`Dağlarda böyümüşəm...` - Prezident uşaqlığından danışdı
Virtualaz.org saytı Qazaxıstan KİV-lərinə istinadən xəbər verir ki, N.Nazarbayev bunu bu gün yerli telekanallara müsahibəsində bildirib. Prezident müsahibəsində uşaqlığından, həyat tərzindən, geyimindən də bəhs edib.
“Prezidentlərin işi gərgindir. Bu işə bütün qüvvəni sərf etməli olursan. Ona görə də səhhətində hər şey qaydasında olmayan, sağlamlığında problemi olan adamlar bu postda yaxşı işləyə bilmirlər. Allaha şükür ki, valideynlərim mənə sağlam genlər ötürüblər. Dağlarda böyümüşəm. Hələ uşaqlıq illərində dağlarda çox qaçardım. Ola bilsin ki, bu da məni möhkəmləndirib. Yaş keçdikcə idmana da meyl saldım. İndi özümü idmansız təsəvvür edə bilmirəm” - deyə Qazaxıstan prezidenti bildirib.
Nazarbayev deyib ki, bir çox idman növlərini öz ölkəsində məhz o, özü dəbə mindirib: “Dağ kurortu olan Çimbulaqda dağ xizəkçliyini məhz mən başlamışam. Əvvəl orada heç kəs olmazdı. İndi orada adam əlindən tərpənmək olmur. Qazaxıstanda böyük tennislə ilk dəfə mən məşğul olmağa başlamışam. İndi bütün vilayətlərdə bu idmanla məşğul olurlar. Qolf topuna ilk zərbəni 1996-cı ildə mən endirmişəm. İndi hər yerdə qolf oynayırlar. Mən at çapmağa başladım. Atçılıq idmanı bundan sonra inkişaf etməyə başladı. Şadam ki, gənc qazaxlar bu məsələdə məndən nümunə götürürlər. Bu da yaxşıdır. Özünü həmişə yaxşı formada saxlamalısan. Möhkəm sağlamlığım, əməklə və idmanla məşğul olmağım mənə bu işdə kömək edir. Mən kəndli ailəsindən çıxmışam. Uşaqlıqdan fəhlə-kəndli olmuşam. Metallurgiya fəhləsi olmuşam. Bel, külüng əlimdən düşməyib. Bunlar da məni möhkəmləndirib. Ona görə də bədənim prezidentin gərgin iş qrafikinə dözür”.
Nazarbayev müsahibəsində şəxsi həyatı ilə bağlı daha bir maraqlı detala toxunub. Prezident deyib ki, özünə pal-paltar seçərkən, yaxud geyinərkən köməkçilərinin xidmətindən istifadə etmir: “Bu yaxınlarda internetdə mənimlə bağlı belə bir müzakirə aparırdılar ki, görəsən, Nazarbayev kostyumlarını haradan alır, onun üçün qalstuku kim seçir və s. Mənə heç kim qalstuk seçmir. Mənim heç stilistim də yoxdur. Xüsusi olaraq mənim kostyumlarımla, geyim-kecimimlə məşğul olan şəxs də yoxdur. Bəzi prezidentlər isə bu adamları özləri ilə hətta xarici səfərlərə də aparırlar. Mən isə bütün bu məsələlərlə şəxsən özüm məşğul oluram”.
Teqlər: