Yasdan sonra toy qadağası: şadlıq evləri narazıdır

Bu məhdudiyyətin təkcə yaslara yox, toy mərasimlərinə də tətbiq ediləcəyi təklif olunur. Burada məqsəd israfçılığın qarşısını almaqdır.
Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov yas mərasimlərindən sonra toylara da bəzi məhdudiyyətlərin qoyulacağını bildirib.
“Bütün bunların qarşısı alınmalı idi. Hələ bir qədər gecikdirilib. Bundan sonra toylara keçmək lazımdır. Belə ifrat dərəcədə toy da ola bilməz. Toy mərasimləri də ailə xoşbəxtliyinə deyil, restoran müdirlərinə işləyir.
Təbii ki, toy mərasimlərində də tənzimlənən qiymətlər qoyulmalıdır. Hər kəs fərqli qaydada qidalanır, biri pəhriz saxlayır, digəri ət yemir. Hər kəsə istəyi ilə təklif edilsə, qiymətlərdə tənzimləmə prosesi gedəcək”-deyə deputat toy mərasimlərinin dövlət nəzarətinə alınacağının anonsunu verib.
Bəs, bu təklifi şadlıq evi sahibləri necə qarşılayır? Məhdudiyyətlər tətbiq olunarsa, bu, onların işinə hansı formada təsir edəcək?
AzVision.az-ın əməkdaşı şəhərin məşhur restoranlarından bir neçəsinin adı çəkilən təkliflə bağlı mövqeyini öyrənib.
“Movida plaza” şadlıq evinin administratoru toy mərasimlərinə məhdudiyyət qoyulması təklifini dəstəkləyir. Hesab edir ki, yas mərasimləri kimi toy süfrələrinə də məhdudiyyət qoyulmalıdır:
“Bizdə hələ ki, heç bir məhdudiyyət yoxdur, ona görə də dəqiq bir söz deyə bilmərəm”.
“Ay işığı” şadlıq evinin administratoru isə vurğulayıb ki, onlar heç bir israfçılığa yol vermədiyinə görə, bu restoranda toy süfrəsinə məhdudiyyətlər qoymağa ehtiyac yoxdur:
“Çörəyi də az-az, yeyildikcə veririk. Biz çalışırıq ki, israfçılığa yol verməyək”.
“Kolizey” şadlıq evinin nümayəndəsi mövzuyla bağlı fikrini açıqlamaq istəməyib.
O vurğulayıb ki, əgər hansısa məhdudiyət qanuniləşərsə, onlar da bunu tətbiq edəcəklər.
“Niaqara” şadlıq evinin administratoru Elşad Rəsulov isə bu fikirdədir ki, məhdudiyyətlərin tətbiqi mümkün olmayacaq, çünki süfrədəki təamların sayını və çeşidini toy sahibləri seçir:
“Bunu biz müəyyən etmirik. Toy yiyəsi desə ki, mənə təkcə konfet ver, biz də konfet verəcəyik. Bu bizdən asılı olan hal deyil. Həmişə olmuş ənənədir, ona görə də bunu yığışdırmaq asan məsələ deyil”.
“Hollivud” şadlıq evinin adminstratoru isə fərqli düşünür.
“Yemək zibilliyə tullanır? Kim nə istəyirsə, onu da yeyir. Camaatın yemək yeməyinə məhdudiyyət qoymaq olar?”.
Fatimə Kərimli