Xoşbəxt Yusifzadəyə Rusiyada vəzifə verildi

Xoşbəxt Yusifzadəyə Rusiyada vəzifə verildi
  22 Dekabr 2014    Oxunub:2253
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Xoşbəxt Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilib.
AzVision.az Azərbaycan Dövlət Neft Şirkətindən verilən məlumata görə, dekabrın 20-də Rusiya Təbiət Elmləri Akademiyasının vitse-prezidenti, texnika elmləri doktoru, Rusiya Federasiyasının əməkdar ixtiraçısı Əzizağa Şahverdiyev SOCAR-da olmuş, Rusiya Təbiət Elmləri Akademiyası xarici üzvünün diplomunu, vəsiqəsini və döş nişanını Xoşbəxt Yusifzadəyə təqdim etmişdir. Ə Şahverdiyev bildirmişdir ki, dünyanın nüfuzlu elmi mərkəzlərindən sayılan Rusiya Təbiət Elmləri Akademiyası 1991-ci ildə görkəmli elm xadimləri, Nobel mükafatı laureatları tərəfindən yaradılıb.

Hazırda Akademiya öz sıralarında dünya şöhrətli 200-dən artıq alimi birləşdirir. Bunlardan bir çoxunun Rusiya Elmlər Akademiyasının və digər akademiyaların həqiqi üzvləri olduğu vurğulanmış, bildirilmişdir ki, onların arasında ABŞ, Almaniya, İngiltərə, Çexiya, Vyetnam və Gürcüstan alimləri də vardır. Görkəmli geoloq, AMEA-nın həqiqi üzvü X. Yusifzadənin elmi yaradıcılığı və praktiki fəaliyyəti başqa ölkələrdə olduğu kimi Rusiyada da yaxşı tanınır və yüksək qiymətləndirilir.

Ə Şahverdiyev Xoşbəxt Yusifzadəni Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçilməsi münasibəti ilə təbrik etmiş, ona gələcək fəaliyyətində yeni yaradıcılıq uğurları arzulamışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik X. Yusifzadə Rusiya Təbiət Elmləri Akademiyasının xarici üzvü seçildiyinə görə təşəkkürünü bildirmiş, elmi yaradıcılığının bundan sonra da neft elmi sahəsində yeni-yeni nailiyyətlərə yol açacağına ümid etdiyini söyləyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti