Bakını yaşıl şəhərə necə çevirməli?

Bakını yaşıl şəhərə necə çevirməli?
  29 Oktyabr 2014    Oxunub:5948
Tural Əliyev
Xaricdə Təhsil Proqramı üzrə Fransanın Monpelye Universitetinin şəhərsalma ixtisası üzrə magistr məzunu

BMT-in hesablamalarına görə, hazırda dünya əhalisinin yarısı şəhərlərdə yaşayır, şəhərlər getdikcə çoxalır. Bu isə ətraf mühit müdafiəçilərini qayğılandırmaya bilməz. İnkişaf etmiş ölkələrdə yaxşı başa düşürlər ki, insanları maarifləndirməklə daha geniş şəkildə “yaşıl düşüncə”yə yol açmadan, onları ətraf mühiti qorumağa könüllü səfərbər etmədən gələcəyin şəhərlərini inşa etmək mümkün olmayacaq.

Ona görədir ki, Qərbi Avropada meriyalar davamlı eko-şəhərlər yaratmaq üçün bir sıra tədbirlərlə yanaşı, şəhər sakinlərinin həyat tərzini, onların ətraf mühitlə bağlı düşüncələrini müsbət istiqamətə dəyişdirmək üçün vacib konsepsiyalar, proqramlar hazırlayıb icra etməkdən yorulmurlar.

“Davamlı şəhər” nədir?

“Davamlı şəhər” konsepsiyası “Davamlı İnkişaf” konsepsiyasının törəməsidir, sosial bərabərlik, iqtisadi inkişaf, ətraf mühit amilinin hər yerdə nəzərə alınması və s. kimi “Davamlı İnkişaf” konsepsiyanın prinsiplərinə əsaslanmaqla şəhərin vahid orqanizm kimi çıxış etməsidir. Bura sakinlərə təmiz, ekoloji, rahat nəqliyyat xidmətlərinin göstərilməsi, şəhər təsərrüfatının özü-özünü içməli su, istilik enerjisi və s. kommunal ehtiyaclarla təmin etməsi, zəhərli karbon qazı ilə çirklənmənin qarşısının alınması kimi tədbirlər də daxildir.

Vaxtilə ətraf mühit amili şəhər layihələndirilməsində arxa planda qalsa da, bu gün onun ən vacib elementlərindən hesab olunur. Bunsuz müasir şəhər layihələndirilməsini təsəvvür etmək mümkün deyil. Hələ XX əsrin əvvəllərində “Bağça-şəhər”(“Garden-city”) adlı yeni konsepsiyanın şəhərsalma sahəsinə daxil olması ətraf mühit amilinə verilən önəmin yaranması ilə bağlı idi. Bu nəzəriyyə şəhərin gələcəyi ilə bağlı tamamilə fərqli düşüncəyə malik çirkli və xaotik inkişaf edən sənaye şəhəri konsepsiyasının tam əksi idi.

Şəhərləri dəyişən adam - Hovald

İngilis urbanisti Hovard alternativlik naminə kiçik şəhərlərdə ilk sınaqlarını apardı. O, şəhər və kənd təsərrüfatı ərazisinin kəsişməsində yaşıllıq zolağının salınmasını, tikiləcək binaların sıx cəmləşməməsini və ictimai binaların, parkların mərkəzdə yerləşdirilməsini təklif edirdi. Bu model tezliklə zavod və fabriklərin ətrafında salınaraq təcrübədən keçirildi, şəhər və kənd zonaları arasında əlaqələndirici funksiyanı ürəklə qəbul etdi. Az keçəcəkdi ki, Hovard öz ideyalarının dünyanın bir çox ölkələrində, o cümlədən Fransada yayılmasına şahid olacaqdı. Fransada bu model indiki dövrdə də gələcək şəhər konsepsiyasının ən vacib elementi hesab olunur.

Avropanın gözəllik mühəndisliyi

Fransız şəhərləri də Avropanın digər şəhərləri kimi yeniliklərə imza atmağın həyəcanını yaşayır. Məsələn, Fransanın Nant şəhəri ötən il adambaşına düşən 34 kvadrat metr sahə ilə Avropanın ən yaşıl şəhəri nominasiyasına layiq görüldü. Bir müddət əvvəl Avropanın bioloji müxtəlifliyi (biodiversity) təmin edən şəhəri seçilmiş Fransanın Monpelye şəhərinin təcrübəsi də olduqca maraqlıdır.

Belə ki, bu şəhərin meriyası “Biomüxtəliflik hər yerdə” devizi ilə təbiətlə vəhdət təşkil edən, yaşıllıq ərazilərinin çoxluq təşkil etdiyi nəhəng ekoloji layihələr reallaşdırmağı bacarıb. Aparılan siyasətə əsasən, şəhər məkanında parklar şəhərlərdən ayrı deyil, onun bir hissəsi kimi mövcud olmaqla, müxtəlif vəhşi olmayan heyvan, quş və bitkilər aləmi ilə insan aləmi arasında ahəngdarlığı təmin etməlidir. Qeyd etmək yerinə düşər ki, bu şəhərin yeni salınan iki məhəlləsi “Təbiət şəhərdə” və “Qlobal ekoloji yanaşma” nominasiyasına layiq görülüb.

