Araz Ağalarov üçün özəl gün

Araz Ağalarov üçün özəl gün
  08 Noyabr 2014    Oxunub:3983
Bu gün azərbaycanlı milyarder, iqtisad elmləri doktoru, Ümumrusiya Azərbaycanlılar Konqresinin vitse-prezidenti Araz Ağalarovun ad günüdür.

Araz Ağalarov 1955-ci il, noyabrın 8-də Bakıda anadan olub. 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu bitirən A.Ağalarov həmin il Moskvaya gedərək aspiranturaya daxil olub.

A.Ağalarov 1988-ci ildə kooperativ hərəkatı başlayanda kiçik müəssisə yaradaraq sərgi fəaliyyəti ilə məşğul olub.

1990-cı ildə ilk dəfə Rusiyada ABŞ-dan olan tərəfdaşları ilə “Comtech” adlanan kompüter texnologiyaları sərgisi təşkil edib. Artıq 5 il sonra onun sərgisi “Comdex” (Las-Veqas) və “Cebit” (Hannover) sərgilərindən sonra statusuna görə dünyada III yeri tutub.

Beləliklə, Rusiyada müxtəlif sahələrə dair beynəlxalq sərgilər üzrə yeganə böyük operator olub. Bundan başqa, 1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazası açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan “Ağalarov evi”nin tikintisini başa çatdırıb.

Yenə həmin il Rusiyada 66 min kvadratmetr sahəsi olan ilk hipermarketi tikib. Dünyada analoqu olmayan bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır.

2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan “Crocus Sity” şəhərciyinin tikintisinə başlayıb. Ticarət, əyləncə, biznes və sərgi meydançalarının vahid kompleksdə birləşdiyi “Crocus Sity” son onilliyin ən irimiqyasli və maraqlı layihələrindən sayılır.

Araz Ağalarov iqtisad elmləri doktorudur. “Crocus İnternational” Şirkətlər Qrupunun prezidenti, “Crocus Bank”ın İdarə Heyətinin sədri, Rusiya istehsalçilar və idxalçilar ittifaqının prezidenti, Moskva Beynəlxalq Biznes Assosiasiyasının və “Opora Rossii” ictimai təşkilatının vitse-prezidenti, “Biznes i vıstavkı” jurnalının baş redaktorudur.

A.Ağalarov Azərbaycanın dövlət başçısı İlham Əliyevlə qudadır. Onun iş adamı və musiqiçi olan oğlu Emin Ağalarov prezidentin böyük qızı Leyla Əliyeva ilə evlidir. Onların iki oğlu var.


Teqlər:





Xəbər lenti