Şeyxə orden verildi

Şeyxə orden verildi
  17 Noyabr 2014    Oxunub:1653
Dini tolerantlığın möhkəmləndirilməsi layihəsi çərçivəsində “Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar” mövzusunda Bakıda keçiriləcək beynəlxalq konfransın iştirakçılarının şərəfinə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən ziyafət verilib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şaxtaxtinski mərasimdə çıxış edərək beynəlxalq konfransın əhəmiyyətindən danışıb. Bildirilib ki, konfransda Azərbaycandakı tolerantlıq modeli müzakirə ediləcək, ATƏT məkanında tolerantlığa dair çağırışlar olacaq.

Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviç ölkəmizdəki tolerantlıq mühitindən bəhs edib. O, Belarusun da daim bu məsələyə xüsusi diqqət ayırdığını vurğulayıb. Azərbaycan-Belarus münasibətlərindən danışan səfir ölkələrimiz arasında bütün sahələrdə yaxşı əlaqələrin olduğunu bildirib.

Diplomat bildirib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şurasının həmsədri, MDB müsəlmanlarının Məşvərət Şurasının sədri, Qafqaz Xalqlarının Ali Dini Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadəni Belarus-Azərbaycan dövlətlərarası dialoqunun inkişafına verdiyi mühüm töhfəyə, ölkələrimiz arasında ticarət-iqtisadi və mədəni əlaqələrin genişlənməsindəki fəaliyyətinə və dinlərarası razılığın möhkəmləndirilməsində gördüyü işlərə görə “Fransisk Skorina” ordeni ilə təltif edib.

Səfir N.Pastkeviç ordeni Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə təqdim edib.

Şeyxülislam Allahşükür Paşazadə fəaliyyətinə verilən belə yüksək qiymətə görə Belarus Prezidenti Aleksandr Lukaşenkoya dərin minnətdarlığını bildirib.

Vurğulayıb ki, orden Azərbaycanda mövcud tolerantlıq ənənələrinə verilən yüksək qiymətdir.

Şeyxülislam ölkədə müxtəlif dini icmaların nümayəndələrinin dostluq və qardaşlıq şəraitində yaşadığını qeyd edib. QMİ sədri bildirib ki, belə mötəbər beynəlxalq konfransın ölkəmizdə keçirilməsi Azərbaycanda din-dövlət münasibətlərinin yüksək səviyyədə olmasının göstəricisidir.

Tədbirdə Milli Məclisin deputatları, dövlət və hökumət nümayəndələri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, din xadimləri iştirak ediblər.


Teqlər:  





Xəbər lenti