Məşhurların öldüyü müəmmalı təyyarə qəzaları...
Günahkarlar tapılacaqmı?
Qəzanın araşdırılması ilə bağlı yaradılan komissiya isə son vaxtlar mətbuatda Marjerinin öldürülməsinin arxasında Moskvanın günahlandırılması ilə bağlı ehtimalların səsləndirilməsindən sonra hərəkətə keçib. Çünki qəzanın araşdırılmasının ağır getməsi və bu işdə birbaşa günahkarların aşkar edilməməsi Marjerinin ölümündə Rusiya xüsusi xidmət orqanlarının əli olması barədə yayılan ehtimalların doğru olmasını dolayı yolla təsdiq etmək anlamına gəlir.
Son məlumatlara görə, baş verən qəza ilə bağlı Vnukovo Hava Limanının Hava xidməti şöbəsinin aparıcı mühəndisi Vladimir Ledenevə təhlükəsizlik qaydasının pozulmasına görə iki və daha çoxadamın ölümünə səbəb olan ehtiyatsız hərəkətlə bağlı cinayət işi qaldırılıb. Ledenev artıq qəzanı araşdıran istintaq komissiyası tərəfindən dindirilib. Buna paralel olaraq hava limanında uçuşa rəhbərlik edən Roman Dunayev də istintaqa çağırılıb və onun haqqında cinayət işi başlayıb. Xatırladaq ki, bundan əvvəl hava limanının dispetçerləri Aleksandr Kruqlov və Svetlana Krivsuna qarşı da cinayət işi başladılıb. Qartəmizləyən maşının sürücüsü Vladimir Martınenko, əvvəlcə, günahkar hesab edilərək istintaqa cəlb edilsə də, sonra onun barəsində susmağa üstünlük verilib. Əslində Martınenkonun bu məsələdə günahının ola bilməsi də inandırıcı görünmür. Martınenkonun qartəmizləyən maşınla hava limanına daxil olduğu vaxt Marjerinin təyyarəsinin havaya qalxacağından xəbəri olmaya da bilərdi. Çünki o bu işlə məşğul olmur və yalnız yuxarıdan ona verilən əmri icra edir. Əmr isə təbii ki, yerinə yetirilməli idi. Qartəmizləyən maşınla öz vəzifə borcunu yerinə yetirərkən Martınenkonun içkili olmasına gəlncə, burada da qeyri-adi nə isə axtarmaq düz olmazdı. Çünki onsuz da Rusiyada soyuq havada qızınmaq üçün müəyyən qədər içmək adi hal hesab edilir. Ola bilsin ki, mətbuatda qəza ilə bağlı ilk vaxtlar Martınenko ətrafında müəyyən ajiotaj yaradılması, onun günahkar hesab edilməsinə çalışılması əsl həqiqətin ört-basdır edilməsinə yönəldilib. Məsələyə qəzaya uğrayan təyyarənin “qara qutu”sunun yoxlanılması da aydınlıq gətirə, bu işdə kimin günahkar olub-olmamasını müəyyən etməyə yardım edə bilərdi. Lakin faciəni araşdıran komissiya nə üçünsə “qara qutu” ilə bağlı hələ ki susmağa üstünlük verir. Bu baxımdan hadisələrin gedişi göstərir ki, “Total” korporasiyasının baş direktoru Marjerinin müəmmalı aviaqəza nəticəsində ölməsi ilə bağlı istintaq illərlə uzanacaq və sonda isə əsl günahkar tapılmayacaq...
Hədəf niyə Marjeri seçilib?
“Total” korporasiyası baş direktoru Marjerinin sırf bir təsadüf və ya hava limanı işçilərinin məsuliyyətsizliyi üzündən aviaqəza nəticəsində faciəli şəkildə ölməsini düşünmək sadəlövhlük olardı. Çünki Marjeridən əvvəl də həmin hava limanında çoxsaylı uçuşlar həyata keçirilmişdi və onların heç biri qartəmizləyən maşınla toqquşmamışdı. Ona görə də əksər beynəlxalq ekspertlər tərəfindən Marjerinin öncədən hazırlanmış hansısa ssenari əsasında aradan götürülməsi barədə çoxsaylı ehtimallar ürəli sürülüb. Təbii ki, Rusiyadan olan bəzi “ekspertlər” və mətbu orqanlar da öz növbələrində baş verən qəzada “xarici iz” axtarırlar. Məsələn, Rusiyanın “Poltrussia.com” internet jurnalı yazır: “ Şübhəsiz ki, Marjeri öldürülüb. Onun öldürülməsinə səbəb isə “ Total” baş direktorunun Rusiya ilə dost olması olub. Marjeri neft alış-satışında dollardan imtina edilməsi və digər valyutalardan istifadə təşəbbüsü ilə çıxış etmişdi. Amerikalılar dərhal onun bu təklifinin əleyhinə çıxmış və Marjeriyə etiraz etmişdilər. Marjeri isə qətiyyətlə demişdi: “ Neftin yalnız dollarla alınıb-satılması üçün səbəb yoxdur”. O buna görə cəzalandırılacağını bilirdi. Ancaq həyatı bahasına belə, riskə getdi”.
Əslində belə bir iddia müəyyən qədər gülünc görünür. Belə ki, ABŞ xüsusi xidmət orqanları, həqiqətən də, Marjerini Rusiya ilə yaxınlaşmağa və ya dollardan imtina təşəbbüsünə görə öldürəsi olsaydılar, onda bunun üçün başqa yer və daha asan vasitələrə əl ata bilərdilər. Bu müstəvidə də Marjerinin uçduğu təyyarənin adi bir vintinin boşaldılması qəza üçün yetərli ola bilərdi. Bunun üçün ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Marjerinin məhz Rusiyada öldürülməsi kimi təhlükəli, üstü hər an açıla biləcək addım atmasına ehtiyac yox idi. Bu işin arxasında Marjerinin Rusiya ilə hansısa gizli sövdələşməsinin ola bilməsi və müəyyən məqamda onunla artıq işi davam etdirməyə ehtiyacın olmaması da dayana bilər.
Marjerinn Rusiya ilə yaxınlaşma tərəfdarı olmasına gəlincə, burada da qeyri-adi heç nə yoxdur. O, həqiqətən də, Avropa Birliyinin sanksiyalarına baxmayaraq, Rusiyada işləməyə üstünlük vermişdi. Marjeri dəfələrlə Rusiya Pjrezidenti Vladimir Putinlə görüşmüşdü və onların arasında olduqca səmimi münasibət vardı. Digər tərəfdən də, Marjeri əsl avropalı idi. O, həmişə qeyd edirdi ki, Avropa öz maraqlarını ABŞ-a qurban verməsin. Lakin Rusiyanın Krımı işğal edərək Ukraynanın cənub-şərqində separatçı rejimi dəstəkləməsindən sonra Marjerinin Moskvaya münasibətində tərəddüdlər əmələ gəlmişdi. O bununla belə Rusiyanın bu səhv addımını düzəldəcəyinə inanmaq istəyirdi və Rusiyanın simasında Avropa üçün yeni təhlükə əmələ gəlməsindən narahat olduğunu gizlətmirdi. Yenə də belə ehtimal edilir ki, Qərb ölkələri də öz növbələrində Marjerinin Putinlə və Rusiyanın digər yüksək səviyyəli rəsmiləri ilə isti münasibətlərindən istifadə etməyə çalışıblar. Marjeri Moskvaya məhz Rusiyanın Baş Naziri Dmitri Medvedevlə hansısa xüsusi, çox mühüm olan şəxsi danışıqlar üçün gəlmişdi. Onun Medvedevlə bağlı qapılar arxasında apardığı danışıqlardan sonra təcili şəkildə geriyə, öz ölkəsinə qayıtmaq istəməsi də təsadüfi hesab edilə bilməz. Ola bilsin ki, Medvedevlə Marjerinin görüşündə hansısa mühüm razılıq əldə edilibmiş və o da bununla bağlı təcili şəkildə geriyə qayıdaraq bunu müvafiq yerlərə çatdırmaq istəyib...
Yenə də ola bilsin ki, Marjeri ilə hansısa razılıqdan sonra Medvedev fikrini dəyişib və bundan sonra Marjerinin geriyə qayıtmasına imkan verməmək qərarına gəlinib... Əlbəttə, bütün bunlar Marjerinin öldürülməsi ilə bağlı irəli sürülən çoxsaylı ehtimallardan biridir. Lakin yenə də məsələ ilə bağlı digər bir müəmma Rusiyanı idarə edən ikinci şəxslə görüşdən sonra Rusiya xüsusi xidmət orqanları tərəfindən belə mühüm bir şəxsin, rusların dostunun və amerikalıların “düşməni”nin təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməməsidir. Niyə Rusiya xüsusi xidmət orqanları Marjerinin təhlükəsizliyini təmin etmədilər? Bu suala isə cavab tapmaq çox çətindir... (Zaman Azərbaycan)
Teqlər: