Ermənistanda intiharlar artır

Ermənistanda intiharlar artır
  23 Noyabr 2014    Oxunub:1436
Son illər Ermənistanda intihar hadisələrinin artması bu ölkənin kütləvi informasiya vasitələrinin bəhs etdiyi əsas mövzulardandır.

Fransadakı erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının 23 noyabr tarixli nömrəsində müstəqil erməni jurnalisti Marianna Qriqoryanın “Ermənistan: intihar faizi artır” sərlövhəli məqaləsində ölkədə intihar hallarının ildən-ilə çoxaldığını bildirib və bunun səbəblərini diqqətə çatdırıb.

Ermənistan Dövlət Statistika Xidməti İdarəsinin məlumatına istinad edilən məqalədə bildirilib ki, iqtisadi tənəzzülün getdikcə dərinləşdiyi və acınacaqlı vəziyyətin yarandığı bu ölkədə əgər 2003-cü ildə 377 intihar hadisəsi qeyd olunmuşdusa, 2013-cü ildə həmin rəqəm 768-i ötüb. Məqalədə özlərinə qəsd edənlərin əksəriyyətinin intihar üçün Yerevanın mərkəzində yerləşən 62 metr hündürlükdəki Kiyev körpüsünü seçdikləri qeyd olunub.

Erməni ekspertləri intihar hallarının son on ildə sürətlə artmasını ölkə iqtisadiyyatının tənəzzülə uğraması, məmurların özbaşınalığı, dövlət rəsmilərinin korrupsiyaya qurşanmaları, ölkə əhalisinin əksəriyyətinin yoxsulluğun son həddində yaşaması ilə əlaqələndiriblər.

Müəllif intihar hallarının daha çox insanların iş tapa, ailəsini dolandıra bilməməsi zəminində baş verdiyini yazır. Ekspertlər isə getdikcə artan intihar hallarının baş vermə səbəblərinin açıqlanmasına hökumət tərəfindən qadağa qoyulduğunu etiraf edirlər.

Məqalədə artıq ölkədə ciddi problemə çevrilən intihar hadisələrinin həlli ilə bağlı nə hökumətin, nə də qeyri-hökumət təşkilatlarının hər hansı proqramının olmadığı, dövlət rəsmilərinin intihar hallarının artmasından narahatlıq hissi keçirməmələri və ciddi təşvişə səbəb olan bu hadisəyə soyuqqanlı münasibət göstərmələri təəssüf hissi ilə qeyd edilir. (AzərTac)



Teqlər:  





Xəbər lenti