Bəşər Əsəddən etiraf: “İŞİD-ə qarşı mübarizə nəticəsizdir”

Bəşər Əsəddən etiraf: “İŞİD-ə qarşı mübarizə nəticəsizdir”
  03 Dekabr 2014    Oxunub:2845
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın “İraq və Şam İslam Dövləti” yaraqlılarına endirdiyi aviazərbələr hiss edilən nəticələr verməyib.
AzVision.az-ın Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Suriya prezidenti Bəşər Əsəd bildirib.

“Terrorizmə havadan mübarizə ilə qalib gəlmək olmaz. İlk öncə real vəziyyətlə tanış olan və operativ şəkildə hərəkət edə biləcək yerüstü qüvvələrə ehtiyac var. Ona görə də ilk iki ayda koalisiyanın endirdiyi aviazərbələr hiss edilən nəticələr verməyib”, - deyə Bəşər Əsəd bildirib.

Əsəd əlavə edib ki, İŞİD-lə müntəzəm olaraq mübarizə aparan Suriya hərbçiləri bu aviazərbələr nəticəsində heç bir müsbət dəyişiklik hiss etməyib.
Jurnalistlərin Səddam Hüseyn və ya Müəmmar Qəddafi taleyini təkrarlaya biləcəyinizdən qorxmursunuzmu sualına Suriya prezidenti belə cavab verir: “Mən gəmi kapitanıyam. Kapitan ölüm və ya həyat barədə fikirləşmir, o, öz gəmisini xilas etmək barədə düşünür. Əgər o, qəza haqqında düşünsə, onda hamı həlak olacaq. Mən ölkəni xilas etmək üçün əlimdən gələni edirəm”.

Xatırladaq ki, iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti