İlon Maskın şirkətində rusiyalı milyarderin payı tapılıb

İlon Maskın şirkətində rusiyalı milyarderin payı tapılıb
  30 Yanvar 2025    Oxunub:462
Hətta Donald Trampın ilk prezidentliyi dövründə tətbiq edilən sanksiyalara məruz qaldıqdan sonra belə rusiyalı senator və milyarder Süleyman Kərimov trast (etibarnamə) vasitəsilə İlon Maskın “SpaceX” şirkətində paya sahib olub.
AzVision.az xəbər verir ki, mənbələrə istinad edən “Bloomberg” agentliyinin yazdığına görə, Kərimov 2017-ci ildə yaradılan və Delaverdə yerləşən “Heritage Trust” şirkəti vasitəsilə ABŞ-nin iki keçmiş yüksək vəzifəli məmuru da daxil olmaqla “SpaceX”-də səhmlərə yiyələnib. Onların dediyinə görə, trastın ilkin həcmi “SpaceX”-in təxminən 1%-nə bərabər olub.

“Süleyman Kərimov 2018-ci ilin aprelində Oleq Deripaska, Viktor Vekselberq və digər milyarderlərlə birlikdə ABŞ sanksiyalarına məruz qalıb. “Heritage Trust”ıı idarəçiliyi ilə məşğul olan və bununla bağlı ABŞ-nin Maliyyə nazirliyinə müraciət edən “Citigroup” şirkəti etibarnamənin və əlaqədar təşkilatların bloklanmasına ehtiyac görməyib”, - “Bloomberg” yazıb.

2022-ci il iyunun sonunda ABŞ-nin Maliyyə nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi “Heritage Trust”-ın o vaxt təxminən bir milyard dollar təşkil edən aktivlərini dondurdu. “Bloomberg” nəşrinin iki mənbəsi bildirib ki, həmin vaxta qədər onun “SpaceX”-dəki payı artıq satılmışdı.

“Citigroup” şirkətinin nümayəndəsi məsələ ilə bağlı şərh verməkdən imtina edib. “SpaceX” şirkəti, İlon Mask və Kərimovun özü də “Bloomberg” agentliyinin şərhlə bağlı sorğusuna cavab verməyiblər.

Qeyd edək ki, “Bloomberg” agentliyinin Milyarderlər İndeksinə əsasən, 10,7 milyard dollarlıq sərvətə malik olan 58 yaşlı Süleyman Kərimov ən varlı ruslar siyahısında 17-ci, dümyada isə 282-ci yerdədir. 2018-ci ildən ABŞ sanksiyaları altında olan rusiyalı senatora qarşı sonradan Avropa İttifaqı (Aİ) da qarşı sanksiyalar tətbiq edib.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Mask   Kərimov   səhmlər  





Xəbər lenti