“Gələcəyin məkanı”na iddialı olan şəhərlərin məqsədi- cəlbedici, keyfiyyətli yaşayış binalarından, müxtəlif sosial təbəqələri əhatə edən məhəllələrdən ibarət və hətta sıx şəhər tikililərinin olduğu yerlərdə belə insanları yaşıl təbiətdə hiss etdirən bol yaşıllıq ərazilərin olduğu yaşayış yeri qurmaqdır.

Yaşıl Bakı üçün

Bu gün Bakıda yaşıllıq zonalarının qorunması, ekologiyanın çirklənməsinin minumuma endirilməsi, ictimai yerlərin genişlənməsi istiqamətində çox vacib layihələndirmə addımları atılır. Bunu zəruri edən ən vacib məsələ son 20 ildə Bakının ümumi yaşıllıq sahəsinin 4-5 dəfə azalması - təxminən 12 min ha ərazini təşkil etməsi ilə də əlaqədardır.

Fransanın Milli Elmi Tədqiqat Mərkəzinin (CNRS) məlumatına görə, dünya təcrübəsində adi şəhərdə adambaşına düşən yaşıllıq sahəsi təxminən 25 kvadrat metr olmalıdır, paytaxt şəhərlərdə bu göstərici 15 kvadrat metr ola bilər. Bu göstərici Madrid şəhərində 68 kvadrat metr, Amsterdamda 36,6 kvadrat metr, Berlində 21 kvadrat metr, Parisdə 14,5 kvadrat metr (Boulogne və Vincennes parkları daxil) təşkil edir. Bakı şəhərində isə bu göstərici - 6,4 kvadrat metrdir.

Başqa bir müqayisə üçün qeyd etmək vacibdir ki, Bakıda yaşıllıq sahəsi şəhərin ümumi sahəsinin təxminən 17.8% təşkil edir. Fransanın Milli Landşaft Şirkətləri Birliyinin (UNEP) məlumatına görə, bu göstərici Moskvada 33%, Londonda 32,9%, Berlində 29,4 %-dir. Bunun ən başlıca səbəblərindən biri illər əvvəl nizamsız, xaotik yaşayış binaları tikintilərinin aparılması ilə şəhərin estetik çirklənməsi, yaşıllıq sahələrinin bir çox hallarda bərpa edilməməsi olub.

Son illər şəhərsalma sahəsində olan inkişaf, ictimai yerlərin genişləndirilməsi, salınan yaşıllıq zonaları bu nisbəti dəyişməyə hesablanıb. Təbii tikinti materiallarından istifadə edərək parklarda yaşıllıq ərazilərinin daha çox yerləşdirilməsini, ictimai yerlərin qorunmasını təmin etsək, Bakını könül oxşayan, təbiətlə vəhdət təşkil edən eko-şəhərə çevirmək yolunda vacib addım atmış olarıq. Parkların, bağçaların şəhərə qapalı deyil, açıq formada olması onların binalarla vəhdətini daha da asanlaşdırar.

Yaşıllıq zonaları əlaqələndirilsin

Digər tərəfdən, şəhərimizin avtomobil nəqliyyat şəbəkəsi planı olduğu kimi, yaşıllıq zonalarının da bir-biri ilə əlaqələndirilməsini təmin etmək, onu vahid bir şəbəkə halında nəzərdən keçirmək vacibdir. Bu gün bu əlaqə tamamilə pozulmuş haldadır. Şəhər mərkəzində olan yaşıllıq zonalarının ardıcıllığını, ahəngdarlığını şəhər ətrafına qədər genişləndirməklə - yaşıllıq ərazilərinin vahid şəbəkə şəklində inkişaf etdirilməsi məqsədinə çatmaq mümkündür. Bu, şəhərin müxtəlif məkanlarında yerləşən yaşıllıq zonaları - gəzinti yolları, mərkəzləşdirilmiş şəkildə ağac sıralamaları, velosiped yolu və s. vasitəsilə ola bilər. Piyada və velosiped yolları avtomobillərdən istifadəni xeyli məhdudlaşdırır.

Şəhərsalma trendi: təbiətə qayıdış

Nəzərdən qaçırmamalıyıq ki, ictimai yerlər şəhərin özəyidir və onların necə həll olunmasından şəhərin ahəngdarlığı asılıdır. “Gələcəyin şəhəri” təbiətə geri dönəcək, təbiətlə “dostluq” edəcək. Şəhərimizi sevməyimiz həm də onun təbiətini qorumağımız, onu təmiz saxlamağımız və gələcəyini düşünməyimizdir.

Vətənimiz Avropanın bir çox idman oyunları və mədəniyyət tədbirlərinin mərkəzinə çevrilməkdədir. Niyə də müasir Bakı “Avropanın ən yaşıl paytaxtı” adına iddialı olmasın?!


Teqlər:





Xəbər lenti