qalırdı. Türmə gerçəkliyindən xilas olmaq çox çətin idi. Bu aləmdən qopub aralana bilmirdim. Türmələrə baş çəkəndə yüzlərlə məhbus mənimlə görüşürdü. Yüzlərlə insanın ürək sızladan tarixçələrini dinləyirdim. Onlar haqqında yazır, ədalət mühakiməsini haqqa-ədalətə çağırırdım. Axı çox adam ədalətsizliyin qurbanı olmuşdu.

Budur, bir dəfə də türmə rəisi dedi ki, Lamiyə Quliyeva adlı məhbus səninlə görüşmək istəyir.

Qarşımda adi əyalət qızı oturmuşdu. Onun ağlı başdan alan zahiri və ya cəlbedici daxili gözəlliyə malik olması ilə seçildiyini deyə bilmərəm. Lamiyə türmədə keçirdiyi illərin çoxluğundan şikayətlənirdi. O, azadlığa çıxmaq istəyi ilə alışıb-yanır, bu zaman özünü düşünülməmiş hərəkət etməkdə, həddən artıq emosional davranmaqda günahlandırırdı. Şikayələnirdi ki, artıq əsəbləri dözmür. Qaynar su ilə dolu çayniki həbsxana nəzarətçisi olan qadının üstünə atmasını da bununla izah edirdi.

Lamiyə məndən israrla xahiş edirdi ki, yuxarı rəislərin qapısını döyüm, onların ürəyi yumşalsın, bu axmaq hərəkətini ona bağışlasınlar.

Həmin görüşümüz zamanı jurnalist marağım məni rahat buraxmadı və mən çəkinmədən Lamiyədən artıq uzaq keçmişdə qalmış Şəmkir faciəsinin təfərrüatlarını soruşmağa başladım.

Lamiyə mənə etiraf edirdi ki, o, Vüqarla nişanlanana qədər Aslan Aslanovun oğlu ilə adaxlı (deyikli) olub. Bunu eşidəndə heyrətlənmişdim. Lamiyə deyirdi ki, o, gələcək ərinin qarşısındakı günahını yumaq üçün Ruslan Aslanovun qətlinə razılaşmaq qərarını verib. Qətl isə çox amansız olub, orta əsrlər feodal qaydalarına uyğun həyata keçirilib. Mərhumu parça-parça ediblər, onun cinsiyyət üzvünü kəsiblər.

Lamiyə bu barədə sakit danışırdı. Danışanda heç də əsib-titrəmirdi, amma bir şeyə görə peşmançılıq hissi keçirdiyini də gizlətmirdi. Gələcək əri Vüqarı onun həyatını məhv etməkdə günahlandırırdı...

Yəni əslində o, törətdiyi əməldən, bir insanın həyatını məhv etməkdən daha çox yalnız öz gələcəyi ilə bağlı peşmançılıq keçirirdi.

Sonralar mən bu qızı xatırlamamağa çalışırdım. Onun bu amansız faciədəki iştirakı məni dəhşətə gətirmişdi. Axı bir gənc məhz Lamiyənin günahı ucbatından amansızlıqla qətlə yetirilmiş, digər bir gəncin həyatı isə məhv olmuşdu. Vüqar Əliyevi də buna görə tam haqlı olaraq ömürlük həbsə məhkum ediblər.

Bu dəhşətli alın yazısının özünün ilkin səbəbləri, necə deyərlər, ona gətirib çıxaran amillər olub. Lamiyə həbsxanada uşağa qalıb. Kim bilir, bu uşağı da hansı tale gözləyir, tale bu uşağa necə bir həyat hazırlayıb. Axı Lamiyə uşağa öz atası Sahib Quliyevin adını qoyub. 1987-ci il, dekabrın 18-də anadan olan Lamiyənin özü də ana bətninə türmədə düşüb!

Bizim jurnalistlərin az qala müqəddəs əzabkeş obrazında təqdim etdiyi Sahib Quliyev qeyri-adi dərəcədə qəddar bir residivist olub.

