Fransada qalmaqal -`Hafka`nın imzasını kim saxtalaşdırıb?

Fransada qalmaqal -`Hafka`nın imzasını kim saxtalaşdırıb?
  19 Dekabr 2014    Oxunub:1532
Fransanın “Lans” klubu və oliqarx Hafiz Məmmədov ətrafında yaşanan qalmaqalda gözlənilməz dönüş yaranıb. Hələ bir ay əvvəl, noyabrın 21-də haqqin.az azərbaycanlı oliqarxın-fransız klubunun sahibinin biznes-imperiyasının defolt vəziyyətində olmasını xəbər vermişdi. H.Məmmədov klubun büdcəsinin bir hissəsini örtmək üçün lazım olan 2.5 milyon avronu ödəmək imkanında deyildi. Doğrudur, o vaxta qədər H.Məmmədov “Lans”a 2 milyon avro ödəmişdi və klubun büdcəsinə cəmi 10 milyon avro xərcləmişdi.

AzVision.az-ın virtualaz.org-a istinadən məlumatına görə, Fransız klubunun problemi ondan ibarət idi ki, H.Məmmədov 9.5 milyon avronu iki tranşda-noyabrın 21-nə qədər 2.5 milyon, gələn il fevralın 7-nə qədər isə 7 milyon avronu ödəmək imkanı yox idi. Bu isə “Lans”ın Fransa futbolunun yüksək liqasından diskvalifikasiyasına gətirib çıxarardı. Noyabrın 21-də Azərbaycan dövlətinin timsalında idman və gənclər naziri Azad Rəhimov və Azərbaycan hökumətinin digər yüksək rütbəli rəsmiləri Fransa tərəfini əmin etdilər ki, “Lans”ın problemləri həll olunacaq. Və ölkə rəhbərliyi bu maliyyə problemlərinin qısa vaxtda həll edilməsinə göstəriş verdi. Belə ki, “Lans”ın diskvalifikasiyası bütöv ölkənin imicinin Fransada korlanmasına gətirib çıxarardı.

Lakin “Lans”ın problemlərinin həlli cəhdləri nə qədər qəribə olsa da yeni qalmaqala yol açıb. Haqqin.az və virtualaz.org saytlarının Fransadakı mənbələri bildirir ki, Parisdə “Lans” klubu və Azərbaycan hökuməti ətrafında yeni qalmaqal yetişir. Məlum olub ki, Azərbaycanın H.Məmmədov ətrafında yaranmış problemlərin həlli üçün göstəriş almış bəzi siyasi dairələri noyabrın sonlarında “Lans”ın büdcəsinə oliqarxın adından 2.5 milyon avro köçürüb, ancaq onun özünün xəbəri olmadan! Bu şok məlumat bir sıra mötəbər və informasiyalı mənbələrdən təsdiqlənir.

Yəni Azərbaycanda kimlərsə “Lans” prezidenti və klubun səhmlərinin üçdə birinin sahibi Jerve Martellə sövdələşməyə girib və onunla saxta müqavilə bağlayıb, həmin müqaviləyə H.Məmmədovun adından saxta imza atılıb.

Bu maliyyə fırıldağı nədən ibarətdir? Məsələ burasındadır ki, klubun büdcəsinə 2.5 milyon avronun ödənilməsi üçün müqaviləni bir tərəfdən Jerve Martel, o biri tərəfdən isə...H.Məmmədov imzalayıb. Üçüncü tərəf qismində isə “Point ti Point” adlı hansısa offşor şirkət çıxış edib. Lakin Fransada belə məlumat var ki, H.Məmmədov bu sənədi imzalamaqdan imtina edib. Həmin müqaviləyə əsasən bu il dekabrın 20-nə qədər onun şirkəti “Point to Point”ə 9.5 milyon dollar ödəməlidir. Hansı ki, həmin məbləğin bu offşor şirkət tərəfindən “Lans”ın büdcəsini doldurmaq üçün guya H.Məmmədova borc verildiyi göstərilir.

Bəs H.Məmmədov bu müqaviləni imzalamaqdan niyə imtina edib? Ona görə ki, dekabrın 20-nə qədər H.Məmmədov bu pulları qaytarmasa (hansı ki, onun maliyyə vəziyyəti həmin məbləği ödəməyə imkan vermir) o zaman klubun səhmlərinin üçdə ikisi həmin offşor şirkətin mülkiyyətinə keçəcək. Bu şirkətin arxasında isə Azərbaycanın nüfuzlu şəxslərindən biri dayanır, şirkət onun yaxın qohumunun adına qeydiyyatdan keçib. H.Məmmədovun müqaviləni imzalamaqdan imtina etdiyinə əmin olandan sonra həmin nüfuzlu şəxs onun imzasını saxtalaşdırıb. Və həmin müqavilə Fransanın peşəkar klubların büdcəsinə nəzarət üzrə komissiyaya-DSNJ-yə təqdim olunub. İndi təsəvvür etmək olar ki, əgər H.Məmmədov imzasının saxtalaşdırıldığını bəyan etsə necə qalmaqal yaranacaq. Saytımızın H.Məmmədovdan şərh almaq üçün göstərdiyi bütün cəhdlər boşa çıxıb.

Redaksiya həmçinin “Lans” prezidenti Jerve Martelə və DSNJ-yə müvafiq sorğu göndərib. Redaksiya H.Məmmədovun imzasını kimin saxtalaşdırdığı və “Point to Point” şirkətinin sahibinin kimliyi haqda məlumata malikdir. Hazırda biz bu informasiyanı dəqiqləşdiririk və Azərbaycanın nüfuzlu nazirlərindən birinin bu əhvalatla hansı əlaqəsinin olduğunu aydınlaşdırmağa çalışırıq. Yaxın günlərdə bu böyük qalmaqalın tərəflərindən şərh almaq mümkün olsa biz H.Məmmədovun adından maliyyə sənədlərinin necə saxtalaşdırıldığına dair şok təfərrüatları da oxuculara çatdıracağıq.


Teqlər:





Xəbər lenti