Faşizmin siyasi-fəlsəfi kökləri

Faşizmin siyasi-fəlsəfi kökləri
  29 Yanvar 2015    Oxunub:9507
Aytək Yusifsoy

XX əsri şəkilləndirmiş siyasi ideologiyaların dünya tarixinə və bəşəriyyətin ümumi taleyinə göstərdiyi təsirlər - tarixçilərin dililə desək, geniş kütlələri əhatə edən ideoloji müharibələrin real nəticələri tarixi determinizm kimi qarşımıza çıxır.


Faşizm ideologiyasına siyasi-fəlsəfi yanaşmanın məhdudluğu ondan ibarətdir ki, bu ideologiyanın daşıyıcıları belə, onun irrasionallığı barədə fikirlərini gizlətməyiblər. Lakin milyonlarla insanı səfərbər etməyə qadir ola bilən ideya konseptinin qeyri-real əsaslara söykəndiyini demək kobud səhv olardı. Başqa cür desək, ideologiyanın nəzəriyyədən çox, praktikada özünü dolğun göstərməsi onun fəlsəfi köklərinin zəif olduğu barədə fikir yarada bilər. Millətçilik yalnız bir millətə və ya bir dövlətə xas deyil, ümumilikdə milli identifikasiyasını tamamlamış hər bir millətdə rast gəlinən təbii haldır.

Alman filosofu Herder qeyd edirdi: "Hər bir tarixi dövr təkrarolunmazdır və bununla unikaldır". Dövrün ruhu hər bir millətin mentalitetində və digər təzahür formalarında özünəməxsus yer tutur. Milli ruh (almanca Volkesgeist; Geist eines Volkes) termininə məna verən dövrün ruhu-tələbi eyni zamanda müxtəlif tarixi hadisələrin cücərtisi rolunu oynayır. İncəsənətə, poeziyaya, mədəniyyət və intellektual sahələrə nüfuz edən milli ruh hər bir millətdə fərqli olduğundan, dövrün tələbinə cavab reaksiyası da fəqli olur.

Faşizm anlayışı səsləndiyi zaman insanların gözündə Benito Mussolini və Adolf Hitlerin portretinin canlanması faşizmin yalnız italyanlara və almanlara məxsus olduğu mənasına gəlmir. Faşizm-nasizm özlüyündə mahiyyətcə nizamlı olduğundan, ola bilsin ki, bu nizamlı quruluş alman və italyan psixologiyasına daha uyğun gəlib.

XVI əsrdə ilk utopik sosializm, XVII-XIX əsrlərdə liberalizm, konservatizm kimi siyasi-fəlsəfi ideologiyaların formalaşdığı vaxtlarda, hələ XIX əsrin sonlarında faşizmin dünya tarixinı əbədi iz qoyacağı heç kəsin təsəvvürünə gəlmirdi. 1895-ci il Fridrich Engels Karl Marksın "Fransada sinfi mübarizə" kitabının yeni nəşri üçün yazdığı ön sözdə qeyd edirdi ki, kommunizm tezliklə geniş kütlələrə sirayət edəcək, bu populyar tanınma isə təbii olaraq, solların seçicilərini, yəni sosial bazasını genişləndirəcək. Engels yalnız konservativləri özlərinə zəif rəqib kimi görürdü.

Məhdud çərçivədə faşizm terminindən Benito Mussolini hakimiyyətini alman nasizmindən fərqləndirmək üçün istifadə olunur. Lakin ümumilikdə alman nasional-sosializmi, yapon militarizmi, şovinizm və onlara qohum ideologiyaları da bu terminlə xarakterizə edənlər az deyil. Faşizm - italyanca `toplu, dəstə` mənasını ifadə edən "fascio" sözündəndir. Sözün köklərini araşdırsaq, latın mənbələri və Roma tarixinə nəzər salmalı olacağıq. Qədim Romada mərasimlər zamanı paradın önündə hakimlər parçaya bükülmüş balta daşıyırdılar ki, həmin balta "fasces" adlanırdı. O, dövlətin gücünü və birliyinin simvolu idi. Fascesi daha bir simvolun tərkib hissəsi kimi görmək mümkündür. Belə ki, Fransız Cumhuriyyətinin simvolu olan "Marionne" həmrəyliyin gücünü ifadə edən bir fasces daşıyırmış kimi təsvir edilirdi. Daha bir maraqlı məqam ondan ibarət idi ki, 1914-cü ilə qədər fasces simvolunu əsasən sollar mənimsəmişdilər.

1914-cü ildə isə İtaliyanın birinci dünya müharibəsinə qatılması üçün çalışan sol milliyyətçilər səfərbərlik ruhu və həmrəylik ehtiraslarını daha yaxşı ifadə etmək üçün "Fascio Rivolizionario d`Azione İnterventesta" (italyanca) adını seçdilər. Benito Mussolinin də qoşulduğu bu qrup müharibəyə başlamağın bitərəf mövqe tutmaqdan daha şərəfli olduğunu düşünürdü.

Fikrimcə, faşizm termini ilkin kökünə sadiq qalaraq dövlətin qüdrəti anlamında məhdudiyyətsiz hakimiyyəti, antidemokratik quruluşu ifadə edir, lakin tarixi hadisələrin gedişi ona yeni çalarlar qatdı. Təsadüfi deyil ki, italyan faşizmi və alman nasional-sosializmini fərqləndirildiyi zaman birincisinin dövlətə, ikincisinin daha çox millətə xidmət etdiyi qənaətinə gəlinir. Alman nasizmində millət fərddən, lider isə millətdən üstün tutulduğu halda, İtaliyada dövlət amili bütöv bir fenomen kimi şərh edilir, anoloji olaraq lider obrazı şişirdilirdi. Daha bir fakt ondan ibarət idi ki, Almaniyada antisemitizm kulminasiya nöqtəsində olduğu halda, İtaliyada o qədər də qabarıq müşahidə olunmurdu.

Tarixi nöqteyi-nəzərdən ustalıqla şərh edilən faşizmin nəzəri əsasları heç bir zaman yetərli olmayıb. Fikir tarixində alman filosofu Fridrich Nietschenin faşizmin ilk ideya əsaslarını verməsi barədə görüşlər mövcuddur. Bu isə əsasən Nietschenin Adolf Hitler dünyagörüşünə təsiri ilə bağlıdır. Nəzər salaq:

- `Tanrının ölümü` tezisi ilə bütün Avropanı saran böyük filosofun yaratdığı boşluq insanları nihilizmə sürükləyir, lakin eyni zamanda Nietsche çıxış yolunu da göstərir. Problematik xarekterilə seçilən bu fəlsəfədə tanrı boşluğu tələb edir ki, əgər o yoxdursa, deməli insan özü-özünü mövcud etməlidir. Bunu isə yalnız fövqəlinsan (almanca. Übermensch) bacara bilərdi.

- Hitler hələ həbsxanada olduğu vaxt qələmə aldığı "Mənim Mübarizəm" ("Mein Kampf") əsərində dövrün mövcudolma yarışı olduğunu dərk edir və yazırdı: "Namus və gücdən yoxsul millətlər gec-tez məhvə məhkumdur". Hitlerə görə, bu məhvolma təbiətin ədalətli hökmü idi. "Zəifə ağrımaq təbiətə xəyanətdir" arqumentilə sosial darvinist mövqedən çıxış edir, güclü alman xalqının özünü mövcudetmə gücünə malik olduğuna inanırdı.

Nietschenin fövqəlinsanı Hitler üçün yalnız ari irqindən olan alman ola bilərdi. Bəs Nietscheyə millətçi-faşist demək nə qədər düzgündür? Filosof heç bir əsərində "antisemitləri, almanları və ya ari irqini" üstün saymır. Hətta "Antixrist" ("Der Antichirist") əsərində almanlara qarşı mənfi fikir də bildirir. Qısası, Nietschenin fövqəlinsanın prototipi Hitler və ya başqa biri deyil, o, hələ yoxdur.

Bütün bu görüşlərin nəticəsi olaraq, mövcudluq savaşı `faşizm` altında adı hallanan millətlərin milli böhrandan çıxış yolu idi. ABŞ, Fransa, Böyük Britaniya kimi ölkələr qismən təmin olunsa da, Almaniya, İtaliya kimi dövlətlərin milli özünütəsdiqə ehtiyacları var idi.

Faşizmin siyasi cərəyan kimi meydana çıxdığı I Dünya Müharibəsi sonrası Versal - Vaşinqton sistemi "Ya öl, ya var ol" seçimilə millətlərə yeni bir istiqamət vermişdi. Üstəlik, müstəmləkələrin milli fərqlər nəzərə alınmadan paylaşdırılması da milli zəmində münaqişələrə rəvac verirdi. Ona görə də, faşizm milli böhrana məruz qalmış, dövrə uyğun olaraq demokratik ənənələrin zəif olduğu ölkələrə daha sürətlə sirayət edirdi.

1929-1933-cü il böhranı da hadisələrə az təsir göstərməmişdi. Kapitalizm dövrünün məhsulu olan millət anlayışı kimi, dolayı yolla milli böhran da kapitalizmin yetirməsi idi. Kommunistlər ilk vaxtlar belə hesab edirdilər ki, faşizm yalnız kapitalist böhranının səthi həlli ola bilər. Siyasi ideologiyalar arasında sərhədlərin mütəhərrikliyi faşizmlə digər ideologiyaların müqayisə olunmasına tələbat yaradır.

Kommunizm və faşizmin hər ikisində iqtisadiyyata dövlət nəzarəti, idarəetmədə totalitarizm, siyasi həyatda təkpartiyalılıq xas olsa da, onları eyniləşdirmək primitivlikdir. Kommunizm sinfi fərqləri nəzərə almaqla beynəlmiləlçi xarekterə malik olsa da, faşizm millətçi xarakter daşıyırdı. Beynəlmiləlçi - millətçi baxışları eyniləşdirmək qəti yanlış olsa da, reallıqda Sovet dövlətinin almanlara qarşı millətçiliyini gözardı etmək olmaz. Bu baxımdan müharibənin yalnız 1942-ci ilə qədərki dövrünü ideoloji saymaq olar. Artıq 1942-ci ildə "Pravda" qəzetində "Almanı öldür!" başlığı altında məqalə dərc olunmuşdu. Millətçiliyi millətçiliklə məhv etməyə çalışmaq isə məntiqi olaraq real ideoloji fərqləri sıradan çıxarırdı.

Konservatizm - yəni ənənələrə sadiqlik faşizmdə keçmişə dönüş kimi özünü göstərirdi. Konservatorlar kimi faşistlər də milli dəyərlərə önəm verir, millətin əxlaqi yüksəlməsinə can atırdılar. Faşizmin kütlə arasındakı ən böyük dəstəkçisi olan miflər də milli mədəniyyətin nümunələri idi. Hitler özü homoseksuallara, fahişələrə, narkoman və alkoqoliklərə nifrət edir, onların alman əxlaqına zidd olduğunu qeyd edirdi.

Liberalizm- fərdin azadlığını ön plana çəkən siyasi ideologiya ilə faşizmdə oxşar cizgilər demək olar ki, məntiqi baxımdan mümkünsüzdür. Fəlsəfənin "təkcə" və "ümumi" kateqoriyalarına nəzərən diqqət etsək, fərd - təkcədir, cəmiyyət, millət isə ümumi olandır. Liberalizmdə fərd üstün götürüldüyü halda, faşizmdə tam əksinədir. Lakin nasizm mövqeyindən elə millət bütövdür, yəni birdir.

Faşizm parlamentarizmə qatı əks mövqedə dayanır, sosial-siyasi həyat sferasında total xarekter daşıyırdı. İtaliyada faşizm siyasi sistem kimi işlənib hazırlanıb. Təhsil naziri Giovanni Gentile aktual idealizmlə yanaşı, təhsildə faşizmin istifadə formalarını yaş psixologiyasına əsasən təsis edən bacarıqlı filosof idi. Təhsil sahəsi də digər sahələr kimi dövlət tərəfindən tələb olunan insan yetişdirirdi. Almaniya da bu sahədə heç də İtaliyadan geri qalmırdı.

Hər şeydən, əvvəl Almaniyanın qibtə ediləcək natiqlik istedadına malik siyasi lideri var idi. XX əsrin Heidegger kimi filosofu da Hitlerin təsiri altına düşmüşdü. İtaliyada "skuadre" dəstələrinin, Almaniyada isə "SS" zabitlərinin intizamı, bacarığı və dəqiqliyi əks qüvvələri belə özünə heyran qoymuşdu.

Ümumiyyətlə, faşizmin ilk siyasi hakimiyyəti əldə etməsi (1922-ci il 23 mart) Mussolini dövrünə təsadüf etsə də, çiçəklənmə dövrü 1933-cü ildə Hitlerin hakimiyyəti gəlməsilə başladı. 1933-cü il faşizm hərəkatı dünyanın 23 ölkəsinə yayılmışdı. İkinci dünya müharibəsindən sonra da Portuqaliyada Salazar, Çilidə Pinoçet, İspaniyada Franko rejimləri faşizmin yaşadığını sübut edirdi. Müasir dövrdə Rusiyada, Almaniyada, Fransada neofaşistlər fəaliyyət göstərirlər. Bu hərəkatlar kifayət qədər təhlükəli xarekterə malikdir.


Teqlər:  





Xəbər lenti