Konstitusion dəyişiklər, yoxsa, Sarkisyan adlı aktyorun tamaşası - TƏHLİL

Konstitusion dəyişiklər, yoxsa, Sarkisyan adlı aktyorun tamaşası - TƏHLİL
  10 Sentyabr 2014    Oxunub:3313
Ermənistanda söz-söhbəti hələ bir il əvvəl başlamış konstitusion islahatların müzakirəsi prosesi davam edir.

Bir neçə ay əvvəl, aprelin 10-da Ermənistanda konstitusion islahatlarla bağlı xüsusi komissiyanın üzvləri ilə görüşən prezident Serj Sarkisyan bəyan etdi ki, daha birdə prezidentliliyə namizədliyini irəli sürməyəcək. Hələ ötən ilin payızında hakim Respublika Partiyasının (RP) bəzi təmsilçiləri Sarkisyanın bu qərarının arxasında gizlənən bir neçə variantı istisna etmirdilər:

- 2017-ci ildə Milli Məclis seçkilərindən sonra parlament sistemi üsul idarəsinə keçid

- hazırki prezidentin adının RP-nin proporsional siyahısının başında olması, yəni əgər seçkilərdə RP qalib gələrsə, Sarkisyan baş nazir seçilə və Ermənistanı bu statusda idarə edə bilər.

Ermənistanın Konstitusiya islahatı layihəsi hələ də baxılma mərhələsindədir. Prezident Yanında Konstitusiya İslahatları Üzrə Xüsusi Komissiyanın (KİXK) rəhbəri Qaqik Arutyunyanın sözlərinə görə, konstitusiya islahatları üzrə referendum 2016-cı ildən tez keçirilə bilməz.

Hazırki məqamda Ermənistanın daxili siyasətinin əsas problemi konstitusiyaya düzəlişlər məsələsidir. Ölkənin digər aktual problemləri kimi burada da iqtidar -müxalifət qarşıdurması mövcuddur. Əgər iqtidar konstitusiyaya düzəlişləri qaçılmaz hesab edir və hazırki konstitusiyanın icraedici hökumətin işinə mane olduğunu düşünürsə, müxalifət ilk növbədə “Erməni Milli Konqresi” ,

“Çiçəklənən Ermənistan” və “İrs” partiyalarının simasında tamamilə əks mövqe nümayiş etdirir. Müxaliflər yaxşı bilirlər ki, dəyişikliklər olmadan Serj Sarkisyanın qarşıdakı prezident seçkilərində iştirak etmək hüququ yoxdur. Sarkisyan namizədliyini irəli sürməyəcəyini bəyan etsə də, onun baş nazir olacağı ehtimalı müxalifəti narahat edir.

“Sarkisyana inanmaq olmaz. Baxın, əvvəlcə Avropa İttifaqı ilə danışıqlar apardı, sonra üzünü Gömrük İttifaqına tutdu. İndi də Rusiya imperializminin yolu ilə gedir ”-deyə, bu gün prezident aparatının qarşısında Sarkisyanın əleyhinə oturaq aksiya keçirən müxalifət lideri Paruyr Ayrikyan Sarkisyanın Rusiya prezidenti Vladimir Putinin siyasətini yürüdərək ölkəni baş nazir qismində idarə etmək niyyətində olduğunu bildirir.

“Qeyri-legitim, konstitusiyaya zidd qaydada seçilən hakimiyyət olan yerdə, hansı islahatlardan danışmaq olar?!” –deyə “İrs” partiyasının lideri Raffi Ovannesyan Ermənistanda Konstitusiya islahatlarına etirazlarının əsas səbəbini açıqlayıb.

Qeyd etdiyimiz 3 müxalifət partiyasından fərqli olaraq Daşnaksutyun Partiyasının mövqeyi Ermənistan həqiqətlərini, Sarkisyan diktaturasının iç üzünü daha da açır. Bu partiyanın deputatlarından olan Artsvik Minasyanın fikrincə, müxalifətin Sarkisyan və onun “dəyişiklikləri” əleyhinə çıxması mənasızdır. “Əgər Ermənistanda hakimiyyət nə isə etmək istəyirsə deməli edəcək, bu hazırki Konstitusiyaya zidd olsa belə istədiyini həyata keçirəcək, özümüzü boş yerə yormağın mənası yoxdur. Praktika da bunu göstərir, bu kimi halların dəfələrlə şahidi olmuşuq . Konstitusiyaya dəyişiklik etməkdə iqtidarın məqsədi, real mübarizəni basdırıb elə iqtidarda qalmaqdır. Bizimsə üzərimizə düşən konstitusiyaya dəyişikliklərə etiraz etmək deyil, dəyişiklərdən istifadə edərək Sarkisyana mane olmaqdır.”

Bəli, həqiqətən də Ermənistan prezidenti Serj Sarkisyan konstitusiya islahatlarını bəhanə edərək öz hakimiyyətini əbədiləşdirmək niyyətindədir. Aydındır ki, Serj Sarkisyanı hazırda iki şey maraqlandırır – hakimiyyətdə qalmaq; iqtisadiyyata və maliyyə axınına nəzarət etmək. Görünür ki, konstitusiyaya dəyişiklərin əsl səbəbini elə burada axtarmaq lazımdır.

Əslində Serj Sarkisyan yaxşı dərk edir ki, 2018-ci ilədək, yəni prezident səlahiyyətləri bitənə kimi, gələcək müqəddəratını həll edə biləcək məsələləri bəri başdan öz yoluna qoymalıdır. Bu gün hazırki rejim tərəfindən hakimiyyəti qoruyub saxlamaq üçün “yüksək texnologiyanın” varlığına, ölkədə siyasi və iqtisadi monopoliyanın hakim Respublika Partiyasının əlində olmasına baxmayaraq, rejimin, ilk növbədə isə Sarkisyanın qarşısında çox ciddi bir maneə dayanır. Həmin maneə Sarkisyana prezident postuna ardıcıl olaraq 3-cü dəfə namizədliyini irəli sürməyə qoymayan Konstitusiyadır. Qanuna söykənən məhz belə bir güclü maneə Respublika Partiyasının və onun liderinin əbədi hakimiyyətinin sonu ola bilər.

Yeni dəyişikliklərə əsasən Ermənistan prezident-parlament respublikası olmalıdır, belə halda ölkədə siyasəti prezident yox, səlahiyyətlərinin artırılması nəzərdə tutulan baş nazir müəyyən edəcək. Bu baxımdan çox güman ki, Serj Sarkisyan baş nazir və ya ən uzağı parlament sədri olmaq niyyəti güdür. Digər tərəfdən isə hazırki prezident yalnız Respublika Partiyasının baş katibi postu ilə qane ola bilər ki, bu da məhz ona ölkəni sözdə deyil, işdə idarə etmək hüququ verəcək.

Sovet dövründən qalma partiyanın “baş katibi” terminini yenidən dövriyyəyə buraxılması belə deməyə əsas verə bilər ki, RP lideri Ermənistanda birpartiyalı neobolşevik modeli qurmağa çalışır, konstitusiyaya dəyişikliklər isə bu məqsədlə istifadə olunan ən yaxşı silahdır.

Lakin çətin ki, bir qayda olaraq ciddi addımlar atmaqdan çəkinən Serj Sarkisyan ölkəni birpartiyalı sistemə aparmaq fikrində olsun. Kimlərinsə yerişini yeriməyə çalışaraq addımlar atması ondan xəbər verir ki, o, bir zamanlar sosialist düşərgəsi ölkələri - ADR, Polşa, Bolqarıstan və başqalarında mövcud olmuş psevdo-plüralist partiya sistemini seçəcək, yəni formal olaraq bir neçə partiyalar mövcud olsa da, ölkəni bir partiya idarə edəcək.

Bəzi müşahidəçilər hesab edirlər ki, konstitusion dəyişikliklər yolunu seçməklə, Serj Sarkisyan təkcə hakimiyyət müddətini uzatmaq məsələsini həll etmiş olmur, o, həm də hökumət daxilində mərkəzdənqaçma proseslərini yoluna qoymağa çalışacaq.

Bu, həm də Sarkisyanın digər mümkün namizədlərə bir mesajıdır. Serj demək istəyir ki, hakimiyyət piramidasının zirvəsini heç kimə verməyəcək. Lakin S. Sarkisyanın yaxın ətrafı gözlənilən islahatları o qədər də müsbət qiymətləndirmir.

Bu arada, əsas qanuna dəyişikliklər həm də Serj Sarkisyanın “Varis” əməliyyatının məğzini təşkil edir. “Varis” əməliyyatına gəlincə, bir tərəfdən hazırki prezident ya ətrafındakılardan heç kimə güvənmir ki, onun hələ də siyasi varisi yoxdur, ya da “sonuncu” rolunda yalnız özünü görür. Sarkisyanın ətrafında hər zaman hakimiyyət uğrunda mübarizə gedib və o hər dəfə sudan quru çıxıb, varis məsələsinə gələndə isə hər dəfə məlum olub ki, uyğun namizəd yoxdur. Qeyd etmək lazımdır ki, potensial namizəd qismində uzun müddət Sarkisyanın kürəkəni , Ermənistanın Vatikandakı səfiri, erməni mətbuatın 90 faizinə nəzarət edən mediamaqnat Mikael Minasyanın adı hallanıb.

Minasyanı varis təyin etmək üçün Sarkisyan hər şeydən əvvəl onu hansısa bir yüksək vəzifəyə təyin etməli idi, lakin bunu etmədi, ya da ermənilərin ayağa qalxmasından qorxub risk etməkdən çəkindi.

Bəziləri belə güman edirlər ki, Sarkisyanın varisi baş nazir Ovik Abramyan da ola bilər. Amma Sarkisyanın Abramyanı hökumət başçısı postuna təyin etməsi məcburiyyətdən doğulmuşdu. Məqsəd bir idi: ona görə ki, Abramyan, Sarkisyanın yaxını Qaqik Sarukyanı və onun rəhbərlik etdiyi Çiçəklənən Ermənistan Partiyasını koalisiyaya gətirsin. Lakin baş nazir bunu etməyə imkan tapmadı.

Bəzi ekspertlər varis kimi prezident aparatının rəhbəri Vigen Sarkisyanı varis kimi görsələr də, Sarkisyan yenə də açıqlamaq istəmədiyi səbəblərdən onunla bağlı qərar qəbul etmək istəmədi.

Beləliklə “Varis” əməliyyatının baş qəhrəmanı konstitusiyaya dəyişikliklər ideyasının müəllifi Serj Sarkisyan olaraq qalır. Bəs görəsən Sarkisyanın belə bir çətin layihəni həyata keçirməyə gücü çatacaqmı, onun kifayət qədər resursları varmı?! Üstəlik onun ətrafındakılar bu qərarını müəmma ilə qarşılayırlar və ya anlaşılmaz olduğunu bildirirlər. Əgər Sarkisyan “bax bu mənəm, bu da mənim siyasi varisimdir” formulundan istifadə etsəydi, onda kriminal-oliqarx sistemi üçün nisbətən ağlabatan olardı.

Bir vaxtlar Robert Koçaryan da məhz bu formuldan istifadə etmişdi. Onda hər kəsə bəlli idi ki, onun siyasi varisi sistemdə ikinci adam, Serj Sarkisyan olacaq. Sadəcə Koçaryanın layihəsinin ikinci hissəsi – RP rəhbəri vasitəsi ilə hakimiyyətə baş nazir qismində qayıtmaq planı uğursuz oldu. Məlum oldu ki, Koçaryanın hakimiyyətə yenidən qayıtmaq məqsədilə yaratdığı Respublika Partiyası artıq onun nəzarətindən çıxıb, üstəlik müxalifətin bir hissəsinə çevrilib. Fakt fakt olaraq qalır, Respublika Partiyası bu gün də büdcə və hökumətin digər proqramları ilə bağlı bütün vacib məsələlərə münasibətdə müxalif qüvvə kimi çıxış edir, müxalifət kimi səs verir. Bəzi marjinal siyasətçilər RP-nin hər zaman hakimiyyətin tərəfində olduğunu iddia etsələr də, məhz səsvermələrin nəticələri RP-nin siyasi mövqeyini ortaya qoyur. Məlum olur ki, Ermənistanın hakim partiyası heç də hakimiyyətin tərəfində deyil.

Nə isə, qayıdaq Sarkisyanın layihəsinə, ən əsası isə resurslar məsələsinə. Məsələ burasındadır ki, Sarkisyan hakimiyyətinin əbədiləşdirilməsi məqsədi güdən konstitusion dəyişikliklər layihəsinin reallaşdırılması yolunda ciddi problemlər yaranıb. Sözügedən dəyişiklikləri referenduma çıxarmazdan əvvəl, Serj Sarkisyan dəyişiklər paketini Milli Məclisə çıxarmalıdır. Lakin çətin ki, Sarkisyan bunu edə bilsin. Çünki, dəyişiklər paketini qəbul etdirmək üçün o, lazımi səsi toplaya bilməyəcək. Sarkisyan, 3/2 faiz səs toplamalıdır. Yaxud nəzərə alsaq ki, Ermənistan Parlamentində 131 deputat var, 80-dən çox millət vəkilinin səsini qazanmalıdır. Ancaq Ermənistan parlamentində Sarkisyan hakimiyyətini dəstəkləyənlərlə, ona qarşı olanların sayı 50-50 nisbətindədir. Parlamentdə Hakim Respublika Partiyasından olan millət vəkillərinin sayı 70 olsa da, onlardan 56-57 deputat Sarkisyanın nəzarətindən çıxıb. Bu isə sözsüz ki, Sarkisyanın işini çətinə salacaq.

Qeyd edək ki, Ermənistanda konstitusiya islahatları konsepsiyasının yekun təqdimatı iyulun 1-dən oktyabrın 15-nə təyin edilib. Konstitusiya İslahatları Üzrə Xüsusi Komissiya bu qərarını daha geniş formatda, eləcə də rayonlarda müzakirələrə ehtiyac olması ilə izah edir. Əslində isə heç bir müzakirə filan aparılmır. Birincisi müzakirələri imitasiya edirlər, cəmiyyəti isə konstitusiyaya dəyişikliklər heç maraqlandırmır. İkincisi isə, komissiya üzvlərinə şoular təşkil etmək, siyasi meydanda hadisələrin inkişaf istiqaməti müəyyən edilənə qədər vaxt uzatmaq üçün xüsusi tapşırıq verildiyi istisna edilmir.

Ermənistanın birinci prezidenti, Erməni Milli Hərəkatının lideri Levon Ter-Petrosyan isə hesab edir ki, “Siyasi güclər əslində Serj Sarkisyana təşəkkür etməlidirlər ki, onların əllərinə konstitusiyaya dəyişikliklər kimi məsləhətli silah verib. Nə qədər güclü olursa olsun, istənilən tiran bir anlıq reallığı unudub çox böyük səhvə yol verir. Sarkisyana gəlincə, onun ən böyük səhvi Konstitusiyaya dəyişiklik etmək cəhdidir” .

Bu gün Ermənistan prezidentinin düşdüyü çətin vəziyyəti nəzərə alsaq, daha dəqiq desək Sarkisyanın Rusiya və Amerika kimi aparıcı oyunçuların dəstəyini, cəmiyyətin etimadını itirdiyi, ölkədə birləşmiş müxalifət olduğu bir vaxtda “əbədi hakimiyyət” layihəsini həyata keçirməsi kifayət qədər müəmmalı bir təşəbbüsdür. Bundan başqa payızda Serj Sarkisyan müxalifətin ciddi qarşıdurması ilə üz-üzə qala bilər. Axı müxalifət “dördlüyünün” hökumət qarşında qaldırdığı pensiyaların artırılması, ictimai nəqliyyatda tariflərin azaldılması, monopoliyanın aradan qaldırılması və s. kimi sayca 12 tələbin müddəti sentyabrda bitir. Odur ki, tələbləri yerinə yetirilməyən müxalifət xalqa müraciət edəcək və onda Ermənistanda aləm biri-birinə dəyəcək.

Bunlarla yanaşı qeyd etmək lazımdır ki, Ermənistanda görüləsi işlər hələ də deklarativ səviyyədə qalıb, çünki ölkədə elə qüvvələr var ki, Konstitusiyadan da yuxarıda dayanır. Ermənilərin əsas problemi qanunlarının yaxşı və ya pis olması, yaxud qeyri –mükəmməl Konstitusiyaları deyil, onların problemi lazımi islahatları həyata keçirməyə qadir olmamalıdır. Guya Konstitusiyaya dəyişikliklər ediləcəkmiş kimi davranışlar əslində gözdən pərdə asmaq kimi bir şeydir. Sarkisyan administrasiyası bu yolla cəmiyyətin diqqətini emiqrasiya və ağır sosial şəraitdən yayındırmaq istəyir.

Səbinə Həsənova
AzVision.az




Teqlər:  





Xəbər lenti