`Bu, mənim ideyam idi` - Nazarbayev `Yeni SSRİ`-dən danışdı

`Bu, mənim ideyam idi` - Nazarbayev `Yeni SSRİ`-dən danışdı
  22 Dekabr 2014    Oxunub:2255
Qlobal böhranla əlaqədar, Avrasiya İqtisadi İttifaqı böyük riskə məruz qalır.
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev bu fikri yerli telekanalların aparıcı jurnalistlərinə müsahibəsində söyləyib.

N.Nazarbayev deyib: “Biz Avrasiya İqtisadi İttifaqının yaradılması haqqında Müqaviləni Astanada imzaladıq. Bu, mənim ideyam idi. Mən həmin fikri 20 il bundan əvvəl Moskva Dövlət Universitetində söyləmişdim. Açığını deyim ki, bu gün böhranla əlaqədar, Avrasiya İqtisadi İttifaqı böyük riskə məruz qalır”.

Qazaxıstan Prezidenti vurğulayıb ki, risklərə baxmayaraq, Avrasiya İqtisadi İttifaqı iştirakçı ölkələrin rifahı naminə fəaliyyət göstərəcəkdir.

N.Nazarbayev fikrini belə tamamlayıb: “Gömrük İttifaqı çərçivəsində ilk illərdə ticarət dövriyyəsinin həcmi 40 faizə qədər artmışdı. Təbii ki, indi bu göstərici azalacaq, çünki bütün dünyada tənəzzül gedir. Pul ifadəsində tənəzzül göz qabağındadır. Lakin natural ifadədə əmtəə mübadiləsi və müştərək müəssisələr yaradılması artımla davam edir, çünki sərhədlər açılıb, insanlar yerlərini dəyişir, qatarlar və yüklər yoxlanılmır. Bu mənada məkan üç dövlət həcmində genişlənib. İqtisadiyyat bərpa olunacaq və bu, hamımızın xeyrinə olacaq”.

Prezident Nursultan Nazarbayev əhalini təşvişə düşməməyə və valyuta bazarında ajiotaj yaratmamağa çağırır.

Dövlət başçısı vurğulayıb: “İndi biz dünyada, Rusiyada valyuta ilə bağlı hadisələri müşahidə edirik və bunun bir axırı olacaq. Biz hamınız bunu gözləyirik. Bu gün Qazaxıstanda heç bir hadisə baş vermir, narahat olmaq, ajiotaj yaratmaq lazım deyil. Bizdə əhalinin banklardakı əmanətlərinə təminat verilir. Bizdə xüsusi fond yaradılıb. Yəni biz daxili sabitliyi təmin edəcəyik”.

Nursultan Nazarbayev onu da qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyalarının Qazaxıstana birbaşa aidiyyəti yoxdur.

Dövlət başçısı qeyd edib ki, “Nurlı ğol” proqramı ölkəyə çox şey verəcək. Bu proqramın həyata keçirilməsi mümkündür, çünki Qazaxıstanda Milli Fond var, uzun illər həmin Fondda vəsait toplanır. Əhalinin həyat səviyyəsinin aşağı düşməsinə yol verməmək üçün bu Fondun vəsaitləri xərclənəcək. (AzərTAc)


Teqlər:





Xəbər lenti