Yüksək çinli məmurların gəzdiyi bahalı maşınlar...

Yüksək çinli məmurların gəzdiyi bahalı maşınlar...
  27 Sentyabr 2014    Oxunub:18618
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədovun göstərişinə əsasən, bu ölkənin məmurları qara “Mercedes-Benz Е 300” markalı avtomobillərdən ağ rəngli “Mercedes”-lərə keçməli olacaqlar.

Artıq prezidentin göstərişinin icrasına başlanılıb və ölkəyə 160 ədəd ağ “Mercedes” gətirilib. Məmurların bir çoxu maşınları yeniləsə də, prosesin başa çatması üçün əlavə avtomobillərə ehtiyac var. Bu təklifi verən Türkmənistan prezidentinin özü son vaxtlar ağ avtomobildən istifadə edir. Rəng dəyişmənin səbəbi barədə heç bir məlumat verilmir.

Türkmən məmurlar bahalı “Mercedes”lərdən, bəs bizim məmurlar hansı markalı xidməti avtomobillərdən istifadə edirlər?

Ekspertlər bildirir ki, Azərbaycanda vəzifəli şəxslərin xidməti avtomobillərinin qiyməti 80 mindən 200 min avroyadək dəyişir. Ötən il Azərbaycanın rayon və şəhər icra hakimiyyəti başçılarına yeni avtomobillər verilib.

Belə ki, icra başçılarına Almaniya istehsalı olan son model BMW-lər paylanılıb. Bu xidməti avtomobillərin dəyəri 100 min manatdan bahadır. İcra başçıları yeni avtomobilləri alandan sonra köhnə xidməti maşınlarını birinci müavinlərinə veriblər.

Bizdə əksər hallarda dövlət komitələrinin və nazirlərin də xidməti avtomobilləri “BMW 750”dir.

Amma onların bəziləri dövlətin ayırdığı xidməti avtomobillərdən çox şəxsi avtomobilindən istifadə edirlər.

Milli Məclisin komitə sədrləri üçün də yeni avtomobillər alınıb. 11 komitə sədrinin xidməti avtomobilləri “Mercedes E-Class”dır.

Avtomobillər artıq iki ildir ki, komitə sədrlərinə xidmət göstərir. Onların əvvəlki xidməti avtomobilləri “Nissan Maxima” olub. Həmin avtomobillər 7 il əvvəl alınıb və artıq istifadə müddəti başa çatdığındna yenisi ilə əvəzlənib.

Komitə sədrlərinin istifadəsinə verilən “Mercedes E-Class” markalı avtomobillərinin qiyməti 70-100 min ABŞ dolları arasında dəyişir. Milli Məclisin digər üzvləri isə özlərinə məxsus müxtəlif markalı xarici avtomobillərdən istifadə edirlər.

Bundan əlavə son vaxtlar Azərbaycanın dövlət orqanlarının və şirkətlərinin rəhbər şəxslərinin xidməti avtomobilləri arasında Almaniya istehsalı olan Audilərin sayı artır. Bunu yollarda da aydın müşahidə etmək mümükündür.

Audi avtomobillərinin ölkəmizdə rəsmi distribyutoru olan “European Cars” şirkətindən Marketinq meneceri Əli Əhədov bildirib ki, dövlət orqanlarında və şirkətlərində Audilərin sayının artması təkliflərinin rəqiblərdən daha əlverişli olması ilə bağlıdır.

Belə ki, “SOCAR-ın bütün rəhbər şəxslərinin xidməti avtomobilləri Audi A8 və Audi A6 modelləridir. Daxili İşlər Nazirliyində də rəhbər şəxslər üçün Audilər alınıb. Eyni zamanda, digər dövlət təşkilatları da Audi modellərindən istifadə edirlər”.

Əli Əhədov qeyd etdi ki, “European Cars” şirkəti hər ay dövlət qurumlarına 1-2 avtomobil satır: “Dövlət orqanları xidməti avtomobilləri tender yolu ilə alırlar. Bizim tenderlərdə qalib gəlməyimizin səbəbi təkliflərimizin daha əlverişli olması və avtomobillərin rəhbər şəxslərin ehtiyaclarına cavab verməsidir. Məsələn, A8 modeli tam təchizatlı avtomobildir”.

Şirkətin Marketinq meneceri qeyd etdi ki, A6 modelinin satış qiməti 46500-69500 manat, A8 modelinin qiyməti isə orta hesabla 156 min manatdır: “A8 modelinin qiyməti 135 min manatdan başlayır və 200 min manata qədər çıxır. Bu modelin orta təchizatlı versiyasının qiyməti təxminən 150 min manatdır”.

Qeyd edək ki, Almaniyanın Audi şirkətinin istehsalı olan avtomobillər uzun illərdir Azərbaycanda satılır. Əvvələr bu markanı yerli bazarda “Kres GMBH” şirkəti təmsil edib. Lakin şirkət satışları artırmağı bacara bilmdiyindən 2012-ci ilin sonlarına yaxın rəsmi distribyutorluq səlahiyyəti “European Cars” şirkətinə verilib.

Xatırladaq ki, dünyanın bir neçə ölkəsində İtaliyada, Fransada, Çində məmurlar yalnız yerli istehsal olan avtomobillərdən istifadə edir. Ölkə başçısı daxil olmaqla bütün məmurlar yerli istehsaldan olan avtomobillərdən istifadə etməlidir. Dünyanın ən qüdrətli ölkəsi olan ABŞ-da da məmurlara mühərrikin həcmi böyük olan avtomobillərdən istifadə qadağan edilib. Estoniyada isə məmurların xidməti avtomobilləri xüsusi şirkətlərdən kirayələnir və bunun müqabilində həmin şirkətə ildə 6500, 7000 avro dəyərində vəsait köçürülür. Bu da 5 illik istismar müddəti bitəndən sonra həmin avtomobilin satılması problemini yaratmır. Qonşu Türkiyədə də büdcə zərfi ildə bir dəfə parlamentə təqdim olunarkən orada alınacaq avtomobillərin sayı və qiyməti öz əksini tapır.

Rəsmi statistikadan isə məlum oldu ki, 2006-cı ildən 2011-ci ilədək xidməti avtomobillərin alınmasına dövlət büdcəsindən 400 milyon manat vəsait xərclənib.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  





Xəbər lenti