Rezidenturaya qəbul qaydaları açıqlanıb

Rezidenturaya qəbul qaydaları açıqlanıb
  30 Yanvar 2015    Oxunub:2300
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Rezidentura” jurnalının 1-ci sayı nəşr olunub.
TQDK-nın mətbuat xidmətindən AzVision.az-a verilən xəbərə görə, jurnalda rezidenturaya qəbul qaydaları, baza fənləri üzrə qəbul proqramları, test tapşırıqlarının elmi-metodiki izahı və tövsiyələr, test tapşırıqları nümunələri təqdim olunub. Qaydalara əsasən, rezidenturaya qəbul imtahanı iki mərhələdə test üsulu ilə keçiriləcək. Qəbul imtahanının birinci mərhələsi mart ayının 15-də, ikinci mərhələsi isə iyul ayının 7-də olacaq.

İmtahanın birinci mərhələsində namizədlərin baza fənləri üzrə bilikləri, ikinci mərhələsində isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə iki mərhələ üzrə ümumilikdə 200 test tapşırığı təqdim ediləcək. Bunlardan 100-ü baza fənlərinə, 100-ü ixtisas fənlərinə aid olacaq. Hər bir test tapşırığının düzgün cavabı bir balla qiymətləndiriləcək, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərməyəcək. İmtahanın birinci mərhələsindəki nəticələri TQDK-nın müəyyən etdiyi tələbləri ödəyən namizədlər ikinci mərhələyə buraxılacaqlar. İxtisas seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan edildikdən sonra aparılacaq.

Namizədlərin nəzərinə çatdırılıb ki, ötən il olduğu kimi, bu il də rezidenturaya qəbul imtahanının test bloklarına açıq tipli test tapşırıqları da daxil ediləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti