“Ermənistan vətəndaşlarımızı hüquqlarından məhrum edib” – XİN
Nazir Elmar Məmmədyarov Azərbaycanda vətəndaş cəmiyyətinin dinamik surətdə inkişaf etdiyini, dövlət tərəfindən bu sahənin inkişafına hərtərəfli dəstək göstərildiyini və ardıcıl demokratik islahatların həyata keçirildiyini qeyd edib.
İnsan hüquqlarından danışarkən Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində ən əsas hüquqlarından məhrum olan və etnik təmizləməyə məruz qalan bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarının bərpa edilməsinə lazımı diqqət yetirilməsinin vacibliyini diqqətə çəkib. O əlavə edib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin insan hüquqlarının qorunmasına dair fundamental beynəlxalq sənədlərdə təsbit olunmuş ən ümdə hüquqları, o cümlədən yaşamaq hüququ kobud şəkildə pozulub.
Beynəlxalq ictimaiyyətin bu məsələdə fəal mövqe nümayiş etdirməli olduğunu deyən Nazir Elmar Məmmədyarov ABŞ-ın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları məsələsinin müxtəlif formatlarda gündəmdə saxlanmasının münaqişənin həllinə töhfə verə biləcəyini deyib.