Qısqanc qonşunun hekayəsi: Niyə Ermənistan Qafqazda sabitliyi pozmağa çalışır – Same Day News

 Qısqanc qonşunun hekayəsi: Niyə Ermənistan Qafqazda sabitliyi pozmağa çalışır – Same Day News
  14 Noyabr 2014    Oxunub:2952
Ermənistan təxribatçı əməlləri ilə günahsız insanların ölümünə səbəb olur - Same Day News

Azərbaycan sərhədlərini təxribat məqsədilə pozduğuna görə Milli Ordumuz tərəfindən məhv edilən Ermənistan helikopteri ABŞ mediasının da gündəmindədir. Məsələ ilə əlaqədar Cənubi Qafqaz bölgəsində və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son hadisələrlə bağlı Prezident Administrasiyasının (PA) rəhbərinin müavini Novruz Məmmədovdan müsahibə götürən ABŞ-ın "Same Day News" portalı Ermənistanın məkrli siyasəti və Azərbaycana qarşı apardığı təxribatlar barədə geniş məqalə dərc edib.

“Çoxlarınız, Ermənistan Azərbaycan torpaqlarını işğal etdiyinə görə, bu iki ölkə arasındakı münaqişədən xəbərdarsınız. Azərbaycan torpaqlarının işğal olunmasından bu günə kimi Ermənistan təxribat xarakterli əməlləri ilə günahsız insanların ölümünə səbəb olur” - deyə, Same Day News yazıb.

Sonra, son bir neçə gündür Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməsinə diqqət çəkən portal, “- onlar bununla nə etmək istəyirlər”- deyə, Novruz Məmmədova sual ünvanlayıb.

Suala cavab verən PA rəsmisi qeyd edib ki, son vaxtlar Dağlıq Qarabağ münaqişəsi ətrafında Ermənistan və Azərbaycan prezidentləri arasında baş tutmuş Soçi, Paris, Nyu-York görüşləri bu münaqişənin həlli istiqamətində müsbət addımların atılmasına səbəb ola bilərdi, lakin...

"Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yürütdüyü siyasətdən xəbəri olanlar üçün bu gün baş verənlər elə də təəccüblü olmamalıdır. Münaqişənin həlli istiqamətindəki proseslərə - Soçi, Paris görüşlərinə, ABŞ dövlət katibi Con Kerri ilə danışıqlara nəzər salanda aydın görünür ki, atılan hər bir addım problemin həllinə yönəlib və bu münaqişənin həlli istiqamətində müsbətə doğru irəliləyişlərə yol aça bilərdi. Ermənistan prezidenti Serj Sarkisyan və bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan danışıqlardan razı qaldıqlarını və sülh istədiklərini bəyan etsələr də, onların bugünkü təxribat xarakterli əməlləri bunun əksini göstərir. Bir az düşünün, Azərbaycanın işğal olunmuş ərazisi olan Ağdamda 40 minlik ordunun nə işi var?! Azərbaycan sərhədlərini pozmaqda məqsədləri nədir?! Bütün bunlar Ermənistan hökumətinin siyasətinin iç üzünü açır. Ermənistan tərəfi, diaspora və lobbiçiləri vasitəsilə beynəlxalq ictimaiyyətdə Azərbaycanla bağlı mənfi fikirlər yaratmağa, guya Azərbaycanın münaqişənin həllini istəmədiyinə inandırmağa çalışırlar. Onlardan soruşan gərək ki, axı 25 ildir işğal altında saxladığınız Azərbaycan torpaqlarında hərbi təlimlər keçirməkdə məqsədiniz nədir?! Əlbəttə, hər kəs bilir ki, ermənilərin yalnız bir məqsədi var – Azərbaycanı gözdən salmaq. Lakin məqsədləri hər nə olursa olsun, ermənilər buna nail ola bilməyəcəklər. Azərbaycanın isə əsas hədəfi torpaqlarını işğaldan azad etməkdir”.

Daha sonra Same Day News yazır: “Belə görünür ki, regionda sabitlik olmasını istəyən yeganə lider Azərbaycan prezidenti İlham Əliyevdir. Əgər Ermənistan prezidenti Serj Sarkisyanın da bənzər səlahiyyətləri və siyasi təcrübəsi olsaydı, çox güman ki, münaqişə həllini tapardı”.

Məqalədə Azərbaycan prezidenti İlham Əliyevin fəaliyyəti barədə məlumat verilib, ölkənin inkişafında göstərdiyi xidmətləri qeyd olunub. İlham Əliyevin dünyaca tanınmış prezident olması onun demokratik bir ölkə qurmaq istəyi ilə əlaqələndirilir. Məhz prezident İlham Əliyevin sayəsində ölkənin müasir yaşayış standartları ilə təmin olunduğu, iqtisadi cəhətdən Azərbaycanın dünya liderlərindən birinə çevrildiyi, son 10 ildə əhalinin gəlirlərinin 6.5 dəfə artdığı bildirilir. Ölkədə yoxsulluq səviyyəsinin və işsizliyin nəzərəçarpacaq dərəcədə azaldığı qeyd olunub. Azərbaycanın beynəlxalq arenada nüfuzlu və hörmətli bir ölkəyə çevrildiyi, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrildiyi vurğulanır.

Daha sonra Azərbaycanın Avropa İttifaqına inteqrasiyası və bu istiqamətdə həyata keçirilən islahatlar, əməkdaşlıqların inkişaf etdirilməsi üçün keçirilən beynəlxalq səviyyəli görüşlər və səfərlərdən söhbət açılır. Azərbaycanın Avropa İttifaqının proqramlarının icrasında göstərdiyi xidmətlərin önəmi qeyd olunur.

Sonda qeyd olunur ki, “Ermənistan Azərbaycanı qazandığı uğurlara, əldə etdiyi nailiyyətlərinə görə qısqanır. Buna görə də, təxribatlara əl ataraq Avropaya inteqrasiya etmək istəyən Azərbaycanın qarşısında problemlər yaratmağa çalışır ”.

“Əlbəttə ki, qısqanc qonşu hər zaman başa bəladır” – sitatın sonu.

Xəbərin əslini burada oxuya bilərsiniz.

Səbinə Həsənova
AzVision.az



Teqlər:  





Xəbər lenti