`Vertolyot Ermənistanın təxribatıdır` - İsrailli ekspert
Bu sözləri beynəlxalq münasibətlər sahəsində israilli ekspert, Cənubi Qafqaz üzrə mütəxəssis, Arye Qut ABŞ-da çıxan “Forum Daily” qəzetinə müsahibəsində deyib.
Ekspertin sözlərinə görə, noyabrın 12-də Ermənistan Respublikası Hərbi Hava Qüvvələrinə məxsus Mİ-24 tipli iki helikopterdən ibarət döyüş cütlüyü cəbhənin Ağdam istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin ön müdafiə xəttində yerləşən mövqelərinə hücum edərək onları atəşə tutub, sonra isə qaçmağa çalışıb. Cavab atəşi ilə ermənilərin döyüş cütlüyünə daxil olan helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk edib.
`Tamamilə aydındır ki, Serj Sarkisyanın kriminal rejimi dünya praktikasında mövcud olan bütün normalara zidd davranış nümayiş etdirməkdə davam edərək danışıqlar prosesini pozmaq məqsədilə növbəti təhrikçilik törətməyə çalışıb”,- deyən ekspert qeyd edib ki, bu gün Azərbaycan öz suverenliyini qorumaq üçün hər hansı konkret qüvvə tətbiq etməyə hazırdır.
Arye Qutun sözlərinə görə, hazırda Ermənistan və erməni lobbisi informasiya təxribatına əl ataraq bu hadisəyə görə məsuliyyəti Azərbaycanın üzərinə yıxmağa çalışır və beynəlxalq təşkilatları Azərbaycanın hərəkətlərini pisləməyə çağırırlar: “Bu sahədə İsrail dövlətinin real nümunəsi və təcrübəsi var. Suriya təyyarələri bir neçə dəfə İsrailin hava məkanına soxulanda ölkənin hərbi və siyasi rəhbərliyi BMT-nin buna nə deyəcəyini fikirləşmədən dərhal həmin təyyarələrin məhv edilməsini qərara almışdı. Bu, daha bir sərt reallıqdır: ölkəni BMT yox, o özü müdafiə etməlidir. Kimin nə deməsindən, nə bəyan etməsindən asılı olmayaraq, hər bir dövlət öz təhlükəsizliyini və suverenliyini müdafiə etməyə qabil olmalıdır”.
Sonda Arye Qut deyib ki, bölgədə indi yaranmış gərginlik Ermənistanın işğalçı siyasətinin, onun danışıqlar prosesini yenidən pozmaq cəhdinin nəticəsidir: “Bu məsələdə, ilk növbədə Ermənistan rəhbərliyi təqsirkardır. Mən dəfələrlə təkrar etmişəm ki, Ermənistan prezidenti hazırda ağır geosiyasi və iqtisadi vəziyyətdə olan ölkəsi barədə deyil, hər şeydən əvvəl öz şəxsi hakimiyyətini saxlamaq və möhkəmlətmək haqda, öz klanının mənafeləri barədə düşünür. Tamamilə aydındır ki, Sarkisyanın riyakarlığının həddi-hüdudu yoxdur. Yaxşı deyiblər ki, siyasətdə düzgünlük gücün nəticəsi, riyakarlıq isə zəifliyin nəticəsidir. Prezident Sarkisyan özünü konstruktiv və tolerant göstərməyə çalışır, lakin bunu bacarmır. Təəssüf doğuran faktdır ki, Ermənistan siyasətinin ön səhnəsinə təsadüfən gəlib çıxmış Sarkisyan ikinci müddətə Ermənistan Prezidenti vəzifəsində olmasına baxmayaraq, dövləti təfəkkürdən məhrum olan terrorçu kimi düşünməkdə davam edir. Bütün bu faktlar Ermənistanın Azərbaycanla sülh şəraitində yaşamağa hazır olmadığını bir daha sübut edir. Buna görə də 20 ildən artıq davam edən danışıqlarda heç bir irəliləyiş və real nəticə görünmür”.
Teqlər: