Neftin ucuzlaşması büdcəmizə təhlükə yaradırmı? – TƏHLİL

Neftin ucuzlaşması büdcəmizə təhlükə yaradırmı? – TƏHLİL
  01 May 2013    Oxunub:11300
Neftin dünya bazarlarında qiyməti düşməyə meyl edir. Belə ki, AZERİ LT növü üzrə xam neftin son həftələr ərzində qeydə alınan orta qiymətinə diqqət yetirsək, azalmağa doğru inkişaf etdiyini görərik. Bu isə dövlət büdcəsi neftdən asılı olan ölkələrdə ciddi narahatlıq doğurur.

Prezident Administrasiyasının iqtisadi siyasət məsələləri şöbəsinin müdiri Mail Rəhimov bildirib ki, ölkəmiz üçün heç bir təhlükə yoxdur. Onun sözlərincə, Azərbaycanın dövlət büdcəsində 1 barelinin qiyməti 100 ABŞ dolları səviyyəsində götürüldüyündən, qiymətlərin enməsindən narahat olmağa dəyməz. Çünki ucuzlaşma müşahidə edilsə də, qiymətlər qeyd olunan məbləğdən aşağı düşməyib.

Əslində isə hökumət 2013-cü ilin dövlət büdcəsi layihəsində neftin 1 barrelinin qiymətini keçən il üçün nəzərdə tutulduğu kimi 100 dollar götürməklə, bu il neftin qiymətinin bundan xeyli yüksəkdə olacağına ümid edirdi. Çünki 2012-ci ilin büdcəsində qiymət əvvəl 80 dollar götürülsə də, ilin ortasında büdcəyə yenidən baxılarkən 100-ə qaldırıldı. Buna qədər isə neftin dünya bazarlarında qiyməti 100 dollardan yüksək olduğundan büdcəmiz xeyli gəlir götürülmüşdü.

Ümumiyyətlə, 2011-ci ilin sonunda keçən ilə ölkə üçün gözlənilən iqtisadi proqnozlara və dövlət büdcəsinin tərtibinə düzgün yanaşıldığına, xüsusən də neftin qiymətinin 80 dollar götürülməsinə görə, 2012-ci ilin İ yarısında kifayət qədər gəlir əldə edildi. Ona görə, keçən ilin də may ayında ölkənin əsas maliyyə sənədinə dəyişikliklər edildi.

Əlbəttə bu, müsbət cəhət sayılmasa da, hökuməti qeyd olunan addımı atmağa hər dəfə neftin dünya bazarlarındakı qiyməti vadar edib. Belə ki, büdcə neftdən asılı vəziyyətdə tərtib olduğundan, dünya bazarlarında qiymət ölkənin əsas maliyyə sənədində nəzərdə tutulandan kəskin fərqləndiyi zaman başqa çarə qalmır.

Ona görə də ötən şərhimizdə yazmışdıq ki, 2013-cü il üçün neftin qiymətini 100 dollar götürmək düz deyil və bu, risk sayılır. Çünki dünya bazarlarında qiymətin bu il əksinə, enəcəyi gözlənilirdi. Bunu keçən il büdcəyə yenidən baxarkən 80 dolların 100-ə qaldırılmasından sonra sözügedən ilin 2-ci yarısından dünya bazarlarında vəziyyətin dəyişməsi də göstərirdi. Bu baxımdan, ilin I yarısı riskli dövr olduğundan növbəti il üçün neftin büdcədə qiyməti əslində, 60 dollar götürülsə, yaxşı idi.

Ümumiyyətlə, hökumətin bir çox illərdə neftin dövlət büdcəsində müəyyən etdiyi qiymətlər müəyyən suallar yaradırdı. Məsələn, qlobal iqtisadi böhranın özünü kəskin şəkildə göstərdiyi 2009-cu ildə dünya bazarlarında bütün qiymətlər kəskin şəkildə endiyi halda, neftin büdcədə qiyməti 1 barel üçün 75 dollar götürülmüşdü. 2010-cu ildə isə qiymətlərin artacağı ehtimalı aşkar görünsə də, büdcədə qiymət 45 dollara endirildi.

M.Rəhimov cari ilin sonunadək Azərbaycanın dövlət büdcəsində heç bir çətinlik olmayacağını və büdcəyə yenidən baxılmayacağını deyib. Ancaq sual olunur: qiymət enişinin 100 dolları keçməyəcəyinə zəmanət varmı?
Şübhəsiz ki, yox...

Məsələ bundadır ki, dünya bazarlarında neft də daxil olmaqla, bir çox xammal məhsullarına təlabatın azalması prosesi başlanıb. Belə bəyanatla ABŞ-ın aparıcı investitsiya banklarından Goldman Sachs da çıxış edib. Bank 2013-cü il üçün “Brent” neftinin orta qiymətinin 1 barel üçün 105 dollar olacagını bəyan edib. Hesabatda qeyd edilir ki, növbəti bir neçə ay ərzində “Brent” neftinin qiyməti 100 dollar civarında olacaq. Bankın analitikləri hesab edirlər ki, buna səbəb Çin iqtisadiyyatında artım templərinin zəifləməsidir. Odur ki, qiymətin 100 dollardan da aşağı düşəcəyi istisna deyil.

Lakin bir məqam var ki, Azərbaycanda neftin dövlət büdcəsində müəyyən edilən qiyməti, əslində, formal xarakter daşıyır və bu sahədə ifadə olunan rəqəm büdcəyə səmərə və zərər nöqteyi-nəzərindən ciddi əhəmiyyət kəsb etmir. Buna səbəb isə Dövlət Neft Fondundan (DNF) transfertin büdcə gəlirlərində mühüm rol oynamasıdır. Xatırladaq ki, cari ilin dövlət büdcəsinə DNF-dan transfert 11 milyard 350 milyon manat təşkil edəcək ki, bu da gəlirlərin 59,2%-inə bərabərdir. Belə olan vəziyyətdə qiymət enişindən “təlaşa düşməyə” dəyərmi?

Ən pis halda, bəzi investisiya layilərinin maliyyələşdirilməsi dayandırıla bilər ki, bu da ciddi məna kəsb etmir. Ancaq narahatedici bir məqam da var. O da bundan ibarətdir ki, ölkədə hasilat da azalır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-mart ayları ərzində Azərbaycanda neft və əmtəəlik təbii qaz hasilatının həcmi ötənilin eyni dövrü ilə müqayisədə xeyli azalıb. Belə ki, hesabat dövründə ölkədə 10,8 milyon ton neft və 4,4 milyard kubmetr əmtəəlik təbii qaz hasil edilmişdir ki, bu da ötənilin eyni dövrünə nisbətən neft üzrə 4,4, əmtəəlik təbii qaz hasilatı üzrə isə 4,3% az təşkil edir.

Ümumiyyətlə, hesabat dövründə mədənçıxarma sahəsində ötən illə müqayisədə məhsul istehsalı 3,8 % azalıb. 2013-cü ildə Azərbaycanda neft hasilatı 43,2 milyon ton, təbii qaz hasilatı isə 28,8 milyard kubmetr proqnozlaşdırılıb. Sözün qısası, neft amili Azərbaycanın büdcəsi üçün hər cəhətdən əhəmiyyətini itirməkdədir. Problem heç də təkcə, onun dünya bazarlarındakı qiymətində deyil...



Pərviz Heydərov

İqtisadi İnkişaf Nazirliyinin
İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun
“Makroiqtisadi tədqiqatlar” şöbəsinin baş mütəxəssisi



Teqlər:  





Xəbər lenti