Sahib Quliyev özünün ilk cinayətini hələ 1983-cü ildə törətmişdi. O, Andropov dövrünə xas olan cinayət - xırda oğurluq törətmiş və həbsxanaya düşmüşdü. Lakin “şokolad müddəti” - 1 il həbs cəzası almışdı.

Lakin bu da ona dərs olmur. Sahib Quliyev həbsdən çıxandan dərhal sonra bu dəfə daha ağır cinayət törədir. Şəmkir Rayon Məhkəməsi 1984-cü il, yanvarın 5-də onu 6 il 4 ay həbsə məhkum edir. Bu dəfə böyük oğurluq əməlinə görə. Sahib Quliyev cəzasını Bakıdakı 6 saylı kolonda çəkir. Arvadı Kifayət Quliyeva bura onun yanına gəlib-gedir. 1987-ci il, martın 6-dakı görüşlərtində ər-arvad uşaq dünyaya gətirmək qərarı verirlər. 9 aydan sonra da Lamiyə doğulur! İndi gəl bundan sonra alın yazısına inanma!!!

Lakin ikinci qızının - Lamiyənin doğulması da (birinci uşaqları Ləman bir qədər əvvəl dünyaya gəlmişdi) qatı cinayətkar olan Sahib Quliyevi yeni ağır cinayətlərdən çəkindirmədi. Sahib Quliyev vaxtından əvvəl şərti azadlığa çıxan kimi növbəti ağır cinayətini törətdi. Ailəli olan iki qız atası Sahib yetkinlik yaşına çatmayan qızı yoldan çıxardı. Buna görə də 1986-cı ildə Şəmkir Rayon Məhkəməsinin hökmü ilə 8 il 2 ay həbs cəzasına məhkum edildi.

Sahib Quliyev o zaman arvadının və iki qızının yaşadığı evə 15 yaşlı yeniyetmə qız gətirmişdi. Sovet dövründə isə bunu əxlaqsızlıq sayır, bağışlamır və sərt cəzaya layiq görürdülər. Bu da sizə bizim jurnalistlərin bir çoxunun “Aslan Aslanovun qisasçılığının qurbanı olmuş” şəxsin mənəvi portreti...

Lakin hələ bunlar da hamısı deyil. Lamiyənin atası özünün bütün əsas cinayətlərini sovet hakimiyyəti dağılandan sonra törədib. Sahib 1991-ci ildə türmədən qaçır. Ağdam Rayon Məhkəməsinin hökmü ilə buna görə ona daha bir cəza - 1 il həbs cəzası verilir.

Elçibəy dövrünün 1992-ci ildəki “qızıl amnistiyası” təhlükəli cinayətkarların hamısını açıb cəmiyyətə buraxdı. Sahib də onların arasında idi. Azadlığa buraxılan qatı cinayətkarlara dövlət qarşısındakı borcunu qaytarmağı - Qarabağ döyüşlərinə getməyi təklif edirlər. Bəs Lamiyənin atası nə edir? Sahib Quliyev mütəşəkkil cinayətkar dəstə yaradır. Bu bandaya keçmiş məhbuslar Nazim Adil oğlu Zeynalov, Kifayət Rəşid qızı Hüseynova, Səbuhi Adil oğlu Vəliyev və digərləri daxil idi.

Sonralar “Şəmkir qruplaşması” adını alan banda qarət və amansız qətllər seriyası törətməyə başlayır. Banda üzvləri 1993-cü il, martın 7-də Şəmkir sakini Sahibə Hüseynovun evinə quldur hücumu təşkil edərək bu günahsız qadını və onun azyaşlı qızı (!!!) İradə Hüseynovanı amansızlıqla qətlə yetirirlər!

Dəstə üzvləri növbəti cinayəti Bakıda törədir. Lamiyənin atasının başçılıq etdiyi cinayətkar dəstə 1993-cü il, iyunun 10-da Bakıda Namazovlar ailəsinin mənzilinə soxulur. Onlar yaşlı qadın olan Alagöz Namazovanı, 6 yaşlı Orxanı və Turan adlı 9 yaşlı qızı qətlə yetirirlər. Bu qanlı cinayətlər yalnız tamah məqsədilə törədilir.

Nəhayət, “Aslanovun qisasçılığının qurbanı olmuş bu müqəddəs insan” (bizim bəzi qəzetlər onu belə təqdim edir), yəni Sahib Quliyev birgə yaşadığı qadını - Aytəkin Süleymanovanı qətlə yetirir. Özü də Aytəkin qətlə yetiriləndə hamilə idi!!! Yəni Lamiyənin atası Sahib Aytəkinlə birgə öz gələcək uşağını da öldürür!

İstintaqın sonradan müəyyən etdiyi kimi, Sahib Aytəkini bandanın digər cinayətlərini ört-basdır etmək üçün öldürüb. Çünki Aytəkin haradasa bu haqda ağzından nəsə qaçırıbmış. Sahibin bandası qadını öldürməklə də kifayətlənməmişdi. İzləri tamam silmək üçün Aytəkinin cəsədini də yandırmışdı!

İndi bir qədər geriyə qayıdaq. Bu Aytəkin həmin o qızdır ki, Sahib onu yeniyetmə yaşlarında tovlayaraq öz evinə, arvad-uşağının yanına aparmış, onunla yaşamağa başlamışdı. Bu da sizə müəyyən dairələrin ciddi-cəhdi ilə cəmiyyətə “Aslanov repressiyalarının qurbanı” kimi sırınan şəxsin mənəvi siması! Bu da sizə əsl həqiqət!

Sahib Quliyev bütün bu cinayətlərinə görə güllələnmə cəzasına məhkum edildi. Amma Azərbaycanda ölüm hökmü ləğv edildi deyə ömürlük həbsə atıldı. Sahib Quliyev 2010-cu il, yanvarın 12-də isə Qobustan türməsində vərəmdən öldü.

İndi deyirlər ki, onu guya Lamiyəyə görə aradan götürüblər. Axı bu adam ömrünün az qala hamısını türmələrdə keçirib, narkotikdən istifadə edib, ağır həyat yaşayıb. Siz quldur Disması Xristlə qarışdırmaqla nə etdiyinizin fərqindəmisiniz? Özü də bunu yalnız onun naminə edirsiniz ki, quldurları dar ağacına göndərən generalı daşa basasınız? Siz Dismasdan qəhrəman düzəltməkmi istəyirsiniz?

Lamiyə Quliyevanın əhvalatı onun içində olduğu, formalaşmasına təsir göstərdiyi sosial mühitlə şərtlənir, oradan irəli gəlir. O, başqa mühitdə böyüyüb, formalaşıb. Onu başqa həyat şərtləri əhatə edib və yetişdirib.

Türmədə doğulan və türmədə doğan qadın... İnsanların alın yazısı, taleyə və onun dəyişdirilməsinin mümkün olmamasına inanan insanlar barədəki fəlsəfi fikirləri gəlin bir tərəfə ataq.

Məni bu əhvalatda Lamiyə obrazını müqəddəsləşdirməyə çalışanların pərdəarxası rolu çox heyrətləndirib. Bir şeyi bilmək lazımdır: cəmiyyəti mənəviyyatın aşınmasına, vəhşiləşməyə, dəyərlər sistemini dağıtmağa məhkum etməklə bu cəmiyyəti gələcək mənəvi-əxlaqi oriyentirlərdən məhrum edirsiniz! Ola bilsin ki, siz həyatınızın qalan hissəsini bu oriyentirlər, bu dəyərlər olmadan yaşaya bilərsiniz. Amma əxlaqi dəyərlər olmasa, azərbaycanlıların gələcək nəsillərini dərin böhrana məhkumdur...

Teqlər: