Almaniyada da Heydər Əliyevin xatirəsini andılar

Almaniyada da Heydər Əliyevin xatirəsini andılar
  12 Dekabr 2014    Oxunub:1336
Azərbaycanın Almaniyadakı səfirliyi Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində Berlində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anma tədbiri keçirib. Tədbir Azərbaycanın Almaniya Federativ Respublikasındakı səfirliyində baş tutub.
Tədbiri açan Almaniyadakı səfir Pərviz Şahbazov çıxışında ümummilli lider Heydər Əliyevin öz həyatını bütövlükdə Azərbaycanın inkişafına həsr etdiyini, onun çoxşaxəli irsinin öyrənilməsinin gələcək nəsillər üçün vacibliyini qonaqların diqqətinə çatdırıb. Ölkə səfiri qonşu Ermənistanın hərbi təcavüzünün və ölkə daxilində hərc-mərcliyin hökm sürdüyü bir şəraitdə Heydər Əliyevin xalq tərəfindən ölkəyə rəhbərliyə dəvət edilməsinin Azərbaycanın düşdüyü ağır vəziyyətdən çıxmasına və yenidən dirçəlməsinə, habelə yeni inkişaf yoluna qədəm qoymasına səbəb olduğunu qeyd edib. Heydər Əliyevin uzaqgörən xarici siyasət kursunun bu gün də uğurla davam etdirildiyini vurğulayan Azərbaycan diplomatı bu siyasət nəticəsində ölkəmizin regionun lider dövlətinə çevrildiyini ifadə edib.

Daha sonra çıxış edən Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samira Patser-İsmayılova ümummilli lider Heydər Əliyevin milli və dünya musiqisinin böyük bilicisi olduğunu, daima ölkə musiqisinin inkişafına dəstək verdiyini vurğulayıb və onun adını daşıyan fondun Azərbaycan musiqisinin inkişafına verdiyi mühüm töhfələrdən söhbət açıb.

Tədbirin rəsmi hissəsindən sonra Heydər Əliyevin xatirəsinə həsr olunmuş xatirə konserti və ümummilli liderin həyatını və siyasi fəaliyyətini əks etdirən kitab sərgisi təşkil olunub. Konsertdə Almaniyada yaşayan azərbaycanlı musiqiçilər Nərmin Nəcəfli, Alina və İlya Levinskinin ifasında Azərbaycan və Qərb bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirin sonunda qonaqlar şam süfrəsinə dəvət olunub.

Tədbirdə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin məsul əməkdaşları, Almaniyada yaşayan azərbaycanlı və türk diaspor nümayəndələri, Almaniyanın elmi və siyasi dairələrinin təmsilçiləri, Almaniyada təhsil alan azərbaycanlı tələbələr və tədqiqat aparan gənc elmi işçilər, eləcə də Alman-Azərbaycan Forumunun idarə heyətinin üzvləri iştirak ediblər.

AzVision.az


Teqlər:  





Xəbər lenti