`Məhərrəmlikdə pul qazana bilmirik` - SORĞU

`Məhərrəmlikdə pul qazana bilmirik` - SORĞU
  30 Oktyabr 2014    Oxunub:1600
Bu gün Məhərrəm ayının 4-cü günüdür. Məhərrəmliklə əlaqədar Azərbaycanda şadlıq evlərinin böyük əksəriyyəti fəaliyyətini dondurub. Maraqlıdır, adətən toylardan qazanan şou-biznes nümayəndələri bu ay nə işlə məşğul olurlar?

AzVision.az xəbər verir ki, lent.az bu sualla Azərbaycan şou-biznesinin tanınmış simalarına üz tutub.

Xalq artisti Səməd Səmədov: “Məhərrəmlikdə toylar olmur. Toy olmursa, demək qazanc da yoxdur. Biznesim yoxdur. Bütün diqqətimi yaradıcılıq işlərimə yönəltmişəm. Yeni mahnılar hazırlayıram”.

Prodüsser Tolik (Tarix Əliyev): “Allaha qurban olum, elə ilin 10 ayını qazanırıq. İki ay qazanmasaq da olar. Biz bu iki ayda imamların yasını saxlayırıq. Həm də savab işlər görməyə çalışırıq. Mənim toylardan savayı əlavə gəlir yerim tədbirlər və ad günlərindəndir. Tədbir, ad günü təşkil edib, pulumu qazanıram. Bundan əlavə, bu ayda yeni layihəmiz efirə yayımlanacaq, başım elə həmin proyektə qarışıb”.

Müğənni Nadir Qafarzadə: “İlin 10 ayını qarışqa kimi tədarük yığıb, məhərrəmlik ayında yeyirəm. Mənim toylardan savayı biznesim yoxdur. Hər zaman məhərrəmlik ayında istirahət edirəm. Daim işləmək olmaz. İstirahətə də vaxt ayırmaq lazımdı. Elə buna görə də bir neçə gün sonra Azərbaycandan kənara istirahətə yollanacam”.

Əməkdar artist Zöhrə Abdullayeva: “Məhərrəmlikdə nə işlə məşğul oluram? Toylar olmur, dilənirəm. Bir də ki, mən toylara getmirəm. Toylardan qazanmıram. Məni oğlum saxlayır”.

Müğənni Ayan Babakişiyeva: “Mən yalnız qızımla və sənətimlə məşğul oluram. Qızım olmayan vaxtlarda məhərrəmlikdə ən çox vaxtımı yaradıcılıq işlərimə ayırırdım. Hamı bilir ki, bizim pulumuz toylardan çıxır. Məhərrəmlikdə toy olmur deyə, həmin aylara az qalmış müddətdə pulumu yığıram. Məhərrəmlik ayında da yavaş-yavaş xərcləyirəm. (gülür)

Prodüser Təranə Səmədova: “Məhərrəmlikdə pulsuz qalmıram. Əlavə biznesim var. Bundan əlavə bildiyiniz kimi “Space” telekanalında aparıcılıq edirəm, stabil maaşım ordandır. Şükür Allaha, pul problemim yoxdur”.

Manaf Ağayev: “Bizim bütün işlərimiz, gəzməyimiz, mahnı yazdırmağımız məhərrəmlik ayında olur. Açığı 6-7 mahnım var, onu aranjeman etdirəcəm. Daha sonra istirahət edəcəm. Bu aylarda pul qazanmayacam. Gəlirim olmayacaq. Əlavə biznes barəsində isə fikirləşmirəm. Allah səs verib, oxuyub pulumu qazanacam”.

Rəqqasə Fatimə Fətəliyeva: “Məhərrəmlik gəlib, mən Azərbaycanı tərk edirəm. Yol üstəyəm. Hindistana festivala gedirəm. Bu ay heç bir gəlirim olmayacaq. Bizim qazanc yerimiz toylardır. Aylar ərzində yığdığımız pulları məhərrəmlikdə xərcləyəcəyik”.

Kamil Zeynallı: “Əsasən şou-biznes nümayəndələri toy olmayan vaxtlarda idmana üz tuturlar. El məclisləri olan vaxtlarda bizə müraciət edən məşhurlarımız azlıq təşkil edir. Birdə görürsən ki, gəlirlər məşq eləməyə, 1-2 şəkil çəkib “İnstagram”a qoyur, sonra deyirlər ki, “1-2 günə gələcəyik”. Amma gəlmir. Toylara başları qarışır. Amma toylar olmayanda şou nümayəndələrinin idman zallarına axını olur. İdman zalına gəlməyə vaxtları olmayanlar da var. Məsələn, dostumuz, müğənni Elçin Hüseynov mənə dedi ki, “Kamil zala gəlməyə vaxtım olmur”. Ona idman üçün zəruri olan 1-2 avadanlıq məsləhət gördüm. Hazırda Elçin 25 kilo arıqlayıb”.

Stilist Anar Ağakişiyev: “Mən indi xaricdəyəm. Amma məhərrəmlikdə bizim işimiz daha da çox olur. Çünki normal günlərdə müğənnilər toylarda olur, klipə, yaradıcı işlərə vaxt ayıra bilmirlər. Məhərrəmlikdə isə yaradıcı işlərə vaxt ayırırlar. Bu məqsədlə isə bizə üz tuturlar. Yəni işlərim çox olur. Digər 10 ayda da işlərim pis olmur. Sadəcə, Məhərrəmlikdə bir az ondan artıq olur”.


Teqlər:





Xəbər lenti