Məmmədyarov jurnalistlərə hirsləndi: “Avropanın arxasında gizlənməyin...”

“Azərbaycanı insan haqlarının pozulmasından ittiham etməzdən əvvəl mən avstriyalı jurnalistlərə məsləhət görərdim ki, regionun digər ölkələrindəki, hətta Avropadakı vəziyyətlə tanış olsunlar. Avropa İttifaqının fundamental prinsiplərindən biri qanunun aliliyinə hörmət etməkdir. Əgər jurnalist başqa ölkənin ərazisinə qanunsuz daxil olursa bu, qanunun pozulmasıdır” deyə o, Avstriyanın “Die Presse” qəzetinin əməkdaşı Yutta Bauerin Azərbaycana buraxılmamasını şərh edərkən bildirib.
Yutta Bauer Avstriya xarici işlər nazirini Cənubi Qafqaz regionuna səfərdə müşaiyət edirdi. O, 2011-ci ildə Ermənistan üzərindən Dağlıq Qarabağa səfər etdiyi üçün Bakıya buraxılmayıb. Avstriyanın yaşıllar hərəkatının lideri, Avropa Parlamentinin vitse-prezidenti Ulrike Lenarçek bu məsələni Azərbaycanda KİV azadlıqları kontekstində gündəmə gətirərərək xarici işlər nazirini Bakıya səfərdən imtina etməyə çağırmışdı.
Məmmədyarov bildirib ki, jurnalistin Bakıya buraxılmaması onun Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa səfər etməsi ilə əlaqəlidir və burada başqa motivlər axtarmaq düzgün deyil. “Siz başqa ölkələrin qanunlarına hörmət etməlisiniz və Avropa institutlarının arxasında gizlənməməlisiniz” deyə Məmmədyarov bildirib.
Qeyd edək ki, Sebastyan Kurtz bundan əvvəl İrəvanda səfərdə olarkən Azərbaycanda insan haqlarının pozulduğu haqda danışmışdı. Bakıda onu xarici işlər nazirindən sonra prezident İlham Əliyev də qəbul edib
Teqlər: