Putinin partiyası Qarabağ səhvini düzəldir

Putinin partiyası Qarabağ səhvini düzəldir
  29 Noyabr 2014    Oxunub:2383
Milli Məclisin üzvləri Aydın Mirzəzadə və Rauf Əliyev Rusiyanın hakim Vahid Rusiya Partiyasının rəhbərliyinə müraciət edərək Avrasiya İttifaqının xəritəsində yol verilmiş ciddi səhvi düzəltməyi tələb ediblər. Həmin xəritədə Qarabağ Azərbaycanın tərkibindən çıxarılmış, başqa sözlə, Azərbaycan Qarabağsız verilmişdi.

Virtualaz.org saytının Tatarıstandakı müxbiri Əvəz Mantuşev xəbər verir ki, Rusiyanın hakim partiyasının rəhbərlərinin azərbaycanlı deputatların bu tələbinə münasibəti müsbət olub. Onlar bu həmin məsələyə tezliklə baxılacağına və xətanın aradan qaldırılacağına dair vəd veriblər.

Qeyd edək ki, Tatarıstanın paytaxtı Kazan şəhərində “Avrasiyaya inteqrasiya: nailiyyətlər və problemlər” adlı II İctimai Forum keçirilir. Azərbaycan Milli Məclisinin üzvləri Rauf Əliyev və Aydın Mirzəzadə də Vahid Rusiya Partiyasının dəvəti ilə həmin foruma qatılıblar.

Gözləntilərin əksinə olaraq azərbaycanlı deputatlar Ermənistanla işğal olunmuş Dağlıq Qarabağ arasında gömrük postlarının qoyulması məsələsini qaldırmayıblar. Bunun əvəzində dünən tədbirdə başqa bir siyasi qalmaqal yaşanıb. Belə ki, forumun sessiyasında Avrasiya İttifaqı barədə videoçarx nümayiş olunub və yeni postsovet iqtisadi birliyinin xəritəsi göstərilib.

Qonşu dövlətlər, o cümlədən Azərbaycan da xəritədə göstərilib. Amma Qarabağ nədənsə Azərbaycanın tərkib hissəsi kimi təqdim edilməyib. Yəni Azərbaycan həmin siyasi xəritəyə işğaldakı torpaqlar nəzərə alınmadan salınıb. Doğrudur, amma Qarabağ heç Ermənistanın da xəritəsinə salınmayıb. Bu da azərbaycanlı deputatların etirazına səbəb olub.

Forum bu gün öz işini başa çatdıracaq.


Teqlər:  





Xəbər lenti